Məhkəmə qərarları › İş №3(001)-4454/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4454/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4454/2023 28.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon X3 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təyin edilmiş cəriməni xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta haqqında protokolun dəlilləri ilə razı olmayaraq izahatında bildirmişdir ki, “X2” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili inzibati xətanın törədildiyi vaxtlarda idarə etmədiyi halda cərimələr onun adına yazılmışdır. Belə ki, həmin avtomobil Binəqədi Rayon Məhkəməsinin 2(001)-3939/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən hərracda satılmışdır. Həmin vaxtdan avtomobilin aqibətindən məlumatı yoxdur. Belə olan halda törətmədiyi qayda pozuntusuna görə cərimənin ondan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtının vaxtında bildirilməsinə baxmayaraq Bakı şəhəri Binəqədi rayon X3 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə baxılmasının yeri və müddətinin Bakı şəhəri Binəqədi rayon X3 Şöbəsinə vaxtında bildirilməsi barədə işdə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmadığını nəzərə alıb, işə Bakı şəhəri Binəqədi rayon X3 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs ünvan 1 ünvanda “X2” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilmişdir. DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/2 nömrəli bildirişdən və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “X2” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi Rayon Məhkəməsinin 2(001)-3939/2013 nömrəli xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış və satılmışdır. Beləliklə, işin təsvir edilmiş hallarından görünür ki, “X2” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin inzibati xətanın törədildiyi vaxtlarda Şəxs tərəfindən idarə edilmədiyi Açıq hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01/2 nömrəli bildirişlə və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu ilə təsdiq olunur. Belə olan halda isə Şəxs törətmədiyi qayda pozuntusuna görə inzibati cərimənin tələb edilməsi, hətta cəriməni ödəmədiyinə görə digər maddə ilə (İXM 529.3) inzibati məsuliyyətə cəlb edilməsinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə cərimə həmin vaxt nəqliyyat vasitəsini idarə etmiş şəxsdən tələb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı № ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar