Məhkəmə qərarları › İş №3(001)-4479/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4479/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4479/2025 25.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X8, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 21 avqust 1998-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, X15 Sistemlərinin İstismarı İdarəsində şlüzə nəzarətçi işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(055)-1161/2023 saylı icra sənədi üzrə borclu Şəxs 08 iyun 2025-ci il tarixdə Firdovsi adlı azyaşlı uşağını ünsiyyət üçün götürmüş və təyin edilən vaxt geri qaytarmamışdır. Məhkəmə iclasında icra məmuru X10 izahat verərək bildirdi ki, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(055)-1161/2023 saylı icra sənədinə əsasən, 07 avqust 2023-cü il tarixdə mediatorun iştirakı ilə Şəxs ilə X9 arasında bağlanmış 07 avqust 2023-cü il tarixli, MŞS/MT023/2023-01630 saylı barışıq sazişi “Şəxs ilə X4 birgə nikahlarından 30 yanvar 2020-ci il tarixdə anadan olmuş X6 ilə Şəxs hər həftənin şənbə və bazar günü saat 10:00-dan 13:00-a qədər, 22 avqust 2022-ci il tarixdə anadan olmuş X11 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 11:00-a qədər ünsiyyətdə olması” hissəsində təsdiq edilmişdir. İcra sənədi 20 may 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya şöbəsindən Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. 23 may 2025-ci il tarixdə tələbkarın izahatı alınmış, o, uşaqlarla görüşlə bağlı Şəxs heç bir maneçilik yaratmayacağını bildirmiş, lakin 04 iyun 2025-ci il tarixli izahatında Ceyhunun uşaqları məhkəmənin icra sənədində göstərilən vaxtda gətirmədiyini bildirmiş, 24 iyun 2025-ci il tarixdə Şəxs icra sənədinin onda göstərilən qaydada icra edilməsi barədə iltizamı alınmış, Şəxs uşağın anasına getmək istəmədiyini əsas gətirməklə öz əməllərinə davam etdiyindən, barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, o, uşaqların icra vərəqəsində göstərilən vaxtda qaytarılmasını tələb edir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, o, Firdovsi adlı uşağı ilə görüşdükdən sonra onu anasına təhvil vermək istəsə də, uşaq hər dəfə ağlamış, anasına getmək istəməmişdir. Qarşı tərəf onu dəfələrlə polisə versə də, o, uşaqla birlikdə polisə getmiş, orada da uşaq ağlayıb, anasına getmək istəməniş, bununla da məsələ bağlanmışdır. Yəni, məhkəmə qərarının icrası qaydasının pozulmasına qərəzli şəkildə yol vermir, sadəcə uşaq özü onunla qalmaq istəyir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X8 iştirakı ilə məhkəmə iclasında fikri dinlənilmiş 30 yanvar 2020-ci il təvəllüdlü X6 anası tərəfindən döyüldüyünü, ona görə də, atasının yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X13 bildirdi ki, hazırki məhkəmə iclasına Firdovsi anası ilə gəlmiş, bir neçə gündür ki, anasının yanında qalır. Buna baxmayaraq, o, məhkəmə iclasında atası ilə qalmaq istədiyini bildirmişdir. Belə olan halda uşağın atası tərəfindən öyrədilməsi inandırıcı deyil. Uşağın atasına bağlılığı vardır. Uşağın öz dediyinə görə də o, anası tərəfindən şiddətə məruz qalır. Onun ilkin mülahizəsi ondan ibarətdir ki, yetkinlik yaşına çatmayan X1 anası tərəfindən zorakılığa məruz qalması istisna edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(055)-1161/2023 saylı icra sənədinə əsasən, 07 avqust 2023-cü il tarixdə mediatorun iştirakı ilə Şəxs ilə X9 arasında bağlanmış 07 avqust 2023cü il tarixli, MŞS/MT023/2023-01630 saylı barışıq sazişi “Şəxs ilə X4 birgə nikahlarından 30 yanvar 2020-ci il tarixdə anadan olmuş X6 ilə Şəxs hər həftənin şənbə və bazar günü saat 10:00-dan 13:00-a qədər, 22 avqust 2022-ci il tarixdə anadan olmuş X11 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 11:00-a qədər ünsiyyətdə olması” hissəsində təsdiq edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını, məsləhətçi-psixoloqun rəyini dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, məhkəmə qərarının icrası qaydasının pozulmasına qərəzli şəkildə yol vermir, sadəcə uşaq özü onunla qalmaq istəyir və hər dəfə uşağı anasına qaytarmaq istədikdə ağlayaraq anasına getməkdən imtina edir. İşə mütəxəssis kimi cəlb edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X13 da bildirmişdir ki, Şəxs yetkinlik yaşına çatmamış övladı X3 təsir etməsi inandırıcı deyildir, hiss olunur ki, uşaqda atasına bağlılıq vardır. Belə olan haldda məhkəmə o qənaətə gəlir ki, Şəxs icra sənədinin icrası qaydasını üzrsüz səbəbdən pozmamışdır və onun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyildir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar