Məhkəmə qərarları › İş №3(001)-4472/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4472/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4472/2021 28.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Tovuz rayonun, Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Tovuz rayonun, Alakol kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xırda talamaya görə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis bölməsi tərəfindən İXM-in 227-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Polis İdarəsinin 40-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X7 izahat verərək bildirmişdir ki, 27.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 01.12.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 28 May qəsəbəsi fərdi evdə yaşayan X1 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 6 aya yaxındır ki, həmin ünvanda kirayə yaşayır, anasının xalası oğlu Şəxs təxminən 1 aya yaxındır ki, onunla birlikdə yaşayır. 01.12.2021-ci il tarixdə saat, 07:15-də atası Nizaməddin Qasımov ilə birlikdə evdən çıxaraq işə getmiş, həmin vaxt Şəxs evdə yatmışdır. Həmin gün saat 19:30-da yaşadığı evə qayıdanda Şəxs tərəfindən 500 manat pul, 50 manat dəyərində bir ədəd gödəkçə, 20 manat dəyərində bir ədəd şalvar və bir ədəd 30 manat dəyərində qulaqcığın oğurlandığı aşkar edilmişdir. 40-cı PB-nə dəvət olunan Şəxs oğurluq hadisəsini etiraf etmişdir. Buna görə də, Şəxs barəsində İXM-in 227ci maddəsi ilə inzibati xəta haqqında 27.12.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Nəsimi rayonu, Xutor qəsəbəsində kirayədə yaşayır. Gecə xalası qızı gilə getmiş və onlarda qalmışdı. 01.12.2021-ci il tarixdə səhər tezdən oyanıb 500 manat pulu oğurlayıb evdən çıxıb getmişdir. Gödəkçə, şalvar və qulaqcığı isə götürməmişdir. Sonra sosial şəbəkə vasitəsi ilə Y.Qasımzadə ona yazaraq nəyə görə oğurluq etdiyin və oğurladığı əşyaları geri qaytarmasını bildirmişdir. Hazırda ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmədən səmimi peşmançılığının nəzərə almaqla barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 məhkəmə iclasında Şəxs 500 manat pulunun, gödəkçə, şalvar və qulaqcığının oğurladığını bildirmişdir. Sonuncu tərəfindən ziyan ödənilmədiyindən barışıq əldə olunmamış və ziyanın ödənilməsini tələb edir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən Şəxs inzibati qaydada həbs olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 27.12.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 01.12.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu 28 May qəsəbəsi fərdi evdə yaşayan X1 RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 6 aya yaxındır ki, həmin ünvanda kirayə yaşayır, anasının xalası oğlu Şəxs təxminən 1 aya yaxındır ki, onunla birlikdə yaşayır. 01.12.2021-ci il tarixdə, saat 07:15-də atası Nizaməddin Qasımov ilə birlikdə evdən çıxaraq işə getmiş, həmin vaxt Şəxs evdə yatmışdır. Həmin gün saat 19:30-da yaşadığı evə qayıdanda Şəxs tərəfindən 500 manat pul, 50 manat dəyərində bir ədəd gödəkçə, 20 manat dəyərində bir ədəd şalvar və bir ədəd 30 manat dəyərində qulaqcıq oğurlandığını aşkar etmişdir. Şəxs barəsində tərtib edilmiş 28.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində vətəndaş X2 evindən 01.12.2021-ci il tarixdə, saat 07:50 radələrində 500 manat pulunu oğurlanmasına görə İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 27.12.2021-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur.Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir, ictimai işlərin tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 dekabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar