Məhkəmə qərarları › İş №3(001)-4412/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4412/2024

30.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4412/2024 30.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 520-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 iyul 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 14 iyul 2024-cü il tarixdə gecə 00:10 radələrində Binəqədi rayonu, Xocasən dağı adlanan ərazidə yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerdə “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahından atəş açmışdır. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, vətəndaş Şəxs 14 iyul 2024-cü il tarixdə Xocasən dağı adlanan ərazidə, öz evinin yaxınlığında gecə saat 00:10 radələrində özünə məxsus olan ov silahı ilə butulkaya güllə atmışdır. Polis əməkdaşları gecə xidmətində olarkən şəxsi polis bölməsinə dəvət etmişlər. Silahın həmin zaman 4 ədəd patronu olmuş, 1 ədədini istifadə etmiş, qalan 3 patron isə qalmışdır. Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin sahə rəisi, polis mayoru X2 tərtib etdiyi protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 20 gün bundan əvvəl bu silahı qanuni yolla almışdır. Yaşayış məntəqəsi olduğu üçün silahı yoxlanışdan keçirə bilməmişdir, çünki alan kimi evə gətirmişdir. Silah yalnız ov üçündür. Hətta silahı almaq niyyətində olarkən silahı almazdan əvvəl təhlükəsizlik qaydalarını öyrənmək üçün yaşayış evlərindən 3 km aralı dağların zirvəsində ora gedib vəziyyəti müşayiət etmişdir. Bu qərara gəlmişdir ki, burada silahı yoxlasa, səsi kəndə, evlərə getməz, uzaq məsafədədir. Ailəsi rayonda olduğu üçün evi tək qoyub başqa rayona silahı yoxlamağa gedə bilməmişdir. Gündüz isə işdə olduğu üçün axşam dağlarda qayanın arasında gedib orada yerə atəş açaraq yoxlamağa çalışmışdır. Bundan sonra “Opel” markalı avtomobilin işığını görmüşdür. Maşından 2 gənc oğlan düşmüşdür. O yaxınlaşaraq salamlaşsa da, 2 nəfər kobud şəkildə silahı onun əlindən dartıb almışdır. O şəxsləri polis formasında görmədiyi üçün dələduz olmalarından şübhələnib vəsiqələrini göstərmələrini istəmişdir. Vəsiqələrini göstərdikdən sonra polis əməkdaşı olduğunu öyrənmiş, silahı onlara təqdim edib bölməyə gəlmişdir. Hadisə gecə saat 12-də olmuşdur. Həmin ərazidə güllə atmasının qadağan olduğunu bilmədiyini, həmin ərazinin yaşayış məntəqələrindən uzaq, dağlıq ərazidə olduğunu qeyd etmişdir. Törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ov silahının müsadirə edilməməsini və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 14 iyul 2024cü il tarixdə gecə 00:10 radələrində Binəqədi rayonu, Xocasən dağı adlanan ərazidə yaşayış məntəqəsində və xüsusi olaraq ayrılmamış yerdə “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahından atəş açmışdır. 14 iyul 2024-cü il tarixli aktdan görünür ki, Şəxs aşkar edilmiş “Dragon” markalı 19- 1302 nömrəli yivsiz lüləli ov silahı 3 ədəd patronla birlikdə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən təhvil alınaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli 1337 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəxs 12 kalibrli, “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahını saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 520-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materillarına və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 520-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. Bu fakt həm Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-nin aktı, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bliməsinə dair izahatı ilə öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 520-ci maddəsinə əsasən, Yaşayış məntəqələrində və xüsusi olaraq ayrılmamış yerlərdə və ya xüsusi olaraq ayrılmış yerlərdə müəyyən edilmiş qaydanı pozmaqla odlu silahdan atəş açmağa görə silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi əməli etiraf edərək peşmanlıq hissi keçirməsini sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını, habelə ondan aşkar edilərək götürülmüş ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsinə dair icazəsinin olmasını nəzərə alaraq, ona ov silahı və onun sursatı müsadirə edilmədən inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5920-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 12 kalibrli, “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahını, həmin silah üçün nəzərdə tutulan 3 ədəd patronu müsadirə edilməməklə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Binəqədi Rayon Polis İdarəsinin 40-cı PB-də maddi sübut kimi saxlanılan 12 kalibrli, “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahı, həmin silaha üçün nəzərdə tutulan 3 ədəd patron Şəxs qaytarılsın. Qərarın cərimə hissəsində icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə, götürülmüş 12 kalibrli, “Dragon” markalı 19-1302 nömrəli yivsiz lüləli ov silahı, həmin silaha üçün nəzərdə tutulan 3 ədəd patronun qaytarılması hissəsində icrası Binəqədi RPİnin 40-cı Polis Bölməsində həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar