Məhkəmə qərarları › İş №3(001)-4571/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4571/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4571/2020 10.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, №00100-2195/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə saat 06:53-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə Böyük Britaniyanın “SPİ (UK) LTD” şirkətindən KA003DR/KD003R nömrə nişanlı yük avtomaşını ilə daxil olmuş malların **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük idarəsində bəyan edildiyi, lakin sözügedən mallara dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsində **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar KA003DR/KD003R nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 06:53-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/028899 saylı xx.xx.2020-ci il tarixli raport, **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsi, Vahid avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) informasiya resursuna baxış keçirilməsi haqqında protokol, “VAİS” İnformasiya resursundan çıxarış, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi, X1 izahatı ilə təsdiq edilir. Numayəndə izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə Böyük Britanyanın “SPİ (UK) LTD” şirkətindən KA003DR/KD003R nömrə nişanlı yük avtomaşını ilə avadanlıq yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş, yükü göndərən şirkət tərəfindən mal-müşayiət sənədləri gec göndərilmiş və bu səbəbdən də qısa idxal bəyənnaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin və MMC-nin nümayəndələri məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli №00100-2195/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin rəisi, Gömrük xidməti polkovniki Gündüz Əliyev tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanan xx.xx.2020-ci il tarixli 34/012/028899 saylı raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində KA003DR/KD003R nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********3042 nömrəli GB ilə ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında tərtib olunmamışdır. İş materiallarında olan Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, Bakı Baş Gömrük idarəsinin Əməliyyat və X2 şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X5 icraatında olan 34/012/028899 nömrəli raportun araşdırma zərurəti ilə əlaqədar bu protokolu tərtib edirəm ondan ötrü ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən təqdim edifən xx.xx.2020-ci il tarixli **********3042 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursuna baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Bakı Baş Gömrük idarəsində **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar KA003DR/KD003R nömrə nişanlı yük avtomaşını ilə xx xxxxxxx 2020-ci il tarixdə saat 06:53-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. İş materiallarında olan protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən sorğu-sual edilmiş, nümayəndə izahatında bildirmişdir ki, Şəxs MMC-nin ünvanına xx xxxxxxx 2020-ci il tarixdə Böyük Britanyanın “SPİ (UK) LTD” şirkətindən KA003DR/KD003R nömrə nişanlı yük avtomaşını ilə avadanlıq yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********3042 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyənnaməsi ilə bəyan edilmiş, yükü göndərən şirkət tərəfindən mal-müşayiət sənədləri gec göndərilmiş və bu səbəbdən də qısa idxal bəyənnaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməmişdir. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alınır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 saylı Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə 00100-2195/20 saylı protokol üzrə təqsirli bilinib, 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar