Məhkəmə qərarları › İş №3(001)-4522/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4522/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4522/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X13 Sultan oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X5, zərərçəkmiş şəxsin nümayəndəsi X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-nin polis sahə inspektoru, polis baş leytenantı X9 izahat verərək bildirmişdir ki, X6 xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-yə müraciət edərək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Çiçək yaşayış massivində yerləşən fərdi yaşayış evinin küçədə quraşdırılmış su sayğacının oğurlandığını bildirmişdir. Araşdırma zamanı "xxxx" ASC-yə məxsus su sayğacının dəyərinin 88.58 manat olması müəyyən edilmişdir. Toplanmış material üzrə Binəqədi RPİ-nin 40-cı PB-də araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmiş və oğurluq hadisəsini törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ona verilmişdir. Bundan əlavə X7 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək yaşadığı ünvan 3 ünvanında binanın dəhlizindən ona məxsus velosipedin oğurlanması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, həmin velosipedi 3 ay əvvəl 160 manata almışdır. Toplanmış material üzrə Binəqədi RPİ-nin 40-cı PB-də araşdırma aparılaraq xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə cinayət işinin başlanması rədd edilmiş və oğurluq hadisəsini törətmiş şəxs barəsində İXMin 227-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti ona verilmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalın ərazisində xidmətdə olarkən bir nəfər şəxsin özünü oğurluq törətməkdə şübhəli apardığını görüb, şəxsiyyətini müəyyən etmək üçün polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin Şəxs olması müəyyən edilmiş, sonuncu bölmədə törətdiyi oğurluq hadisələrini etiraf etmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində fərdi yaşayış evinin divarında quraşdırılmış su sayğacını oğurlayıb, tanımadığı şəxsə 9 manata satdığını, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən binanın dəhlizindən velosiped oğurlayıb 40 manata satdığını etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs barəsində İXMin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 2023-cü ilin iyul ayının ortalarında iş axtarmaq üçün Binəqədi rayonu, Çiçək qəsəbəsinə getmiş, orada fərdi yaşayış evinin hasarında su sayğacı olduğunu görüb, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin sayğacı yerindən çıxarmış, metal yığmaqla məşğul olan, tanımadığı şəxsə 9 manata sataraq, pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan əlavə 2023-cü ilin sentyabr ayının sonlarında dəqiq ünvanını bilmədiyi həmyerlisinin yaşadığı evə getmək üçün Binəqədi rayonu, Çiçək qəsəbəsinə getmiş, evi tapa bilmədiyinə görə geri qayıdarkən binalardan birinə daxil olduqda ikinci mərtəbədə nəzarətsiz velosiped olduğunu görmüşdür. O, həmin velosipedi oğurlamaq qərarına gəlmiş, götürüb yaşadığı evə gəlmiş və bir gün sonra tanımadığı şəxsə 40 manata satmış, həmin pulu da şəxsi ehtiyacı üçün xərcləmişdir. Hazırda maddi imkanı olmadığından zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyə bilməmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yerləşən fərdi yaşayış evi üçün quraşdırılmış su sayğacı "xxxx" ASC-yə məxsus olmuşdur. Həmin su sayğacının dəyəri 88.58 manatdır. Oğurlanmış su sayğacının əvəzinə abonent üçün "xxxx" ASC tərəfindən yeni sayğac quraşdırılmışdır. Şəxs tərəfindən dəymiş ziyan "xxxx" ASC-yə ödənilməmişdir. Odur ki, Şəxs şikayətçi olduğunu bildirərək məhkəmədən sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, 2023-cü ilin yay aylarında oğlu üçün 160 manata aldığı velosipedi xx.xx.2023-ci il tarixdə axşam saatlarında yaşadığı binada, ikinci mərtəbədə yerləşən mənzilin giriş qapısından bayırda qoymuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı mənzildən çıxarkən velosipedin yerində olmadığını görüb, oğurlandığını başa düşmüş və DİN-in 102 xidmətinə zəng edib, məlumat vermişdir. Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs şikayətçi olduğunu bildirərək məhkəmədən sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün qərarın surəti Binəqədi RPİ-nin 40-cı PB-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün qərarın surəti Binəqədi RPİ-nin 40-cı PB-yə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində X3 evinin qarşısından su sayğacını oğurlayaraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Çiçək qəsəbəsində X4 məxsus velosipedi oğurlayaraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli AZA 019122 nömrəli protokoldan görünür ki, Şəxs 02 noyabr 2023-cü il tarixdə saat 03:10-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 11:00-da azad olunmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar