Məhkəmə qərarları › İş №3(001)-4533/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4533/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4533/2024 25.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azadlıq metrosunun yaxınlığında “Hyundai” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkətləri qaydasını pozduğu üçün Yol Patrul Xidmətinin əməkdaşları vətəndaşa saxlama əmri vermişdir. Maşını saxladıqdan sonra şəxsdən etibarnamə tələb olunsa da, o, etibarnamənin vaxtının bitdiyini bilmədiyini bildirmişdir. Buna səbəb olaraq YPX əməkdaşı avtomobili cərimə meydançasına aparmaq istədiyi üçün aralarında mübahisə yaranmış və şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra YPX əməkdaşları ÇPA əməkdaşlarını çağırıb polis bölməsinə aparılmasının zərurəti ilə bağlı bildirmişdilər. Daha sonra Şəxs polis bölməsinə təmin edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs polis bölməsində olarkən halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şüvəlan Pirşağı ərazisində yoldaşının dəfn olunduğu qəbirstanlığa ağacları sulamaq üçün getmişdir. Şəhərə qayıdarkən “Azadlıq” metrosu tərəfə enəndə polis əməkdaşı əl edərək avtobusların durduğu dayanacaq istiqamətində saxlaması ilə bağlı göstəriş vermişdir. Bundan sonra o, əmrə tabe olaraq maşını saxlayaraq polis əməkdaşlarının yanına yaxınlaşmış, onlar isə şəxsdən sənədləri təqdim etməsini tələb etmişlər. Kontuziya aldığı üçün sənədləri özü oxuyub təqdim edə bilməyib bütün sənədləri polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları sənədlərə bir-bir baxaraq ondan maşının qızının adına olmasını soruşmuş, o da təsdiqləmişdir. Daha sonra əməkdaş sənədin – etibarnamənin vaxtının keçməsini, buna səbəb olaraq da maşının cərimə meydançasına aparılmalı olduğunu bildirəndə şəxs bununla razılaşmış, cəriməsinin də yazılması təqdirdə ödəyəcəyini demişdir. Meydançaya gedərkən Kapital Bank istiqamətində, evinə 200 metr yaxınlıqda yolda polis əməkdaşı ona maşını yaxşı idarə edə bilmədiyini bildirərək maşını saxlamasını tələb etmişdir. Bu zaman evinə yaxın olduğu üçün qızının gələcəyini bildirərək onu gözləməyi təklif etmişdir. Bir qədər sonra qızı gəlmiş və onun yanında polis əməkdaşı onu bölməyə aparmaları üçün post patrul çağırdığını, onu bölməyə aparacaqlarını bildirmişdir. Müharibə iştirakçısı olduğundan müharibədə kontuziya aldığından, 72 yaşında olduğundan etibarnamənin vaxtının keçməsindən xəbər olmayıb. Buna baxmayaraq, cəriməsinin nə olmasından aslı olmayaraq ödəyəcəyini bildirmişdir. Lakin, yenə də günorta saat 12 radələrində polis bölməsinə aparmışlar. Polis bölməsində vəziyyəti pisləşdiyi üçün saat 19:00 radələrində təcili tibbi yardım gəlmiş, ona tibbi xidmət göstərmişlər. Həmin gün gecə saat 23:30radələrində onun izahatını alaraq buraxmışlar.Daha sonra çağıraraq barəsəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Yol Patrul Xidməti Alayının yol patrul inspektoru, polis baş serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11- 12 radələrində Azadlıq prospektində X10 küçəsinə dönən yolda svetaforun sol yol istiqamətinə dönmə üçün yaşıl işığının yanması bitəndə şəxs avtomobillə dönərək yol hərəkət qaydalarını pozmuşdur. Bu pozuntu üçün şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən etibarnaməsinin müddətinin bitməsi müəyyən olmuşdur. Ona avtomobilin idarə olunmasının qanunsuz olduğunu, müvəqqəti olaraq mühafizə olunan duracağa aparılması zərurətinin olduğunu bildirsə də, o razılaşmamış, bir neçə adama zənglər edərək özünün buraxılmasını istəmişdir. Avtomobili duracağa aparmaqdan dəfələrlə imtina etmişdir, polis əməkdaşının yanında əyləşməsinə baxmayaraq tələbə tabe olmayaraq duracağa yox, evinə doğru sürmüşdür. Bir neçə saatdan sonra avtomobilin sahibi, şəxsin qızı gəldiyi üçün avtomobil ona verilmişdir. Lakin, şəxsin protokolu tərtib olunması üçün onu polis bölməsinə aparmışlar. Müxtəlif yollarla kimdənsə xahiş etdirmək yolu ilə qanuni tələblərdən yayınmağa çalışmışdır. Bundan sonra şəxs patrul avtomobilinə əyləşdirilərək Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təmin edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 007902 nömrəli “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs üzərindən 01 ədəd bel kəməri aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən olan Çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər siyahısında olaraq 80 manat məbləğində pensiya alır. Binəqədi RPİ-nin 5-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova ünvanlanmış, xx.xx.2024-cü il tarixli Raportdan görünür ki, xx.xx.2024-cü ildə **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Azadlıq prospektində xidmət apararkən saat təxminən 11:18 radələrində **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün svetoforun qadağanedici siqnalında hərəkət etdiyini görən polis əməkdaşı tərəfindən işarə ilə saxladılmışdır. Polis əməkdaşı yaxınlaşıb özünü təqdim edib qayda pozuntusu törətdiyini izah etmişdir. Sürücünün şəxsiyyətini müəyyən edən zaman Şəxs olduğu müəyyən edilmiş və onun idarə etdiyi avtomobilə dair etibarnamənin xx.xx.2024-cü ildə bitdiyini görüb həmin şəxsə məlumat vermişdir. Bundan sonra ona bildirilmişdir ki, sənədsiz olduğu üçün avtomobili mühafizə olunan duracağa yerləşdiriləcəkdir. Sürücü isə avtomobili duracağa aparmaqdan imtina edərək dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müxtəlif adamlarla zənglə əlaqə saxlamış onu buraxmasını istəmişdir. Polis əməkdaşı məcbur qalaraq PPX əməkdaşlarını çağırmış, şəxs 5-ci Polis Bölməsinə gətirilib “Növbətçi Hissəyə” təhvil verilmişdir. Bununla yanaşı, baş verən hadisə ilə bağlı CD disk məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında görüntülərə baxış keçirilərkən məlum olmuşdur ki, polis əməkdaşları Şəxs avtomobilin etibarnamə olmadan idarə edilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu, buna görə də avtomobili duracağa aparılma zərurətinin olmasını bildirsələr də, o başqa istiqamətlərə dönmüş, avtomobili duracağa aparmaqdan yayınmışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mədətov X7 Prospektində yol qaydalarını pozuntusuna yol verdiyi zaman etibarnaməsinin müddətinin bitdiyi məlum olmuş, bununla bağlı qanunvericiliyin tələbləri izah olunaraq avtomobilin duracağa aparılması qanuni göstərişi tələb olunsa da, o, polis əməkdaşlarına etiraz edərək polis əməkdaşlarının xidməti vəzifələrini icra etməyə mane olmaqla onların qanuni tələblərinə tabe olmamışdır. “Polis haqqında” Azərbyacan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Belə olan halda, polis əməkdaşları polis işçisinin qanuni tələbinə qəsdən tabe olmayan vətəndaşları polis bölməsinə təmin edərək X1vericiliyin tələblərinə uyğun olaraq qanuni fəaliyyət göstərmiş, Şəxs həmin zaman polisin qanuni fəaliyyətinə müdaxilə etmişdir. Həmin müdaxilə yolverilməz olduğundan hadisə yerində olmuş polis əməkdaşlarının Şəxs öz hərəkətlərini dayandırması barədə tələbləri qanuni olmuşdur. Həmin tələblərdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə tabe olmamış, bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar X5 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və şahid ifadələri ilə tam sübuta yetirilir. Şəxsin inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və bu səbəbdən 80 manat məbləğində pensiya alması məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq normanın sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbeh məqsədlərinə nail olunmasını mümkün hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA seriyalı 019099 nömrəli “İnzibati tutma haqqında” protokoldan görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. Lakin protokolda şəxsin azad edilmə tarixi və saatı ilə bağlı heç bir məlumat qeyd olunmamış, həmin protokol barəsində icraat aparılan şəxs, habelə protokolu tərtib etmiş şəxs tərəfindən imzalanmamışdır. Şəxs izahatından məlum olmuşdur ki, o protokolda qeyd olunan saatda, yəni günorta saat 12:00 radələrində tutularaq polis bölməsinə aparılmış, bölmədə vəziyyəti pisləşdiyi üçün saat 19:00 radələrində təcili tibbi yardım çağırılaraq ona tibbi xidmət göstərilmiş, həmin gün gecə saat 23:30 radələrində polis bölməsindən buraxılmışdır. Hadisə xx.xx.2024-cü il tarixində baş versə də, onun barəsində protokol xx.xx.2024-cü il tarixində tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən imzalanmş iltizamdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş raport əsasında aparılan araşdırma ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci PB-nə çağrılacağı anda yaxınlaşacağını bildirmişdir. Məhkəmə həmin iltizamın da pozuntularla tərtib edildiyi qənaətinə gəlir. Belə ki, həmin iltizamın xx.xx.2024-cü il tarixdə tərtib edildiyi göstərilsə də iltizam verilərkən xx.xx.2024-cü il tarixli raport əsasında şəxsin barəsində tərtib edilmiş raporta istinad etməsi absurddur. Çünki iltizam həqiqətən də xx.xx.2024-cü il tarixdə tərtib edilmiş olsaydı Şəxs həmin iltizamda iki gün sonra barəsində raport tərtib ediləyəci barədə əvvəldən məlumatlı ola bilməzdi. Qeyd edilənlər onu göstərir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanılması və bölmədən buraxılması tarixi və saatı barədə bildirdikləri həqiqətdir, onun barəsində protokol tərtib etmiş sahə müvəkkili X3 da bunları təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən də məhkəmə Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-dan 23:30-dək inzibati qaydada tutulması qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək , İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz) manat məbləğində inzibati cərimə edilməli və o, dərhal məhkəmə iclası zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlu dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar