Məhkəmə qərarları › İş №3(001)-457/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-457/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-457/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis polkovnik-leytenantı X4, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yardımlı rayonunun Solqard kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Daş Karxanası” ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs 05 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, “Mərkəz” adlanan ərazidə X2 məxsus “Samsung A12” markalı mobil telefonu danışmaq adı ilə ələ keçirərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş X6 bildirdi ki, 05 yanvar 2025-ci il tarixdə vətəndaş X3 DİN-nin 102 xidmətinə müraciət edərək, həmçinin Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə verərək, həmin gün saat 17 radələrində Binəqədi rayonu, “Mərkəz Binəqədi” adlanan yerdə sərnişin kimi maşınına əyləşmiş bir nəfər şəxsin ona məxsus “Samsung A12” markalı mobil telefonu danışmaq adı ilə götürüb, maşından düşərək uzaqlaşdığını, nəticədə telefonunun oğurlandığını bildirmişdir. Keçirilmiş tədbirlər nəticəsində telefonu oğurlayan şəxsin Şəxs olduğu müəyyənləşdirilmiş, 07 yanvar 2025-ci il tarixdə, saat 01:20-də Şəxs inzibati qaydada tutulmuş, sonradan izahatı alınmış və PBnin təhqiqatçısı tərəfindən 07 yanvar 2025-ci il tarixdə ziyanın miqdarının 200-250 manat olması əsası ilə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərar əsasında da onun tərəfindən hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sonda Ə.Ö.Ömərov məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, taksi sürücüsüdür. 05 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində bir nəfər şəxsi sərnişin kimi maşına mindirmiş, Binəqədi rayonu, “Binəqədi Mərkəz” adlanan yerdə həmin şəxs ondan avtomobili saxlamağı xahiş edib, oradan bir nəfər də götürəcəklərini demişdir. Sonra həmin şəxs ondan gözlədiyi adama zəng vurmaq üçün telefonunu xahiş etmiş, o da inanaraq özünə məxsus, dəyəri 200-250 manat olan “Samsung A12” markalı mobil telefonu istifadə etməsi üçün həmin şəxsə vermişdir. Həmin şəxs maşından düşüb telefonla danışa-danışa onun yanında uzaqlaşmış, sonradan isə telefonu söndürmüşdür. O, telefonunun oğurlandığını başa düşüb polisə müraciət etmişdir. Hazırki vaxtadək ona vurulmuş zərər ödənilmədiyindən, Şəxs şikayətçidir, ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs törətmiş olduğu məlum əməli səmimi etiraf edərək, izahatında göstərdi ki, o, Ələddin Cəfərova məxsus mobil telefonu istifadə etmək adı ilə götürmüş və oğurlamışdır. Sonradan həmin telefonla tanımadığı 2 nəfər şəxsə zəng edərək onların birindən 40, digərindən 60 manat pul almış, səhəri gün telefonu 25 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: - Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı Əjdər Əliyev tərəfindən qəbul edilmiş 07 yanvar 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X3 05 yanvar 2025-ci il tarixdə DİN-in 102 xidmətinə və həmin tarixdə Binəqədi RPİ-nin 43-cü PB-yə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 17 radələrində tanımadığı şəxs tərəfindən dəyəri 200-250 manat olan “Samsung A12” markalı mobil telefonunun oğurlandığını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X2 xırda talama yolu ilə 250 manat zərər vurmuş Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin 43-cü PB-yə göndərilmişdir. - 08 yanvar 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 07 yanvar 2025-ci il tarixdə, saat 01:20-də inzibati qaydada tutulmuş, 08 yanvar 2025-ci il tarixdə, saat 11:40-da azad edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs həmin inzibati xətanı törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə olunmamasını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 07 yanvar 2025-ci il tarixdə saat 01:20-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 07 yanvar 2025-ci il tarixdən saat 01:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar