Məhkəmə qərarları › İş №3(001)-4573/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4573/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4573/2025 17.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rayon X9 İdarəsinin yol polisi əməkdaşı tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP7313655 (Protokol nömrəsi İXP7181962) saylı qərar qəbul edilmişdir. Aşağıda qeyd olunanlar müvafiq qərarın qanunsuz və əsassız olmasını, inzibati xəta tərkibinin əslində mövcud olmamasını, buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinin zəruri olduğunu göstərir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 23:24 radələrində Binəqədi rayonu ərazisində ona məxsus olan “X10 minik” markalı, 77HD571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Binəqədi rayonu X7 Vəliyev İlkin adlı polis əməkdaşı tərəfindən saxlanılmışdır. İdarə etdiyi nəqliyyat vasitəsini saxladıqdan sonra həmin polis əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirmiş və ona nəqliyyat vasitəsinə led işıqlar quraşdırıldığı bildirmişlər. O, bildirmişdir ki, avtomobilin uzaq işıqları adi (sadə) lampadan ibarət, yaxın işıqlar isə led işıqlardır, amma qanunvericiliyin tələbinə uyğun olaraq quraşdırılmışdır. Duman işıqları da led işıqlar idi, qanunvericiliyin tələbinə uyğun quraşdırılmışdı və işıq qaytarıcıları var idi. Lakin polis əməkdaşı buna etiraz etmiş, protokol tərtib edəcəyini və avtomobili cərimə meydançasına aparacağını bildirmişdir. O, inzibati xəta haqqında protokol tərtib edilməsini və məhkəməyə müraciət edəcəyini bildirmişdir. Daha sonra led işıqları yerindəcə avtomobildən çıxarmış, adi (sadǝ) lampa yerləşdirmiş və hərəkətinə davam etmişdir. Qeyd edir ki, bu led işıqlar demək olar ki, 2 ildən artıqdır avtomobilə quraşdırılmışdır və indiyədək heç bir polis əməkdaşı tərəfindən bu işıqların quraşdırılması inzibati xəta hesab olunmamış, buna görə ona heç bir irad bildirilməmiş və heç vaxt barəsində inzibati cərimə tətbiq edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi inzibati məsuliyyət yaradır. Buna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd etmək istəyir ki, led işıqların quraşdırılması qanunvericiliklə qadağan edilməyib və onların əlavə avadanlıq hesab edilməsi ilə bağlı qanunvericilikdə heç bir müddəa mövcud deyildir. Bu da onu deməyə əsas verir ki, led işıqlar əlavə avadanlıq deyildir və quraşdırılması qadağan edilməmişdir. Avtomobilə quraşdırılan led işıqlar heç bir təhlükə yaratmır və sadə lampaların gücünə bərabər şəkildə quraşdırılmışdır, həmçinin işıq qaytarıcılarla da təchiz edilmişdir. Bütün bunlara baxmayaraq İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə əsassız olaraq barəsində 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qanunvericilikdə led işıqların quraşdırılması qadağan edilməmişdir, onun avtomobilinə quraşdırılan led işıqlar tamamilə qanunauyğundur və əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində tətbiq edilən inzibati cərimə ləğv edilməlidir. Hesab edir ki, yol polis əməkdaşı inzibati xəta tərkibi olmadan barəsində qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli "Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında" TP ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2 dəfə avtomobil texniki baxışdan keçmiş, heç bir problem olmamışdır. 3 ilə yaxındır avtomobili belə sürür, heç bir YPX əməkdaşı ona saxla işarəsi verməmişdir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra yerində led işqıları çıxararaq adi işqlarla əvəz etmiş və yalnız bundan sonra avtomobili özünə qaytarılmışdır. Avtomobili qaytarıldıqdan sonra isə yenidən sözügedən led işıqları avtomobilinə taxaraq hazırkı günədək həmin vəziyyətdə idarə etmiş, lakin hazırkı tarixədək yenidən inzibati tənbeh edilməmişdir. O, hadisə vaxtı avtomobildə ailə üzvləri olduğu üçün işıqları yerindəcə sökmüş, daha sonra təkrar bağlamışdır. Sutkanın qaranlıq vaxtı çox avtomobil sürdüyü üçün led işıqlar taxmışdır, çünki sarı işıqla yolu aydın görmək olmur. Həmin led işıqları avtomobilin alt duman işıqlarına quraşdırmışdır. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, qeyd olunan məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavənin 3-cü bəndi ilə tənzimlənir. 2010-cu il buraxılışlı olan “X10 minik” markalı avtomobilə sonrakı nəsil led işıqlar quraşdırılmışdır. Qeyd etdiyi qanuna əsasən isə bu qadağandır. Çünki həmin led işıqlar nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun deyildir. Tələblərə uyğun olmayan işıqların quraşdırılması isə avtomobil üçün təhlükəlidir, hər an alışma ola bilər. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, görüntü X5 YPX tərəfindən saxlanılan zaman qeydə alınmışdır. Həmin videoda X4 məxsus “X10 minik” markalı, 77HD571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duman işıqlarına quraşdırılmış led lampaları aydın şəkildə göstərir. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin İİ bəndinin 3-cü yarımbəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən,habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 idarə etdiyi “X10 minik” markalı, 77HD571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duman faralarını led işıqlarla əvəz etmişdir. Bu fakt həm şikayətçinin izahatı, həm də iş materiallarında olan video-görüntü ilə öz təsdiqini tapır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” qanunun 73-cü maddəsində duman faralarından yalnız 1) məhdudiyyətli görünmə şəraitində - həm ayrıca, həm də faranın yaxın və ya uzaq işıqları ilə birlikdə; 2) sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmamış sahələrində - faraların yaxın və uzaq işıqları ilə birlikdə; 3) bu Qanunun 73-cü maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda müvafiq nəqliyyat vasitələrində faranın yaxın işıqlarının əvəzinə istifadə oluna bilməsinin mümkünlüyü göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, X5 idarə etdiyi “X10 minik” markalı, 77HD571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin duman faralarını tipi nəqliyyat vasitəsinin konstruksiya tələblərinə uyğun olmayan led işıqlarla əvəz etməklə “Yol hərəkəti haqqında” qanunun 1 saylı Əlavəsinin İİİ hissəsinin 1ci bəndinin tələbinini pozmuş, bununla da İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 342.2.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar