Məhkəmə qərarları › İş №3(001)-4568/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4568/2024

29.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4568/2024 29.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs barəsində İXM-in 464-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayındığına görə barəsində İXM-in 464cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokol tərtib edildikdən sonra "xxxx" MMC-nin nümayəndəsi Maliyyə Nazirliyinə gəlmiş və "xxxx" MMC-də 2022-ci il üzrə audit yoxlamasının aparılması ilə bağlı "xxxx" MMC ilə müqavilə bağlandığını və auditin keçirildiyini, lakin auditin rəyinin elektron sistemə yerləşdirilməsi zamanı "xxxx" MMC-nin VÖEN nömrəsi səhv yerləşdirildiyindən sistemdə auditin aparılması ilə bağlı məlumatın görünmədiyini bildirmişdir. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində İXM-in 464-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilən protokola əsasən Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. Şəxs ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-də 2021 və 2022-ci illər üzrə audit yoxlaması keçirilmişdir. 2021-ci il üzrə keçirilmiş audit yoxlamasının rəyi elektron sistemə yerləşdirilmişdir. Lakin 2022-ci il üzrə keçirilmiş audit yoxlamasının rəyi sistemə yerləşdirilərkən MMC-nin VÖEN nömrəsi səhv qeyd edilmişdir. Belə ki, "xxxx" MMC-nin VÖEN nömrəsi ********** olduğu halda Auditorlar Palatasının elektron sistemində ********** kimi qeyd edilmişdir. Həm 2021, həm 2022-ci illər üzrə audit yoxlaması keçirilmiş və müsbət rəy verilmişdir. Odur ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyadı haqqında şəhadətnamənin surətindən görünür ki, VÖEN nömrəsi ********** olan Şəxs hüquqi ünvanı ünvan 1ləşir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Şəxs 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 24 iyul 2024-cü il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 31, mənzil 15 ünvanında fəaliyyət göstərən hüquqi şəxs Şəxs tərəfindən 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditi aparılmamışdır. Nəticədə, Şəxs tərəfindən İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, VÖEN nömrəsi ********** kimi qeyd edilmiş Şəxsndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2022-ci il üzrə 2023-cü ildə auidit yoxlaması aparılmış və rəy verilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs qeydiyyata alınması prosesində səhv olduğu, VÖEN nömrəsinin səhv qeyd edildiyi bildirilmişdir. Məhkəmə, proses iştirakçlarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs 2022-ci il üzrə 2023-cü ildə maliyyə hesabatlarının audit yoxlaması aparılmış, audit rəyi alınmış, lakin Auditorlar Palatasının elektron sistemində MMC-nin VÖEN nömrəsi səhv qeyd edilmişdir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 12.1ci maddəsinə müvafiq olaraq müəyyən olunmuş müddətlərdə təqdim edirlər. Həmin qanunun 12.6-cı maddəsinə əsasən bu Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını (bu Qanunun 12.2-ci maddəsində göstərilənlər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar