Məhkəmə qərarları › İş №3(001)-449/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-449/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-449/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı S.Seyidəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 tərəfindən MN seriyalı № ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 19 yanvar 2024-cü ildə gecə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı S.Seyidəliyevin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən onun barəsində 19 yanvar 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 19 yanvar 2024-cü ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəbəsində dostu Polad Hüseynova məxsus “Toyota Prius” minik markalı 99LN037 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi hərəkət edərkən Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən dayandırılmışlar. İnspektor Poladın sənədlərini yoxlamış, spirtli içki qəbul edib-etmədiyini test etmişdir. Sənədləri qaydasında olduğundan, habelə spirtli içki qəbul etmədiyi məlum olduğundan yola davam etmişlər. Həmin vaxt onun anası xəstə olduğundan Polad avtomobili sürətlə sürüb oradan uzaqlaşmışdır. Buna görə Binəqədi RPİ-in DYPŞ-in inspektoru patrul avtomobili ilə arxalarınca gəlmiş, avtoxuluqanlıq etdiyinə görə avtomobili duracağa yerləşdirəcəyini Polada bildirmişdir. Polad inspektorla razılaşmamış, görüntü tələb etmişdir. Buna görə Poladla inspektor arasında mübahisə yaranmışdır. Əraziyə post patrul çağırılmış, onları polis bölməsinə aparmışlar. O, polisin qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, avtomobili idarə edən şəxs Polad olduğundan inspektor Poladdan avtomobili duracağa aparmasını tələb etmiş, Polad isə aparmaqdan imtina etmişdir. Avtomobil ona məxsus olmadığından, onun idarə edən şəxs olmadığından istəsə belə avtomobili duracağa apara bilməzdi. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin DYPŞ-in inspekoru S.Seyidəliyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, X2 19 yanvar 2024-cü ildə gecə saat 01 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində “Toyota Prius” minik markalı 99LN037 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtoxuliqanlıq etdiyinə görə dayandırılmış, ona qayda pozuntusu barədə məlumat verildikdən sonra nəqliyyat vasitəsinin açarının təqdim edilməsi, avtomobilin duracağa aparılacağı bildirilsə də, avtomobilin açarlarını təqdim etməkdən, avtomobili duracağa aparmaqdan imtina edərək dostu Şəxs ilə birlikdə qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd olunanlara əsasən müvafiq raport tərtib edərək Şəxs barəsində tədbir görülməsini xahiş edilmişdir. İnzibati xəta haqqında 19 yanvar 2024-cü il tarixli, MN seriyalı № ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-in sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, 19 yanvar 2024-cü il tarixli, MN seriyalı № ******* saylı protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi kifayətedici aydınlıqla sübuta yetirilmir. Belə ki, məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 bildirmişdir ki, xx.xx.2024-cü ildə Binəqədi RPİ-in DYPŞ-in inspektoru avtoxuluqanlıq etdiyinə görə avtomobili duracağa yerləşdirəcəyini sürücü Polada bildirmiş və ondan qanuni tələbə tabe olmasını tələb etmişdir. Polad inspektorla razılaşmamış, avtomobili duracağa aparmaqdan imtina etmişdir. Belə olan halda aydın olur ki, polisin həmin anda qanuni tələbi avtomobilin duracağa təmin edilməsindən ibarət olduğundan bu tələb ancaq avtomobili idarə edən sürücüyə qarşı yönələ bilərdi. Avtomobildə sərnişin kimi əyləşmiş şəxsdən avtomobili duracağa təmin etməsini tələb etmək mümkün deyil və bu mənada Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı №1888180 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in sahə inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə tərtib edilmiş MN seriyalı №1888180 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar