Məhkəmə qərarları › İş №3(001)-4456/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4456/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4456/2025 08.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Ştq, Binəqədi şossesi, ev 100, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC (VÖEN: **********) ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə gələn Bakı Bas Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********6587 sorğu nömrəli gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Belə ki, BBGİ-nin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1100/012/010577 nömrəli raporta əsasən "xxxx" MMC ünvanına 10TJ639 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 10TJ639 nömrəli nəqliyyat vasitələri ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 14:14 radələrində Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş,lakin həmin mallara dair qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 13:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsinin MMC barəsində tərtib edilmiş 00100-01572/25 nömrəli inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, İnzibati xəta haqqında tərtib edilmiş 00100-01572/25 nömrəli protokol xx.xx.2025-ci il tarixində tərtib edilsə də, BBGİ-nin hesab etdiyi inzibati xəta xx.xx.2024-cü il tarixində baş vermişdir. Bütün gömrük əməliyyatları elektron sistem üzərindən həyata keçrildiyindən qeyd olunan inzibati xəta barəsində dərhal onlara məlumat və ya bildiriş verilməli idi. Lakin BBGİ bir il iki aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. X7 Məcəlləsinin 38.1-ci maddəsinin tələblərini pozur. Beləki, maddənin tələbinə əsasən gömrük qaydalarının pozulması ilə bağlı inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin hesab etdiyi inzibati xəta, müddətin keçməsi ilə bağlı "xxxx" MMC-ni inzibati məsuliyyətdən azad edir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 00100-01572/25 nömrəli inzibati xəta haqqında protokolla "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol, nəzərdə tutulmuş müddətin bitməsi ilə bağlı rədd edilməsini və MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, 10TJ639 nömrəli nəqliyyat vasitələri ilə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-cü il tarixdə saat 14:14 radələrində Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmiş, lakin həmin mallara dair qısa idxal bəyannaməsi xx.xx.2024-cü il tarixdə saat 13:32 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar olmasa da, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas müəyyən edilmişdir. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə hüquqi şəxsin nümayəndəsinin etirazının dəlilləri ilə razılaşır və qeyd edir ki, hüquqi şəxs tərəfindən inzibati xəta xx.xx.2024-cü il tarixində törədilmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən, gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan əməldə gömrük qaydalarının pozulması ifadə olunduğundan, bu müddət həmin xətaya tam şəkildə tətbiq olunur. Törədilmə tarixindən etibarən bir il keçdiyi halda – yəni xx.xx.2025-ci il tarixdən sonra inzibati tənbeh verildikdə, bu artıq qanunla müəyyən olunmuş müddətdən sonra tətbiq edilmiş hesab olunur. Qanunvericiliyin tələbinə əsasən, inzibati xətaya görə məsuliyyətin tətbiqi müddətinin ötürülməsi, inzibati icraata xitam verilməsi üçün əsas təşkil edir. Belə olan halda, müddət ötmüş sayılır və inzibati məsuliyyətə cəlb etmə hüquqi əsasını itirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:.... 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən "xxxx" MMC-yə İXM-in 485.2-ci maddəsi ilə inzibati təhbeh təyin edilməməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən "xxxx" MMC-yə İXM-in 485.2-ci maddəsi ilə inzibati təhbeh təyin edilməsin. Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar