Məhkəmə qərarları › İş №3(001)-4546/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4546/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4546/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektrou, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və İXM-in 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektrou, polis leytenantı X4 bildirmişdir ki, 27 iyul 2024-cü il tarixdə bölməyə “Yango” taksi şirkəti adı altında fəaliyyət göstərən “Honda” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qardaşı qızına qarşı yersiz hərəkətlər etməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında bölmədə aparılmış araşdırma zamanı qeyd olunan avtomobili idarə edən sürücünün Şəxs olması müəyyən edilmişdir. həmin tarixdə Şəxs bölmə əməkdaşları tərəfindən Binəqədi rayonu, Mərkəz adlanan yerdə yerləşən Qədrxum restoranının qarşısında saxlanılmışdır. Bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq özünü və özü haqqında sənədlərini təqdim etməmiş, ictimai yerdə ucadan polisin ünvanına nalayiq ifadələr işlətməklə polisi təhqir etmişdir. Polis əməkdaşları Şəxs nizam intizama dəvət etsə də, sonuncu buna məhəl qoymayaraq polisi dəfələrlə təhqir edərək ətrafda olan şəxslərin diqqətini cəlb edərək ictimai asayişi pozmaqda davam etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs bölmə əməkdaşları tərəfindən sakitləşdirilərək bölməyə gətirilmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokollar tərtib edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlarda olan məlumata görə 25 iyul 2024-cü il tarixdə saat 21 radələrində vətəndaş X2 “Yango” rtaksi şirkəti vasitəsilə taksi çağırması nəticəsində sonuncunun bacısı qızı olan Səidənin sürücü Şəxs avtomobilində sərnişin qismində əyləşərkən sürücü ona yersiz suallar verməklə sözə tutmuşdur. Daha sonra Şəxs Səidəyə avtomobil sürməyi öyrədəcəyi adı ilə onu əyləşdiyi oturacaqda otuzdurub özü də sükanı tərk etməyərək yersiz hərəkətlər etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqında protokolla razı olmadığını qeyd edib bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. 25 iyul 2024-cü il tarixdə axşam saatlarında sifariş almış və bu zaman balaca bir qız uşağının avtomobilə yaxınlaşdığını görmüşdür. Həmin qız ona taksi sifariş verdiklərini və xalasıgilə gedəcəyini bildirmişdir. Qız avtomobilə mindikdən sonra böyük kimi ondan niyə bu vaxt tək gəzdiyini, neçənci sinifdə oxuduğunu, məktəbə necə gedib gəldiyini, valideynlərinin bundan xəbərinin olub-olmamasını, onların nə işlə məşğul olmasını soruşmuş və qız da ona səmimi cavablar vermişdir. Bundan onra qız ona məktəbə getməsi üçün anasını sürücü axtardığını demiş və o da telefon nömrəsini verib demişdir ki, sürücü lazım olasa o xidmət göstərə bilər. Aralarında olan söhbət tam səmimi keçmiş və o heç vaxt həmin uşağa başqa gözlə baxmamışdır. Onun da övladları vardır və belə bir şey onun ağlından belə keçməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, qız ona avtomobil sürməyi öyrənmək istədiyini bildirdikdə o da cavabında öyrədə biləcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektrou, polis mayoru X3 izahatında bildirmişdir ki, 27 iyul 2024-cü il tarixdə bölməyə “Yango” taksi şirkəti adı altında fəaliyyət göstərən “Honda” markalı avtomobilin sürücünün qardaşı qızına qarşı yersiz hərəkətlər etməsi ilə bağlı məlumat daxil olmuşdur. Həmin məlumat əsasında bölmədə aparılmış araşdırma zamanı qeyd olunan avtomobili idarə edən sürücünün Şəxs olması müəyyən edilmişdir. 27 iyul 2024-cü il tarixdə Şəxs olduğu yer tərəfdlərindən müəyyən edilmiş və sonuncu Binəqədi rayonu, Mərkəz adlanan yerdə yerləşən Qədrxum restoranının qarşısında saxlanılmışdır. Bu zaman Şəxs onların qanuni tələbinə tabe olmayaraq, özünü və özü haqqında sənədləri təqdim etməmiş, ictimai yerdə onların ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Onlar Şəxs nizam-intizama dəvət etmələrinə baxmayaraq, sonuncu buna məhəl qoymayaraq onların ünvanına dəfələrlə söyüş söyərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs tərəflərindən sakitləşdirilərək bölməyə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2024-cü il tarixdə saat 18:20-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvildir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu Mərkəz adlanan yerdə xırda xuliqanlıq edərək İXM-in 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 iyul 2024-cü il tarixdə saat 18 radələrində Binəqədi rayonu Mərkəz adlanan yerdə polisin qanuni tələbinə qəsdən olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, eləcə də işdə olan sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmaması ilə bağlı məhkəmə iclasında göstərdiyi xüsusatlara dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, eləcə də onun məhkəmədə səsləndirdiyi əsaslar öz təsdiqini tapmamış və məhkəmə iclasında toplanmış sübutlar ilə təkzib edilmişdir. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, həmin inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmayan və xırda xuliqanlıq edən şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura, eləcə də ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə və idarəçilik qaydaları əleyhinə olan inzibati xəta halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, İXM-in 34.3cü maddəsini rəhbər tutaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 535.1-ci maddənin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 27 iyul 2024-cü il tarixdə saat 16:20-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34, 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 27 iyul 2024-cü il tarixdə saat 16:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar