Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4548/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən Şəxs 29 iyul 2024-cü il tarixdə Binəqədi rayonu ərazisində Binəqədi RPİ-nin X11 Şöbəsi əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis baş leytenantı X4 izahat verərək bildirmişdir ki, Şəxs 29 iyul 2024-cü il tarixdə Binəqədi RPİ-nin X10 Şöbəsi əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs Binəqədi RPİ-nin X10 Şöbəsinin duracağında tanışı X2 avtomobilindən yüklərin boşaldılmamasını bəhanə edərək Binəqədi RPİ-nin X10 Şöbəsi əməkdaşları ilə yersiz yerə mübahisə edərək onları təhqir etmişdir. Şəxs polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq polisi dəfələrlə təhqir etmiş, polisin iş rejiminə mane olmuşdur. Şəxs sakitləşdirmək mümkün olmadığından sonuncu YPX avtomobilinə əyləşdirilərək barəsində tədbir görülməsi üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gətirilmiş və sonuncu barəsində tərəfindən İXM-in 535.1-ci maddəsi ilə inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını, polisə tabesizlik göstərmədiyini, polis əməkdaşlarını təhqir etmədiyini, polisin tələblərinə tabe olduğunu, sadəcə olaraq polis əməkdaşına yazılan cərimənin 150 manat deyil 80 manat olması ilə bağlı etiraz etdiyini qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin X10 Şöbəsinin yol patrul xidməti baş inspektrou, polis baş leytenantı X3 bildirmişdir ki, 28 iyul 2024-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində xidmətdə olarkən “Mercedes” markalı yük avtomobilinin işıqforun nizamlayıcısının tələbini pozduğunu müşahidə edib həmin avtomobilə saxla əmri vermişdir. Həmin avtomobilin sürücüsünə qayda pozuntusunu izah etdikdə sonradan adını bildiyi sürücü X6 inzibati xəta törətdiyini etiraf etmişdir. Daha sonra sürücünün apardığı yükün normadan artıq olması onda şübhə yaratdığından sürücünü tərəziyə dəvət etmiş və tərəzidə “Mercedes” markalı yük avtomobilinin çəkisinin yüklə birlikdə 3 tondan artıq olması aşkar edilmişdir. bundan sonra sürücü X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək avtomobil yüklərin boşaldılması üçün müvəqqəti duracağa təhvil verilmişdir. 29 iyul 2024-cü il tarixdə saat 17 radələrində X2 yanında Binəqədi RPİ-nin X10 Şöbəsinə gələn tanışı Şəxs yüklərin boşaldılmaması və cərimənin düzgün yazılmadığını bəhanə edərək duracaqda səs-küy salmağa başlamışdır. Həmin şəxsə yüklərin boşaldılmalı olması və cərimənin məbləğinin qanuni olması ilə bağlı izah edilsə də, sonuncu buna məhəl qoymayaraq yersiz mübahisə etmişdir. Bir qədər sonra Şəxs mübahisəni daha da şiddətləndirərək onu təhqir etməyə başlamışdır. Şəxs tərəfindən nizam-intizama dəvət edilsə də, buna məhəl qoymamış ətrafda olan şəxslər arasında onu dəfələrlə təhqir etmişdir. Bu səbəbdən Şəxs YPX avtomobilinə əyləşdirərək barəsində tədbir görülməsi məqsədi ilə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə təhvil vermişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmaması, polisə tabesizlik göstərməməsi və polisi təhqir etməməsinə dair məhkəmə iclasında göstərdiyi xüsusatlara dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, onun məhkəmədə səsləndirdiyi əsaslar öz təsdiqini tapmamış və məhkəmə iclasında toplanmış sübutlar ilə təkzib edilmişdir. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, həmin inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür, yəni ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmayan şəxsin cərimə ilə tənbeh edilməsi cəmiyyətdə mənfi emosiyalar doğura və idarəçilik qaydaları əleyhinə olan inzibati xəta halları ilə müvəffəqiyyətlə mübarizə aparılmasına öz mənfi təsirini göstərə bilər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 29 iyul 2024-cü il tarixdən saat 17:55-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 29 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-4548/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4548/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver