Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-444/2022 04.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" MMC-də mağaza müdiri işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi,ev 203A ünvanında qeydiyyatda olmaqla yaşayan,xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində, 04.02.2022-ci il tarixdə polis əməkdaşları ilə kobud rəftar edib nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamağa görə, İXM-in 510-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X3 izahat verərək bildirmişdir ki, polis əməkdaşları 04.02.2022-ci il tarixdə, saat 10:30-da xidmətdə olduqları zaman Baksol yolu adlanan yerdə “Mebel aksessuarları” adlanan mağazanın qarşısında küçə ticarəti olduğunu görmüşlər və həmin yerə yaxınlaşaraq obyekti işlədən şəxsə yaxınlaşıb, işin qanunsuz olduğu izah edilmişdir. Həmin şəxs onlara qarşı aqressiv hərəkətlər etmişdir. Bundan sonra həmin şəxs PŞ-nə dəvət olunmuşdur. Şöbədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Eyni zamanda onun barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Nizami küçəsi,ev 203A ünvanında ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMC-də mağaza müdiri vəzifəsində çalışır. 04.02.2022-ci il tarixdə, səhər saat 10 radələrində mağazada müştərilərlə olarkən içəriyə bir nəfər polis əməkdaşı daxil olmuş və barmağını ona tərəf uzadaraq küçəyə çıxmasını və avtomaşında əyləşən komandirə yaxınlaşmasını bildirmişdir. Bundan sonra polis əməkdaşı onu maşına oturmağa dəvət etmiş, daha sonra maşından daha bir polis əməkdaşı düşmüş və onu hədələməyə başlamışlar. Bundan sonra isə o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermiş və könüllü olaraq maşına əyləşərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 4-cü PŞnə gəlmişdir. Bölmədə izahatı alınmış və barəsində İXM-in 510-cu maddəsi ilə protokol tərtib olunmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən heç bir xuliqanlıq hərəkətləri törədilməmiş, ictimai qayda pozulmamışdır. Sadəcə olaraq DİN-nin 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarının hərəkətlərindən narazı olduğunu bildirmişdir. Ona görə də, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, 04.02.2022-ci il tarixdə, saat 10:30-da xidmətdə olduqları zaman Baksol yolu adlanan yerdə “Mebel aksessuarları” adlanan mağazanın qarşısında küçə ticarəti olduğunu görmüş və həmin yerə yaxınlaşaraq obyekti işlədən şəxsə yaxınlaşıb, işin qanunsuz olduğunu izah etmişdir. Həmin şəxs onlara qarşı aqressiv hərəkətlər edərək, onları təhqir etmişdir. Bundan sonra həmin şəxs 4-cü PŞ-nə dəvət olunmuşdur. Şöbədə həmin şəxsin Şəxs məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, hadisə baş verən zaman mağazada otaqda olmuşdur. Şəxs polis işçiləri barmaqla işarə edərək küçəyə çağırmışlar. Küçədə səs-küy olmuş, uca səslə danışıqlar olmuşdur. Amma heç bir nalayiq ifadələr işlənilməmiş, əl qol hərəkətlərini görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04.02.2022-ci il tarixli raportdan görünür ki, Şəxs Baksol yolu adlanan yerdə “Mebel aksessuarları” adlanan mağazanın qarşısında səs-küy salmış, nalayiq ifadələr işlətmiş və buna görə də, Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Şəxs barəsində tərtib edilmiş 04.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə həyata keçirilir. Şəxs oğlunun əməlində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və bununla da, hər hansı xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 04.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-444/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-444/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver