Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-455/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi və 200 manat məbləğində cərimə edilməsi göstərilmişdir. Ona bu yaxınlarda Binəqədi rayon İcra Şöbəsindən bildiriş və icraata başlamaq haqqında qərar gəlmişdir və bu zaman barəsində qərar çıxarılması, cərimə edilməsi məlum olmuşdur. O, hesab edir ki, bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Heç bir araşdırma aparılmadan protokol tərtib edildiyi gün qərar qəbul edilmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsinin törədilməsi halı mövcud olmamasına baxmayaraq barəsində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. O, qeyd etmişdir ki, özünə məxsus fərdi yaşayış evinin həyətində qaz, toyuq-cücə saxlayır, bu heyvanları həyətdən küçəyə çıxarmır, daima həyətdə çəkilmiş məftil hasarda yerləşirlər və heç bir şəxsə, qonşuya və digər sakinlərə narahatçılıq yaratmır və hüquqlarına toxunmur, saxladığı heyvanlar təhlükə yaratmır, qadağan edilmiş yerdə saxlanılmır, həmçinin xeyli miqdarda deyil, hər hansı bir antisanitariya yaratmır. Protokol tərtib edildikdən sonra araşdırma aparılmalı və qərar qəbul edilməlidir, lakin qərar protokolla eyni gündə qəbul edilmişdir. Həmçinin bu heyvanların kiməsə maneçilik törətməsi, narahat etməsi və s. hallar barədə də hər hansı bir sübut yoxdur. Ona görə də qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul edmişdir. O, qeyd etmişdir ki, dekabr ayında ona Binəqədi rayon İcra Şöbəsindən icraata başlamaq haqqında qərar poçt vasitəsilə göndərilmişdir və cərimə olunmağı barəsində bu halda məlumatı olmuşdur. xx.xx.2022-ci il tarixli qərarı Polis Bölməsindən xx.xx.2022-ci il tarixdə almışdır. Onun şikayətinin əsas səbəbi, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə olan halda qanunvericiliyə zidd olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq heç bir əsası olmadan tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokoldan məlum olur ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Qeyd edilən qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə araşdırılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-455/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-455/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver