Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4592/2024 31.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, satıcı işləyən, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidmətin inspektorları tərəfindən saxlanılmış və sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Şəxs sərxoşluq dərəcəsinin müəyyən edilməsindən ötrü tibbi müayinəyə aparılarkən səs-küy salmağa başlamış, YPX inspektorlarını nalayiq ifadələrlə təhqir etmiş, xırda xuliqanlıq edərək ictimai qaydanı pozmuşdur. Şəxs tibbi müayinədən keçirildikdən sonra sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Müayinədən çıxdıqdan sonra da Şəxs öz hərəkətlərini davam etdirmiş, səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, YPX inspektorlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla bağlı Şəxs 4-cü polis şöbəsinə gətirilmiş, polis şöbəsində də səs-küy salaraq nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimin pozmuşdur. Polis şöbəsində Şəxs izahatı alınaraq barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 30 iyul 2024-cü il tarixdə o, iş yoldaşı ilə birlikdə yemək yeyib, spirtli içki içmişdir. Həmin gün qardaşı idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və işçisi Tural ona məxsus avtomobillə hadisə yerə getmişdir. Bir qədər sonra Tural qayıtmış və ardınca YPX inspektorları dükanın qarşısına gəlmişlər. YPX inspektorları ondan avtomobilin kimə məxsus olduğunu soruşmuş, o, avtomobilin özünə məxsus olduğunu, lakin işçisi tərəfindən idarə olunduğunu bildirmişdir. O, həmin vaxt içkili olduğu üçün YPX inspektorları ona inanmamış və sərxoşluq müayinəsindən keçmək üçün onu tibbi müayinə məntəqəsinə aparmışlar. O, YPX inspektorlarına avtomobili idarə etmədiyi bildirsə də YPX inspektorları onun kobud danışıb, təhqir etmişlər. O, da əsəbiləşib söyüşlə cavab vermişdir. Bundan sonra onun qolunu burub, döymüşlər və polis şöbəsinə aparmışlar. Polis şöbəsində inzibati qaydada tutulmuş və barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alıb barəsində başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X1 izahat verərək bildirmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat 17 radələrində YPX inspektoru Vüqar İbadovla birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində xidmətdə olarkən **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən manevr qaydaları pozulduğu üçün saxla işarəsi vermişlər. Lakin avtomobilin sürücüsü Şəxs avtomobili saxlamayaraq sürətini artırmış, təhlükəli vəziyyətdə idarə edərək məhəllələrin arasına daxil olmuşdur. Onlar həmin avtomobilin sürücüsünün hər hansı yol-nəqliyyat hadisəsini törətməsinin qarşısını almaq üçün təqib etmişlər. Şəxs avtomobili qoyub qaçmış, bir müddət sonra həmin şəxsin qardaşı ora yaxınlaşmış və Şəxs dükanda olduğunu bildirmişdir. Onlar dükanın qarşısına getdikdə Şəxs orada olduğunu görmüşlər. Şəxs sərxoş vəziyyətdə olduğunu görüb, sərxoşluq müayinəsindən keçməli olduğunu deyib müayinə məntəqəsinə aparmışlar. Həmin vaxt Şəxs səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Onlar dəfələrlə Şəxs sakit olmasını bildirsələr də sonuncu öz hərəkətlərini davam etdirmişdir. Müayinədən sonra da Şəxs öz hərəkətlərini davam etdirmiş, onları nalayiq ifadələrlə təhqir etmiş, səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Buna görə Şəxs 4-cü polis şöbəsinə aparılaraq növbətçi hissəyə təhvil verilmişdir. Baş vermiş hadisə ilə bağlı tərəflərindən raport yazılmışdır. Şəxs polis şöbəsinə təhvil veriləndən sonra orada növbətçi hissəsinin iş fəaliyyətini pozmuş, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru X5 digər şahid X1 ilə eyni məzmunlu izahat verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportlardan görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə saat 17radələrində Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorlarını nalayiq ifadələrlə təhqir edərək qanuni tələblərinə tabe olmamış, ictimai qaydanı pozduğuna görə Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş, şöbənin normal iş fəaliyyətini pozmuşdur. xx.xx.2024-cü il tarixli 019182 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorlarına qarşı nalayiq ifadələr işlədərək, səs-küy saldığı üçün barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2024-cü il tarixdə polis əməkdaşlarına tabesizlik göstərdiyi üçün barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi alınmış izahatlar və məhkəmə iclasında tətqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, İXM-in 535.1-ci maddəsi həmin Məcəllənin 510-cu maddəsinə görə daha ciddi xəta hesab olunduğundan və Şəxs barəsində tərtib edilmiş protokollar əsaslı olduğundan, ona İXM-in 535.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-4592/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4592/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver