Məhkəmə qərarları › İş №3(001)-4595/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4595/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4595/2024 18.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, İdrisli Jalə Qalib qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş məsləhətçisi X12, şikayət vermiş şəxsin etibarnamə əsasında nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin 11 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 DƏMX-nin Bakı şəhər İdarəsinin ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 manat məbləğində cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru X2 tərəfindən Qarabağ və Şərqi Zəngəzur istisadı rayonlarına giriş informasiya sistemi üzərindən işçilərin işğaldan azad edilmiş ərazilərə giriş və iş icazəsi alınmış, lakin həmin şəxslərin əmək müqaviləsi bildirişləri nazirliyin “əmək və məşğulluq” alt sisteminə daxil edilməmişdir. Nəticədə işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişlər. İlk əvvəl qeyd edilməlidir ki, hər hansı fiziki və ya işə cəlb edilmiş şəxsin əmək hüquqlarının pozulması ilə bağlı DƏMX müraciət daxil olmamış, inzibati araşdırma aparmaq tələb edilməmişdir. DƏMX qanunla müəyyən edilmiş səlahiyyətlərindən kənara çıxara yoxlama aparmış, yoxlamanı Daxili İşlər Nazirliyinin icazə portalına daxil olmaqla aparmış, həmin portalı yoxlamış, yoxlama nəticəsində hazırkı inzibati xəta haqqında qərarı çıxarmışdır; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dən dayandırılır. Açıqaydın göründüyü kimi DƏMX etdiyi hərəkətin adı - yoxlamadır, yoxlama aparmaq isə qanunla qadağan edilib. Qeyd edilən qanun bütün yoxlamaları əhatə edir, istisna Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində nəzərdə tutulan və yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalardır. Yəni, hər hansı müraciət və ya şikayət olmadan kabinetdə və ofisdə oturub yoxlama aparmaq şikayətin 1.1-ci bəndində göstərilən qanun normasına əsasən yolverilməzdir. DƏMXnin hazırkı yoxlamanı aparmağa səlahiyyəti olmamışdır. "xxxx" MMC tərəfindən Qarabağ və Şərqi Zəngəzur istisadı rayonlarına giriş informasiya sisteminə hər hansı şəxsin göndərilməsi ilə bağlı nə ASAN imza vasitəsi ilə, nə də məktubla, nə də har hansı digər qaydada Daxili İşlər Nazirliyinə müraciət edilməyib. Belə bir müraciətin mövcudluğundan məlumatsızdırlar. Ehtimal edilən inzibati xəta ondan ibarətdir ki, fiziki şəxslərin adı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sisteminə daxil edilmiş və onların adlarının sistemə daxil edilməsi işə cəlb edilmələri anlamına gəlir. İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyət əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə yaranır.Hər hansı şəxsin adının sistemə daxil edilməsi işə cəlb edilmə sayılmır. İşə cəlb edilmə edilmə hər hansı işi aparmağın tapşırılmasıdır. DƏMX məhkəmədə sübut etməlidir ki, həmin şəxslər işə cəlb edilmişdir. Çıxarılmış xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, DƏMX Qarabağ və Şərqi Zəngəzur iqtisadı rayonlarına giriş informasiya sisteminə daxil edilmiş fiziki şəxslərin izahatı alınmamış, onların işə cəlb edilib edilməməsi, hər hansı işin tapşırılması dəqiqləşdirilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən DƏMX-nin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru olaraq X2 barəsində çıxardığı ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və inzibati xəta hqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayətçi X1 etibarnamə əsasında nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə bildirmişdir ki, X1 direktoru olduğu "xxxx" MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi şəxslər barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul etmək məhkəmənin səlahiyyətinə aid olduğundan baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-3935/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin inzibati xəta törətməsi, qanun pozuntusun yol verməsi və əmək qanunvericiliyinin tələblərindən kənara çıxması müəyyən edilməmişdir. Sözügedən qərardan X13 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1866/2024 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Eyni zamanda, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi haqqında” və “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanunlara əsasən hazırki inzibati iş üzrə keçirilən yoxlamalar X4 fəaliyyət sferasına daxil deyil. Bu, istisna hal kimi müəssisədə çalışmış hər hansı işçinin şikayəti əsasında X4 hazırki məsələdə icraatın aparılmasına yol verilə bilərdi. Həmçinin, tərəflərindən DİN-nin sisteminə işçilərin yerləşdirilməsi ilə bağlı müraciət olmamışdır. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanda müəssisə işçilərindən hər hansı birinin həmin ərazidə əmək fəaliyyətini yerinə yetirməsi ilə bağlı heç bir sübut növu yoxdur. Qeyd etdiklərinin nəzərə alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi X2 barəsində çıxarılan ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və vəzifəli şəxs barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin baş məsləhətçisi X21 bildirmişdir ki, yoxlamalar nümayəndəsi olduğu orqana DİN tərəfindən təqdim olunmuş çıxarışlar əsasında keçirilmişdir. Həmçinin, İXM-nin 100-cü maddəsində xətanın aşkar edilməsindən dərhal sonra protokol tərtib edilməsinin vacibliyi qeyd olunur. Bu səbəbdən, həmin işçilərin araşdırılmaya dəvət edilməsi və həqiqətən də həmin ərazilərdə əmək fəaliyyətlərinin yerinə yetirilməsini dəqiqləşdirmək mümkün olmamışdır. Bu səbəbdən, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 4000 manat inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 3935/2024 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində tərtib edilmiş MN ******* nömrəli, 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1866/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-3935/2024 saylı qərarından X13 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan verilmiş olan şikayəti iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdıraraq verilmiş şikayətin təmin edilməsi, şikayətçi barəsində qəbul edilmiş 11 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, X1 direktoru olduğu "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair X4 Bakı şəhər İdarəsi tərəfindən 27 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğadan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X5, X6, X10, X7, X8, X14, X9, X3 adlarına Nazirliyin Əmək və Məşğulluq alt sistemlərində qüvvədə olan əmək müqavilələrinin aşkar edildiyi və həmin işçilərlə əmək müqavilələri hüquqi qüvvəyə minmədən onların işlərin yerinə yetirilməsinə cəlb edildiyinin aşkar edildiyi göstərilmişdir. Məhkəmə, yuxarıda adı çəkilən şəxslərin "xxxx" MMC tərəfindən hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar, onun xeyrinə işlərin görülməsinə,xidmətlərin göstərilməsinə cəlb edilməsinin sübuta yetirilmədiyi, bu faktı təsdiq edən halların inzibati orqan tərəfindən araşdırılmadığı və adı çəkilən şəxslərin əmək müqaviləsi imzalamadan əməyə cəlb edilməsinin təsdiq edən sübutların inzibati orqan tərəfindən təqdim edilməməsinə əsaslanmaqla "xxxx" MMCnin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərarına gəlmişdir. Həmin qərardan inzibati xəta haqqında protokolu tərtib etmiş oerqan tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1866/2024 nömrəli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Qanunvericinin bu mövqeyi onunla bağlıdır ki, hüquqi şəxsin bir işçisinin, vəzifəli şəxsinin hüquqazidd əməllərinin qarşısı digər vəzifəli şəxsləri tərəfindən alına bilər. Belə ki, hüquqi şəxsin məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən inzibati xətanın törədilməsi zamanı həmin Məcəllənin 18.2.1- 18.2.4-cü maddələrində qeyd edilən şəxslərin buna yol verməsi, qarşısını almaması, təqsirkarın fəaliyyətinə lazımi nəzarəti aparmaması nəticəsində yaranır. Beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Göründüyü kimi, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, vəzifəli şəxs barəsində isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hüquqi şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və sözügedən qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə olduğu halda hüquqi şəxs "xxxx" MMC-nin əməlində eyni inzibati xətaya dair İXM-nin 192.1-ci maddəsinin tərkib əlaməti olmadığından, müvafiq olaraq onun vəzifəli şəxsinin də əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni inzibati xəta ilə bağlı inzibati orqan tərəfindən həmiçinin "xxxx" MMC-nin direktoru, hazırkı iş üzrə şikayətçi X2 barəsində 11 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X2 İXM-nin 192.-ci maddəsi ilə təqsirli bilinrək vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə edilmişdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərarda da Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğadan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X5, X6, X10, X7, X8, X14, X9, X3 adlarına Nazirliyin Əmək və Məşğulluq alt sistemlərində qüvvədə olan əmək müqavilələrinin aşkar edildiyi və X1 həmin işçilərlə əmək müqavilələri hüquqi qüvvəyə minmədən onların işlərin yerinə yetirilməsinə cəlb etməsi, bununla da onun tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Lakin, məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X1 yuxarıda adları çəkilən şəxslərin işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsinin sübuta yetirilməmiş və adı çəkilən şəxslərin əmək müqaviləsi imzalamadan əməyə cəlb edilməsinin təsdiq edən sübutların inzibati orqan tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 33-cü maddələrinə əsasən işçilərlə işəgötürənlər arasında yaranan münasibətləri, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavvilə əmək müqaviləsi adlanır. Həmin Məcəllənin 7-ci maddəsinə görə; İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, X1 barəsində qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar