Məhkəmə qərarları › İş №3(001)-4520/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4520/2023

02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4520/2023 02.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qazax rayonu, Qazax şəhəri, Yuxarı Əskipara kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi, fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X6 tərəfindən barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X7 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü ildə Binəqədi rayonu, çöl tunel adlanan ərazidə ** RG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxla əmri verilmişdir. Lakin, sürücü X7 polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətini davam etdirmişdir. Bir müddət sonra avtomobili saxladıqda onun spirtli içkinin təsiri ilə nəqliyyat vasitəsini idarə etməsində şübhələr yaranmışdır. Buna baxmayaraq, sürücü alkotester vasitəsilə sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtina etmişdir. Bununla da, polisin qanuni tələbinə tabe olmamış, fəaliyyətinə maneçilik törətmişdir. Bundan sonra onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, o, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə spirtli içki qəbul etmişdir. Lakin, o iştirak edəcəyi həmin məclisdə spirtli içki qəbul edəcəyini bildiyi üçün həmin kafeyə taksi ilə getmiş və taksi ilə qayıtmışdır. O gedərkən öz avtomobilini yaşadığı evin yaxınlığında saxlamışdır. Səhər saat 7-də işə getməli olduğundan avtomobilin işləyibişləməməsini yoxlamaq üçün avtomobilinə əyləşmiş, təxminən 10-15 metr məsafədə onu idarə etmişdir. Bu zaman polis əməkdaşları onu saxlamışlar, saxlayan zaman isə onu saxlayan polis əməkdaşı onun şalvarının kəmərindən tutmuş, ona qarşı fiziki zor tətbiq etmişdir. O polis əməkdaşlarından hansı səbəbdən ona qarşı fiziki zor tətbiq etdiklərini soruşmuş, spirtli içki qəbul etsə də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlara qarşı heç bir nəlayiq ifadə işlətməmişdir. Bu səbəbdən, qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 018917 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 07:40-da İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 007839 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 2/20479 nömrəli aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş raportda Binəqədi RPİ-nin YPX-nin inspektorları X8 və X1 RPİ-nin 6-cı PB-nə ünvanlanmış raportda Şəxs polisin qanuni tələblərinə tabe olmamasını, polisə qarşı nalayiq ifadələr işlətməsini bildirsələr də göstərilən hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu səbəbdən, Şəxs əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar