Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4480/2025 18.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) polis sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1982-ci il tarixdə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “X6” MMC-də sosial işçi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Yuxarı Sulutəpə adlanan yerdə fərdi evdə yaşayan Şəxs barəsində Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə tərtib olunmuş 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 18 iyun 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Həmin protokola əsasən, Şəxs 25 aprel 2025-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı Sulutəpə qəsəbəsindəki fərdi evin yaxınlığında yerləşən marketin qarşısında şəxsi münasibətlərin pozulması zəminində əli ilə qonşusu Zərərçəkmiş şəxs sol çiynindən və başından vurub ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə, onu döymüşdür. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, vətəndaş Zərərçəkmiş şəxs 25 aprel 2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, həmçinin həmin gün Binəqədi RPİ-nin 40-cı PB-yə ərizə təqdim edərək, həmin tarixdə qonşusu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Ərizə üzrə 40-cı PB-nin təhqiqat şöbəsində araşdırma aparılmış, 17 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, həmin qərarda Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması göstərilmişdir. Həmin qərar əsasında da onun tərəfindən hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Sonda R.R.İbrahimov məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 25 aprel 2025-ci il tarixdə, axşam saatlarında işdən evə gələrdək qonşuluğunda yaşayan Şəxs onun arxasıyca gəlmiş, ondan dayanmağı tələb etmiş, bu zaman o, Əliyə onunla danışmaq istəmədiyini bildirdikdə Əli onun qolundan tutub onu məcburi dayandırmaq istəmiş, o da əlindəki çanta ilə Əlini vurmuşdur. Bu zaman Əli sillə və yumruqla onun başına, bədəninə vurmağa başlamışdır. O da qaçıb DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs vurmamışdır, əksinə Sərgül onu vurmuşdur. İş materiallarında olan: - 17 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında araşdırma zamanı onun, Şəxs izahatı alınmış, Zərərçəkmiş şəxs münasibətdə məhkəmə tibb ekspertizası təyin edilmiş, müvafiq rəy alınmış, Şəxs isə tibbi müayinədən imtina etmişdir. Məhkəmə Tibbi Ekspertizasından alınmış rəydə Zərərçəkmiş şəxs dərəcələri təyin edilməyən bədən xəsarəti aldığı göstərilmişdir. Beləliklə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 25 aprel 2025-ci il tarixli, 601 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol bazu oynağı nahiyyəsinin sıyrığı, təpə nahiyyəsinin qançır-şişkinliyi bərk-küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əməkə gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Onun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. - İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 iyun 2025-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları araşdıraraq, belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır və Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, həmin maddəyə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs növündə tənbeh nəzərdə tutulmuşdur. Hazırki halda Şəxs özünü təqsirli bilməsə də, onun Zərərçəkmiş şəxs döyməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməməsi özünümüdafiə xarakterli hərəkətdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin inzibati qaydada tutulduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinin dörddə üçündən çox olmamaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 31.4-1, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4480/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4480/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver