Məhkəmə qərarları › İş №3(001)-4453/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4453/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4453/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi X4 iştirakı ilə, X6 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində idarə etdiyi Chevrolet markalı ** XO *** DQN-li avtomobil ilə X17 küçəsindən dönmə işığını yandıraraq Ağamalıoğlu küçəsinə dönmə əməliyyatını icra edən zaman arxadan gələn **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 Qanununun 51-ci maddəsinin tələblərini pozaraq yol ayrıcında ötmə və sağdan keçməli olduğu zaman qarşı tərəf hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra edərək yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə Binəqədi DYPŞ-nin Həsənli Şəhriyar adlı əməkdaşı yaxınlaşmış, qarşı tərəfin izahatı alınmadan, hansısa maraqlara əsasən hadisəyə səbəbkar və günahkar olan sürücüyə deyil, İXM-nin 101-ci maddəsinin tələblərini pozaraq ona İXP ******* saylı protokol tərtib etmiş və TP ******* saylı qərar qəbul etmişdir. Qeyd edilən hal ilə bağlı Binəqədi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 3(001)-2258/2024 saylı qərarına əsasən Binəqədi DYPŞ tərəfindən çıxarılmış qərara xitam verilmişdir. İnzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, inzibati orqanın iş üzrə natamam araşdırma aparıldığı müəyyən edilərək, digər iştirakçısı X7 izahatı natamam alınması, yol-nəqliyyat hadisəsinin sxemində hadisənin toqquşma anı qeyd edilsə də real hadisənin baş vermə mezanizmi göstərilməmiş, həmçinin hadisənin baş vermə mexanizmi inzibati xəta haqqında protokolu tərtib edən inzibati orqanın səlahiyyətli nümayəndəsi tərəfindən dəqiq müəyyən edilməmiş və bununla da inzibati orqan tərəfindən natamam araşdırma aparıldığı müəyyən edilmişdir. İnzibati orqan tərəfindən hətta hadisə baş verən küçənin adı belə düzgün qeyd edilməmişdir, hadisə sxemi düzgün tərtib edilməmişdir. Məhkəmə tərəfindən çıxarılan qərara əsasən işin yenidən araşdırılması Binəqədi DYPŞ-yə göndərilmişdir. Binəqədi DYPŞ əməkdaşları tərəfindən heç bir əlavə araşdırma aparılmadan, sürücülərin izahatları alınmadan, hadisənin real baş verdiyi küçəyə getmədən və baxmadan, hansısa maraqlara əsasən yenidən TP ******* saylı qərar çıxarılmış və ali orqanın çıxartdığı qərara hörmətsiz yanaşılmışdır. Bununla bağlı təkrar Binəqədi məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixində 3(001)-3500/2024 saylı qərara əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilmişdir. Binəqədi DYPŞ əməkdaşı tərəfindən təkrar məhkəmə qərarına hörmətsizlik edərək, heç bir əlavə araşdırma aparmadan, hansısa maraqlara əsasən ona yenidən TP ******* saylı qərar çıxartmışdır. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi X8 bildirmişdir ki, 24 fevral 2024-cü il tarixdə oğlu X10 idarə etdiyi 77XO495 dövlət qeydiyyatlı nişanlı “Chevrolet” markalı avtomobil ilə Binəqədi rayon ərazisində X17 küçəsindən Ağamalı oğlu küçəsinə dönmə işığını yandıraraq sola dönmə əməliyyatını icra edən zaman arxadan gələn **-AK-*** dövlət qeydiyyat nişanlı “Hundaı” markalı avtomobilin sürücüsü X14 qanunun 51-ci maddəsinin tələblərini pozaraq yol ayrıcında ötmə əməliyyatı icra etmişdir. Eyni zamanda sağdan keçməli olduğu halda əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı icra etmiş və nəticədə toqquşma baş vermişdir. Həmin an özü də oğlunun idarə etdiyi avtomobildə olduğu üçün hadisənin canlı şahidi olmuşdur. Sürücü avtomobili saxlamayaraq hərəkətinə davam edərək qarşıdan Davudoğlu küçəsinə dönmüşdür. Onlar da məcbur onun arxasınca getmiş və irəlidə tıxaca düşdükləri üçün o, avtomobildən düşərək piyada olaraq həmin maşının arxasınca getmişdir. **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə çatıb həmin avtomobili saxladaraq 102 xidmətinə xəbər vermişdir. Həmin vaxtı 5 dəfə 102 qaynar xəttini yığmışdır. Təxminən bir saatdan sonra polis əməkdaşı həmin nəqliyyat vasitəsini saxlatdığı Davudoğlu küçəsinə gəlmişdir. O, polis əməkdaşına məlumat verildikdən sonra gec gəldiyi üçün öz iradını bildirmişdir. Polis əməkdaşı onun irad bildirdiyi üçün post patrul xidmətini çağırmış, bunun səbəbini soruşduqda ona polislə mübahisə etdiyi üçün çağırdığını bildirmişlər. Onu 4-cü Polis Bölməsinə apardıqdan sonra ora digər avtomobilin sürücüsünü də gətirmişlər. Daha sonra ona güya təhqir etməsiylə bağlı şər atmışlar. O, günahı olmadığını bömədə sübuta yetrdiyi üçün ordan çıxmışdır. 8 gündən sonra oğlu ona sms gəldiyini və ona protokol tərtib edildiyini bildirmişdir. Aprel ayında həmin protokoldan şikayət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli birinci qərarı ilə işin tərtib edilmiş qərar ləğv edilərək yenidən araşdırılması qərara alınmışdır. Lakin, heç bir araşdırılma aparılmadan iyun ayında oğlunun günahkar olması barədə yeni qərar qəbul etmişlər. O, təkrar ikinci dəfə məhkəməyə müraciət etmiş və iyul ayında qərar ləğv edilərək işin yenidən araşdırılması qərara alınmışdır. Lakin, yenədə heç bir araşdırılma aparılmamışdır. Hadisə vaxtı onun özü də avtomobildə oğlunun yanında olduğundan bütün olanların şahidi olmuşdur. Sonuncu dəfə yenə də iş araşdırılmamamış və artıq üçüncü dəfə eyni qərarla bağlı məhkəməyə şikayət verir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, manevrə başlamadan əvvəl ətrafa baxmış və yolun boş olmasına əmin olmuşdur. Yol-nəqliuyyat hadisəsinin sxemində olan imzanın oğluna məxsus olduğunu, lakin, sxemin düzgün tərtib olunmadığını, hadisənin Davudoğlu küçəsində deyil, X17 küçəsində baş verdiyini, digər sürücü həmin yerdə nəqliyyat vasitəsini saxlamadığı üçün onun arxasınca getdiyini və onu Davudoğlu küçəsində saxladığını və polis əməkdaşlarının da Davudoğlu küçəsinə gəldiyini, bununla da bağlı bir neçə dəfə şikayət etdiyini bildirmişdir. Oğlunun idarə etdiyi avtomobilin qabaq hissəsinin digər sürücünün isə qabaq təkərinin toqquşduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, hadisə Binəqədi rayonu ərazisində X19 küçəsində baş vermiş, maşında quraşdırılmış registratorda hadisənin qısa görüntüsünün mövcud olduğunu və həmin görüntüdə də da məhz yol ayrıcında sola manevr edən vaxtı digər sürücü ötmə əməliyyatı icra edərkən toqquşma baş verdiyinin göründüyünü, həmin yolda 2 hərəkət zolağı olduğu üçün, onlar yalnız sağdan gələni buraxmalı olduqlarını qeyd etmişdir. “X14” Qanunun 51-ci maddəsində göstərilir ki, yol ayrıcında ötmə əməliyyatı etmək qadağandır. Yol ayrıcında, 4 yol kəsişdiyini, həm sola, həm sağa, həm irəli, həm də əks tərəfə dönmə olduğunu bildirmişdir. Yol ayrıcında ötmənin bir başa qadağan edildiyini, digər sürücünün “X14” Qanunun 51-ci maddəsinin 2-ci bəndini pozduğunu, sola dönmə əməliyyatı icra edən avtomobilin sağından keçməli olduğu halda soldan manevr etdiyi üçün toqquşma baş verdiyini bildirmişdir. Daha sonra hadisə baş verdiyi yerdə cəmi iki hərəkət zolağı olduğunu, iki maşının yanbayan gedə bilməsinin mümkün olmadığını, eyni zamanda yolun eninin iki maşın yanbayan keçməsinə imkan vermədiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən X20 küçəsinin əvvəlində və solnunda təhlükəsizlik kameraları da mövduddur, düzgün araşdırma aparılsaydı həmin görüntüləri əldə edilərək işə obyektiv qiymət verilərdi. 4-cü Polis Bölməsində olan izahatında hadisənin baş verdiyi küçənin Davudoğlu küçəsi kimi göstərməsi ilə bağlı bildirmişdir ki, hadisə baş verən anda həmin küçəsinin adının nə olmasını bilməmiş, polis əməkdaşları həmin küçənin adının Davudoğlu küçəsi olduğunu bildirdiyi üçün o da həmin izahatında küçənin adının Davudoğlu küçəsi olduğunu qeyd etmişdir. Lakin sonradan həmin küçənin adının Davudoğlu küçəsi deyil, X19 küçəsi olduğunu dəqiləşdirmişdir. Sadəcə olaraq digər sürücünün arxasınca gedib onu Davudoğlu küçəsində saxlatığı və polis əməkdaşlarının da Davudoğlu küçəsinə gəldiyini bildirmişdir. Bundan başqa "xxxx" ASC-dən yol nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polisi tərəfindən sistemə yerləşdirilmiş sənədlərin surətini əldə etmişdir. Təqdim edilmiş sənədlərdə digər sürücünün adından tərtib edilmiş izahat mövcud olsa da həmin izahatda yol-nəqliyyat hadisəsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Avtomobilində quraşdırılmış videoregistatorda qeydə alınmış videogörüntünü məhkəməyə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, DYP əməkdaşı tərəfindən tərtib olunmuş protokol və onun əsasında qəbul olunmuş qərar qanuni və əsaslıdır. İş materiallarına əlavə olunmuş sxemə diqqət yetirilsə və videogörüntüyə baxış keçirilsə həmin küçədə ötmə əməliyyatının həyata keçirmək mümkün olduğunu görmək mümkündür. Şəxsin manevrə başlaması tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxeminə baxıldıqda da müəyyən olunur. “X14” Qanuna uyğun olaraq sürücü manevrə başlıyan zaman və əks istiqamətə keçən zaman əmin olmalı idi ki, çıxdığı zolaqda hər hansı bir maneə yoxdur. Buna əməl etməyərək, Emil Quliyev sola baxmayaraq sola dönmə əməliyyatı həyata keçirmişdir. Emil Quliyevin idarə etdiyi avtomobil digər avtomobilin sağ arxa hissəsi ilə toqquşması sxemdən də görsənir. Həmin yolun 2 istiqamətli olduğunu və o yolda ötmə əməliyyatına icazə verildiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq hadisənin baş verdiyi ərazinin video görüntüsünün onun telefonunda olduğunu bildirərək həmin görüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən daha əvvəl qərar ləğv edilərək yeni araşdırmaya göndərilərkən şikayətçinin əlavə araşdırmada iştirakı üçün məktub göndərildiyini, lakin həmin məktubun göndəilməsini təsdiq edən sənədi hazırda təqdim edə bilmədiyini bildirmişdir. Həmin məktubun göndərilməsini təsdiq edən sənəd barədə eləcə də şikayətçinin dediyi küçədən kamera görüntülərinin götürülməsi barədə məlumatlı olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə yolda hərəkət edərkən, 77XO495 dövlət qeydiyyat nişanlı avtomobil sola manevr edərək onun maşını ilə toqquşmuşdur. Həmin ərazidə də saxlamağa yer olmadığı üçün, 200 metr irəliyə sürüb maşını saxlamış və toqquşduğu maşının gəlib ona çatmasını gözləmişdir. O, heç bir şikayəti olmadığı üçün çıxıb getmək istəmiş, lakin buna baxmayaraq qarşı tərəf polis çağırılmış və daha sonra onlar polis idarəsinə getmişlər. O, polisə hadisəni olduğu kimi danışmışdır. O, qarşı tərəfi şikayət etməmişdir. Qarşı tərəf onunla çox kobud rəftar etmişdir. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, Zərifə Əliyeva adına Göz Klinikası tərəfdən gələrək sağa dönmüş, hərəkət etdiyi yol 2 zolqalı olmuş, öncədən onlar gələndə, maşın onun solunda olmuş və o Davudoğlu küçəsinə daxil olmaq istəmişdir. O, yolu dönmək istəyərkən digər nəqliyyat vasitəsinin onun sağında olduğunu, qeyd edilən şəxsin maşınının solda olduğunu bildirmişdir. Həmin maşının gec hərəkət etdiyini görmüş, özünü tələsdiyi üçün onun qabağına çıxaraq keçdiyini bildirmişdir. O, sola manevr edib ötmə edərək, qabağa keçmişdir. Digər sürücü isə ona imkan verməmiş və onun keçməsini istəməmiş və buna görə də onun maşınının arxasından toqquşmuşdur. Təqdim edilmiş videgörüntüdə ötmə əməliyyatı edən **-AK-*** dövlət qeydiyyat nişanlı “Hundaı” markalı avtomobilin ona məxsus olduğunu, hadisənin də videogörüntüdə görünüən ərazidə olduğunu bildimişdir. Verilmiş suallara cavab olaraq hadisənin şikayətçinin qeyd etdiyi kimi X19 küçəsində olduğunu, yolda sıxlıq olduğundan və dayanmağa yer olmadığı üçün hərəkətini Davudoğlu küçəsinə qədər davam etdirdiyini, Davudoğlu küçəsində idarə etdiyi maşını saxladığını, polis əməkdaşlarının da Davudoğlu küçəsinə gəldiklərini, 4-cü Polis Bölməsində izahat verərəkən küçənin adının polis əməkdaşları tərəfindən ona bildirildiyini, hazırda ona təqdim edilmiş “Yol-nəqliyyat hadisəsinin sxemində “2.Sürücü” qrafasında olan imzanın və adından tərtib edilmiş əlaqə telefonu kimi “**********” nömrəsi qeyd edilmiş izahatdakı imzanın ona məxsus olmadığını, həmin imzaların xalası oğlu X3 tərəfindən icra edildiyini, əlaqə nömrəsi kimi ********** qeyd edilən izahatdakı imzanın isə ona məxsus olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, X13 onun xalası qızıdır. xx.xx.2024-cü il tarixdə Ruhi Şəhlanın idarə etdiyi maşınla digər sürücünün maşını arasında olan hadisə zamanı o, hadisə yerində olmamış, xalası qızı ona sonradan məlumat vermişdir. Polis İdarəsindən xalası qızını çağırdıqlarından Ruhi Şəhlanın əvəzinə o getmiş, idarədə ondan nəqliyyat vasitəsində maddi ziyan olub-olmaması soruşulmuş, o da maddi ziyan olmadığını, habelə şikayətçi olmadığını bildirmişdir. Polis İdarəsində bununla bağlı izahat yazılmalı olduğunu qeyd etmişlər. O da xalası qızı Ruhi Şəhlanın adından maddi ziyan olmadığından qarşı tərəfin sürücüsü və sığortasından heç bir şikayətinin və tələbinin olmadığını qeyd edərək xalası qızının adından izahatı imzalamışdır. İş materiallarında olan sənədlər ona təqdim edildikdən sonra bildirmişdir ki, X7 adından Binəqədi RPİ-nin rəisi İlqar Məmmədovun adına ünvanlanmş tarixi göstərilməyən “telefon” qrafasında ********** nömrəsi qeyd edilən izahatdakı yazıların onun tərəfindən yazılaraq izahatın sonundakı “imza” qrafasını da xalası qızını Ruhi Şəhlanın əvəzindən özünün imzaladığını, həmin izahatda olan telefon nömrəsinin də ona məxsus olduğunu, eyni zamanda tərtib edilmiş “Yol-nəqliyyat hadisəsinin sxemi”ndə “2.Sürücü” qrafasında olan imzanın da Ruhi Şəhlanın adından özünün imzaladığını, həmin icraatda iştirak etmək üçün hər hansı etibarnaməsinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-nin DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X6 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanmışdır. Binəqədi RPİ-nin DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 2258/2024 saylı qərarından görünür ki, X6 inzibati tənbeh olunmasına dair Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi rayon DYPŞ-yə göndərilmişdir. Binəqədi RPİ-nin DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 3500/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilmişdir. Binəqədi RPİ-nin DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X10 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X8 tərəfindən təqdim edilmiş video görüntüdən görünür ki, “Hyundai” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıcında manevr etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2 təqdim etdiyi videogörüntüdən görünür ki, polis əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə “Hyundai” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 77XO495 dövlət qeydiyyatlı nişanlı “Chevrolet” markalı avtomobilin toqquşma yerinin videogörüntüsü qeydə alınmışdır. Videoda toqquşma yeri kimi göstərilən yerin yol kəsişməsi olduğu aydın görünür. Məhkəmə şikayət ərizəsini, tərəflərin, şahidlərin izahatları və iş materiallarını araşdıraraq nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X10 barəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X14” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X6 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X6 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, inizbati icraatın aparılma qaydaları kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən, inzibati icraatın aparılma qaydaları kobud şəkildə pozulduğundan hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-2258/2024 saylı qərarı ilə Binəqədi rayon DYPŞ tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi rayon DYPŞyə göndərilmiş, Binəqədi RPİ-nin DYPŞ tərəfindən TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X10 yenidən İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 3500/2024 saylı qərarı ilə qismən təmin edilərək TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilmişdir. Buna baxmayaraq Binəqədi RPİ-nin DYPŞ tərəfindən heç bir əlavə araşdırma aparılmadan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla X10 İXM-nin 327.1-ci maddəsi ilə yenidən təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma zamanı kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı inzibati xəta hadisəsi zamanı toqquşma tərəflərinin izahatlarına əsasən hadisənin Binəqədi rayonu, X17 küçəsində baş verməsi müəyyən edilsə də inzibati xəta haqqında DYPŞ tərəfindən toplanmış materialda, eləcə də yol-nəqliyyat hadisəsinin sxemində hadisənin M.S.Davudoğlu küçəsində baş verməsi qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, araşdırma zamanı tərtib edilmiş yol nəqliyyat hadisəsinin sxemində “Hyundai” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 iştirak etməmiş, həmin sxemi yol nəqliyyat hadisəsində iştirak etməmiş, hadisədən ümumiyyətlə məlumatsız olan X7 qohumu X3 tərəfindən imzalanmış, eyni zamanda maddi ziyanın, habelə şikayət və tələbin olmaması barədə X7 adından izahatı onun qohumu X3 tərtib edərək imzalamışdır. X13 məhkəmə iclasında verdiyi izahatında hadisənin X19 küçəsində olduğunu təsdiq etmişdir. Eyni zamanda hadisənin həmin küçədə yol kəsişməsində baş verdiyini qeyd etmişdir. Bununla da səlahiyyətli orqan tərəfindən ilkin olaraq hadisənin harada baş verməsi dəqiq müəyyən edilməmişdir. Qeyd edilənlər kobud pozuntu olmaqla araşdırma aparılmasını şübhə altında qoyduğu üçün qərarın düzgün, obyektiv araşdırma nəticəsində qəbul edilməsini şübhə altına almışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən şəxsin təqsirli olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hadisənin baş verdiyi yer, həmin yerin yol kəsişməsi olub-olmaması müəyyən edilməmiş, tərəflərin bununla bağlı ətraflı izahatları alınmamış, hadisə baş verən ərazidə kamera görüntülərinin olub-olmaması dəqiləşdirilməmiş, yol nəqliyyat hadisəsi barədə tərtib edilmiş sxem isə hadisədə iştirak etməmiş səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman hadisə yerini müşahidə edən kamera görüntülərinin olub-olmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X6 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X6 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar