Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4431/2021 23.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X9, zərərçəkmiş şəxslər X1, X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri-190 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 23.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 23.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs övladı X3 X5 və X6 ilə ünsiyyətdə olmasını təmin etməyərək İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli icra vərəqəsinə əsasən 05.06.2018-ci il təvəllüdlü X7 ilə X5 və X2 hər həftənin şənbə günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs şöbəyə dəvət olunaraq izahatı alındığı gün, yəni 10 dekabr 2021-ci il tarixdə tələbin könüllü icrası barədə bildiriş verilmiş Lakin sonuncu barəsində olan icra sənədini icra etməkdən yayınmışdır. İzahatında da icra sənədini icra etməyəcəyini bildirmişdir. Bu səbəblə tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini qeyd edib, məhkəmədən sonuncunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli qətnaməsindən və icra sənədindən heç bir məlumatı olmamışdır. Həmin qətnamədən narazıdır və tərəfindən apellyasiya şikayəti veriləcəkdir. Qətnamənin mövcud olmasından 10 dekabr 2021-ci il tarixdə Binəqədi rayon İcra Şöbəsində olarkən məlumatı olmuş və orada da narazı olduğunu dilə gətirmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X13 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Çünki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli icra sənədi üzrə icra qurumu tərəfindən Şəxs 10 dekabr 2021-ci il tarixdə şöbəyə dəvət olunmuş və həmin tarixdə sonuncuya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. İcra məmuru tərəfindən isə tələbin könüllü icra müddəti bitmədən Şəxs barəsində protokol tərtib edilmişdir. Çünki icra sənədində uşaqla ünsiyyət günü həftənin şənbə günü olaraq müəyyən edilmişdir. Bildirişin verildiyi vaxtdan 10 gün isə dekabr ayının 20-ə təsadüf edir və həmin vaxt həftənin birinci günüdür. İcra məmuru isə həftənin şənbə gününü gözləməmişdir. Bundan başqa onlar sözügedən qətnamədən narazıdırlar və xəbərləri olmadığından ondan şikayət verə bilməmişlər. Yaxın günlərdə həmin qətnamədən şikayət verəcəklər və bu məqsədlə icra sənədinin icrasının dayandırılması ilə əlaqədar məhkəməyə müraciət etmişlər. Ona görə də, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli icra vərəqəsinə əsasən nəvəsi 05.06.2018-ci il təvəllüdlü X7 ilə onun və nənəsi X2 hər həftənin şənbə günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Lakin Şəxs tərəfindən həmin qərarın icrası həyata keçirilmir. Bundan başqa, o, bir il dörd aydır ki nəvəsini görmür və Şəxs nəvəsini ona göstərməyəcəyini bildirir. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6, digər zərərçəkmiş şəxs X5 ilə eyni məzmunlu izahat verərək, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)- 4073/2021 nömrəli icra vərəqəsindən görünür ki, 05.06.2018-ci il təvəllüdlü X7 ilə X5 və X2 hər həftənin şənbə günü saat 18:00-dan saat 20:00-dək ünsiyyətdə olması qərara alınmışdır. 26.11.2021-ci il tarixli qərardan və bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli icra vərəqəsi üzrə icraat başlanaraq, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmiş və sonuncu 10.12.2021-ci il tarixdə bildirişə imza etməklə qəbul etmişdir. 10.12.2021-ci il tarixli izahatdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə dəvət olunaraq izahatı alınmış və sonuncu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli icra sənədindən narazı olduğunu bildirmişdir. 23.12.2021-ci il tarixli qəbzin surətindən görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli qətnaməsini almasına dair 23 dekabr 2021-ci il tarixli qəbz verilmişdir. 23.12.2021-ci il tarixli ərizədən görünür ki, Şəxs məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2(001)-4073/2021 nömrəli qətnaməni 23.12.2021-ci il tarixdə rəsmi qaydada aldığını və həmin qətnamədən apellyasiya şikayəti verəcəyindən icra işinin dayandırılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs sözügedən icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişi 10 dekabr 2021-ci il tarixdə almış və icra sənədini icra etmədiyi üçün barəsində icra məmuru tərəfindən 23 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi, icra sənədi üzrə tələbin könüllü icrası üçün 10 gün müddət bildirişin alındığı vaxtdan keçmiş olsa da, tələbin icra günü şənbə gününə, yəni 25 dekabr 2021-ci il tarixə təsadüf etdiyindən Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlaməti müəyyən edilmir. Bununla da, Şəxs tərəfindən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, eləcə də icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları məhkəmədə təkzib olunur. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 23.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 23.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4431/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4431/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver