Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4544/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru Zamir Şirəliyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru Zamir Şirəliyev izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam vaxtı Binəqədi rayonu, H.Babaşov küçəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq hərəkətinə davam etmiş və o, polis əməkdaşlarından yayınmağa çalışmışdır. Daha sonra o, məhəllədə saxlanılmış və ondan nəqliyyat vasitəsinə dair sənədlər tələb olunsa da sənədləri verməkdən imtina etmişdir. O, DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün ora Post Patrul Xidmətinin əməkdaşları çağırılmış və bundan sonra Şəxs Bakı şəhəri Binəqədi RPİnin 7-ci PB-nə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən YPX maşınının işığının yandığını görmüş, buna görə də maşını məhəlləyə sürdükdən sonra dayanıb gözləmişdir. YPX-nin əməkdaşları ona yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsinin cərimə meydançasına aparılmalı olduğunu ona bildirmişlər. O da bunun səbəbini onlardan soruşmuş, YPX-nin əməkdaşı ona saxla əmrinə tabe olmadığını bildirmişdir. Daha sonra YPX-nin əməkdaşına mağazadan telefonuna kontur yükləmək istədiyini demiş, lakin polis əməkdaşı ona icazə verməyərək qaçmasından şübhələndiyi üçün onu belindən tutub saxlamışdır. Daha sonra o, polis əməkdaşına idarə etdiyi maşının sənədlərinin düz olduğunu, heç bir cəriməsinin olmadığını bildirməsinə baxmayaraq ondan maşının açarını tələb etmişdir. O, da maşının açarının hansı səbəblə təqdim etməli olmasını soruşmuş, lakin polis əməkdaşı ondan yenə də açarı tələb etmiş, lakin o maşının açarını verməkdən imtina etmişdir. Daha sonra ora, post patrul xidmətinin əməkdaşları dəvət olunduqdan sonra maşının açarı ondan alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, DYP-nin sayrışan işığını gördüyünü, həmin məhəllədə xalasıgilinin kirayədə yaşadığını, idarə etdiyi maşında konstruksiya dəyişikliyi olduğunu, maşını o formada aldığını qeyd etmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol-patrul xidmətinin inspektoru, polis serjantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən Binəqədi rayonu, H.Babaşov küçəsində Chevrolet markalı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olduğunu müəyyən edərək həmin nəqliyyat vasitəsinə texniki vasitələrlə saxla əmri verilmişdir. Lakin sürücü onlara məhəl qoymayaraq hərəkətinə davam etmiş, bir neçə dəfə sürücünün maşınına yaxınlaşaraq birbaşa ona saxla əmri verildikdən sonra sürücü idarə etdiyi nəqliyyat vasitəsini məhəlləyə sürüb yayınmağa çalışsa da onlar sürücünün maşınını saxlamağa müvəffəq olmuşlar. Sürücüyə yaxınlaşıb ondan saxla əmrinə niyə dəfələrlə tabe olmamasını soruşmuş, sürücü Şəxs onlara qarşı intizamsızlıq nümayiş etdirərək küçə sözləri ilə onunla danışmışdır. Sürücüyə nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsini bildirdikdə, Şəxs ona “sən kimsən ki, mənim maşınımı duracağa aparırsan” deyə cavab vermişdir. Daha sonra Şəxs sənədləri tələb edilmiş, o sənədləri verməkdən imtina etmiş, daha sonra ad soyadına əsasən bort komputer vasitəsi ilə maşına dair məlumatları əldə etmişlər. Şəxs intizamsızlıq nümayiş etdirməklə ordan qaçaraq yayınmağa çalışmış, lakin digər əməkdaş tərəfindən saxlanılmışdır. Bundan sonra hadisə yerinə post patrul xidməti dəvət edilmiş, bundan sonra Şəxs Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol-patrul xidmətinin inspektoru, polis serjantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən Binəqədi rayonu, H.Babaşov küçəsində Chevrolet markalı nəqliyyat vasitəsinin arxası çox aşağı olduğu və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olduğu üçün həmin nəqliyyat vasitəsinə saxla əmri verilmişdir. Lakin sürücü onlara məhəl qoymayaraq hərəkətinə davam etmiş, daha sonra o, ara məhəllədə maşını saxlyıb içində gözləmişdir. Ona yaxınlaşaraq idarə etdiyi nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi edildiyi üçün maşının duracağa yerləşdiriləcəyi bildirilməsinə baxmayaraq Şəxs onların tələblərinə tabe olmayaraq onlara qarşı intizamsızlıq nümayiş etdirmiş, həmçinin ordan marketə getmək adı ilə qaçmağa cəhd göstərmişdir. Bundan sonra hadisə yerinə post patrul xidməti dəvət edilmiş, bundan sonra Şəxs Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli Binəqədi RPİ-nin 7-ci PB-nin rəisinə ünvanlanmış raportdan görünür ki, Şəxs DYP-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. xx.xx.2024-cü il tarixli, AZA 022254 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, AZA ******* nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama protokolundan görünür ki, Şəxs üzərində qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin qanuni tələblərinə tabe olmadığından onun barəsində İXM-in 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 22:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdən, saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4544/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4544/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver