Məhkəmə qərarları › İş №3(001)-4436/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4436/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4436/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tərəfindən 23417.86 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 23417.86 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, **********5774 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixdə 17624.50 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Göstərilən bəyannamə ilə Şəxs xx.xx.2023-cü il tarixdə icra olunmuş 23417.86 ABŞ dolları məbləğində olan avans ödənişi qismən bəyan olunmuşdur (avans üzrə açıq qalan hissə 5,793.36 ABŞ dolları təşkil edir). Göründüyü kimi, avans ödənişinin xx.xx.2023-cü il tarixdə icra olunduğunu nəzərə aldıqda mallar ölkəyə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində tutulan 2 (iki) il müddətdən 1 (bir) ay sonra idxal edilməsində Şəxs təqsiri məhkəmə qaydasında müəyyən olunmursa iş üzrə icraata xitam verilməsinə etiraz etməmişlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:

3. xx.xx.2023-cü il tarixli Alğı-satqı müqaviləsindən görünür ki, Şəxs ilə “LİNZHOU DONG LİAN LEAF SPRİNG CO., LTD” şirkəti arasında alğı-satqı müqaviləsi bağlanmışdır.

4. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən “LİNZHOU DONG LİAN LEAF SPRİNG CO., LTD” şirkətinə 23417.86 ABŞ dolları məbləğində ödəniş etmişdir.

5. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli, KB-83/2-141/2025 nömrəli məktubdan görünür ki, Şəxs tərəfindən qabaqcadan ödəniş edilsə də, 23417.86 ABŞ dolları müqabilində mallar ölkəyə daxil olunmamış və ya həmin vəsait geri qaytarılmamışdır.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 23417.86 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 23417.86 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.

7. **********5774 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə xx.xx.2025-ci il tarixdə 17624.50 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. Göstərilən bəyannamə ilə Şəxs xx.xx.2023-cü il tarixdə icra olunmuş 23417.86 ABŞ dolları məbləğində olan avans ödənişi qismən bəyan olunmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 4490/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

9. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

10. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs ilə “LİNZHOU DONG LİAN LEAF SPRİNG CO., LTD” şirkəti arasında xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən "xxxx" ASC vasitəsi ilə “LİNZHOU DONG LİAN LEAF SPRİNG CO., LTD” şirkətinə 23417.86 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs 23417.86 ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürməsi, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 23417.86 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilmədiyindən və ya həmin məbləğdə valyuta vəsaitini xx.xx.2025-ci il tarixədək geri qaytarmadığından Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cəmiyyət barəsində xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, eyni əsasa görə, yəni xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən "xxxx" ASC vasitəsi ilə “LİNZHOU DONG LİAN LEAF SPRİNG CO., LTD” şirkətinə 23417.86 ABŞ dolları məbləğində ödəniş edilməsi əsası üzrə məhkəməyə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi ilə Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4490/2025 nömrəli qərarı ilə cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir.

11. Göründüyü kimi, Şəxs barəsində eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4490/2025 nömrəli ləğv edilməmiş qərarı mövcuddur. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.

13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

14. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

15. İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

16. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

17. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.

18. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır.

19. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi haqqında məhkəmənin ləğv edilməmiş qərarı mövcud olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

20. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs barəsində eyni fakt üzrə inzibati xəta haqqında işə xitam verilməsi haqqında məhkəmənin ləğv edilməmiş qərarı mövcud olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar