Məhkəmə qərarları › İş №3(001)-4525/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4525/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4525/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X7 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) X3 və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1 nümayəndəsi və vəkili “Kredo” Vəkil Bürosunun vəkili X8, İcra məmuru X11 iştirakı ilə, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay cəmi 965 manat alimentin X9 xeyrinə tutulması qət edilmişdir. Bununla X5 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. Alimentin ödənilməsinin gecikdirməsinin səbəbi maddi vəziyyətinin aşağı olması ilə əlaqədardır.O, əvvəlki iş yerindən çıxmışdır və əlavə qazanc yeri olmadığını bildirmişdir. Hazırda “Biomedical” klinikada işləyir. Əlavə işi yoxdur. Ailəlidir.Səhhətində problem var. Ailə üzvlərindən pul istədiyini və dostlarının, qohumlarının köməyilə yığılan borcu hissəhissə ödəyəcəyinə söz verdiyini bildirmişdirBorcunu ödəyəcəyini bildirmişdir. Vəkil X4 maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, X3 icra sənədi üzrə ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili borc məbləğini tam şəkildə tələb etdiyini, uşağın autizmdən əziyyət çəkdiyini və yıxılaraq alnından yaralandığını, cərrahi əməliyyat keçirtdiyini, ananın uşağın tələbatını tək ödəmə imkanı olmadığını qeyd edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. O bildirmişdir ki, borclu əvvəlki iş yerlərindən eyni gündə işdən azad olunmuşdur ki, bu hal onun alimentin icrasından yayınmaq niyyəti olduğunu göstərir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X2 yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay cəmi 965 manat alimentin X9 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. X4 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X5 tərəfindən ilk dəfə inzibati xəta törədilməsini onun əməlini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən X4 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qüvvəyə minmiş məhkəmə qərarının icraya yönəldiyi vaxtdan bugünədək tam icra edilməməsi tələbkarın dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti və inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsinə lüzum yoxdur. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar