Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4591/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə (16 dekabr 2024-cü il tarixli, EQ 25081628 nömrəli inzibati xəta haqqında protokol) təqsirli bilinib 10 manat məbləğində cərimə edilmiş, lakin cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Məhkəmə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron Ödəmələr Portalına baxış zamanı müəyyən edilmişdir ki, EQ 25081628 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar üzrə cərimə və dəbbə pulu tam ödənilmişdir (çıxarış əlavə olunur). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin Qeydinə görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsində hakimin inzibati xətalar haqqında işlərə baxarkən həll etdiyi məsələlər sırasında işin icraatını rədd edən halların mövcudluğu təsbit edilmişdir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs 16 dekabr 2024-cü il tarixli, EQ 25081628 nömrəli inzibati xəta haqqında protokol əsasında çıxarılmış qərar üzrə cəriməni və dəbbə pulunu tam ödədiyindən bu, işin icraatını rədd edən haldır və buna görə də başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1-ci və 109.2-ci maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-4591/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4591/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver