Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4575/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3 A, mənzil 39 qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 196, m.4 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən müəyyən edilir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(001)-5728/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(001)-5728/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Şəxs 860 manat aliment borcu yaranmışdır. Şəxs sözügedən icra sənədi üzrə müəyyən edilmiş aliment pulunu sonuncu dəfə 05 iyun 2025ci il tarixdə ödəmişdir. İcra məmuru ifadəsinə əlavə etmişdir ki, tərəflərin birgə nikah müddətində iki uşağı olmuş, daha sonra boşanmış, bir daha barışmışlar. Barışıq müddətində onların üçüncü uşaqları dünyaya gəlmişdir. Hətta zərərçəkən sonradan barışıq dövründəki alimenti də tələb etmiş lakin məhkəmə bu tələbi rədd etmişdir. Nikah münasibətlərinə xitam veriləndə birinci iki uşağa görə aliment təyin edilmiş, ata hər ay müntəzəm alimenti ödəmişdir. Lakin sonradan X4 üçüncü uşağa görə də aliment ödənişi üçün müraciət etmiş xx.xx.2024-cü il tarixində bununla bağlı məhkəmə qətnaməsi qəbul edilmiş, aliment ödəmənin əvvəli nikah münasibətlərinə xitam verildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. Borclunun 860 manat borcu bu əsasla yaranmışdır. Həm də bu yaxınlarda zərərçəkən alimentin indeksasiyası ilə bağlı da müraciət etmiş məhkəmə xx.xx.2025-ci il tarixindən yeni hesablama ilə hər uşağa əlavə 50 manat da hesablamışdır. Borclu bugünədək 5055 manat aliment pulundan 4195 manatını ödəmiş, icra məmuru bir daha bildirmişdir ki, əvvəlki tarixə hesablanan uşağa görə yaranan 860 manat pul isə borclu tərəfindən ödənilməmişdir. Zərərçəkən ilk əvvəllər hissəhissə ödənişə razı olmuş, lakin borclu ödəyə bilməmiş, indi isə borclu hissə-hissə ödəmək istəsə də zərərçəkən bununla razılaşmayaraq pulu tam hissədə tələb edərək icraya ərizə ilə müraciət etmişdir. Ona görə də, tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə aliment borcundan yayınmamış və alimenti hər zaman tam ödəmişdir. Üç uşağa görə aliment ödədiyini, may ayından qarşı tərəfin ərizəsi ilə alimentin artımla hesablandığını, bu səbəbdən də əsas alimenti çətinliklə ödəyə bildiyini bildirən borclu, ifadəsinə çarəsiz qaldığını əlavə etmişdir. Daha sonra ifadəsinə onu da əlavə etmişdir ki, borc alimentin əvvəlki aylardan hesablanması ilə bağlı məhkəmənin qərarından sonra yaranmışdır. Çıxışının sonunda borclu taksi sürücüsü işlədiyini bu pulu tam ödəməyə imkanı olmadığını, hər ay əsas alimentə əlavə formasında ödəyə biləcəyini bildirərək məhkəmədən qeyd olunanları nəzərə almasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, borclu Şəxs mövcud 860 manat borcu tam istəyir, çünki ona möhlət versə də bu pulu ödəməkdən yayınmışdır. Sonda zərərçəkən uşaqlarının böyük olduğunu özünün ailəni təkbaşına keçindirmək üçün imkanı çatmadığını bildirərək, məhkəmədən borcu tam ödənilmədiyi halda borclunun həbs edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(001)- 5728/2024 nömrəli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdeh Şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.
6. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(001)-5728/2024 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
7. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(001)-5728/2024 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir.
8. İş üzrə materiallara əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, hər ay davamlı olaraq alimentlər ödənilmiş, cəmi 5055 manat aliment pulundan borclu tərəfindən 4195 manat aliment ödənilmişdir.
9. Zərərçəkmiş şəxs X4 tərəfindən icra şöbəsinə verilən ərizədən müəyyən edilir ki, tələbkar 860 manat qalıq borcu tam məbləğdə tələb edir.
10. Borclu tərəfindən icra şöbəsinə təqdim edilmiş ərizədən müəyyən edilir ki, o yaranmış 860 manat borcu alimentlə birgə tam ödəyə bilmir. Məhkəmənin əsaslandırması və mövqeyi
11. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir.
12. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir.
13. Qeyd edilməlidir ki, məhkəmədə toplanmış sübutlarla Şəxs barəsində olan icra sənədi üzrə hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Başqa sözlə desək şəxsin təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Əksinə, məhkəmə iclasında aşkar edilmiş xüsusatlardan Şəxs əməlində sözügedən inzibati xəta tərkibinin olmamasına dair kifayət qədər sübutların mövcud olması, barəsində olan icra sənədi üzrə icra məmurunun tələblərini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, Şəxs hər ay mütəmadi aliment pulunu qarşı tərəfə ödəmiş, tərəflər arasında mübahisəyə səbəb olan borc isə sonradan üçüncü uşağa alimentə görə müraciət əsasında qəbul edilmiş xx.xx.2024-ci il tarixli, 2(001)-5728/2024 nömrəli qətnamənin icrası tarixinin xx.xx.2024-cü il tarixdən hesablanması ilə yaranmışdır. Borclu ümumilikdə bugünədək 5055 manat aliment pulundan (bu məbləğin 860 manatı qalıq borcdur) 4195 manatını tam ödəmişdir. Məhkəmə iclas zalında o da müəyyən edilimişdir ki, onun 860 manat pulu birdəfəlik ödəmək imkanı olmasa da, pulu ödəməkdən yayınmır, qarşı tərəfə bu pulu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclas zalında borclunun bununla bağlı öhdəlik götürməsi və zərərçəkənlə qarşılıqlı ərizə tərtibi ilə bağlı tərəflərə təklif verilsə də borclu razılaşmış, zərərçəkən isə məhkəmənin təklifi ilə razılaşmayaraq pulun tam ödənilmədiyi halda borclunun inzibati qaydada həbsini tələb etmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, əməldə inzibati xəta tərkibinin yaranmasının əsas şərtlərindən biri də inzibati xətanı törədən şəxsin əmələ psixi münasibətidir. Qanunun mənasına görə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə isə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Halhazırkı vəziyyətdə isə borclunun qərəzli hərəkəti nəinki öz təsdiqini tapmır, əksinə hər ay stabil alimenti ödəməsi zərərçəkən və protokolu tərtib edən icra məmuru tərəfindən də təsdiq edilir. Məhkəmə zərərçəkənin borclunun inzibati həbs tələbinə münasibətdə isə bildirir ki, onun bu tələbi əsassız olmaqla, hər üç uşağa görə stabil və davamlı olaraq aliment ödəyən tərəfin tutulması ilə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaqdır. Belə ki, borclu gündəlik taksi fəaliyyəti ilə həmin alimenti ödəyir ki, onun azadlığı məhdudlaşdırıldığı halda bu qazancdan məhrum olacaq, nəticədə isə aliment ödənişi də ləngiyəcəkdir. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə əsas üstünlük şəxsi münasibətlər deyil, uşaqların mənafeləri olmalıdır.
14. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Məcəllənin 51.2-ci maddəsinə əsasən isə uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. O cümlədən həmin maddənin 6-cı bəndində qeyd edilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34.4-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
16. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir.
17. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
18. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
19. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
20. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
21. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
22. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova