Məhkəmə qərarları › İş №3(001)-4596/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4596/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4596/2024 12.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X5, iş üzrə zərərçəkmiş şəxs olan X3 iştirakları ilə, X5 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə olunmuşdur. Tərtib edilmiş protokollar və onun əsasında qəbul edilmiş qərarla razı olmadığını, heç bir qanuni əsas olmadan, heç bir araşdırma aparılmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində qərəzli olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə müvafiq inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul etmişlər. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 bildirmişdir ki, baş vermiş hadisə düzgün araşdırılmamış, hadisəni törədib hadisə yerindən qaçan şəxs məsuliyyətə cəlb edilməli olduğu halda onun barəsində təqsirli olması barədə qərar qəbul edilmişdir. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən 9 ay sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Binəqədi RPİ tərəfindən bu işin ört basdır edildiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq yol-nəqliyyat hadisəsi sxemi çəkilmədiyini, onların hər ikisinin orada olduqlarını qeyd etmişdir. Halhazırda sığorta tərəfindən onlardan mülki qaydada pul tələb edildiyini bildirmişdir. Hadisə yerindən qaçan şəxsin məsuliyyətdən kənarda qaldığını, iş üzrə tənbeh vermə haqqında qərarın gec qəbul edilməsinin səbəbi Binəqədi RPİ-nin əməkdaşı polis kapitanı Bəşirov olduğunu bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs olan X6 bildirmişdir ki, baş vermiş hadisə düzgün araşdırılmamışdır. Verilmiş suallara cavab olaraq yol-nəqliyyat hadisəsi sxemi çəkilmədiyini, onların hər ikisinin orada olduqlarını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Chevrolet Epica markalı 10PZ818 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmiş və inzibati məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru polis mayoru X2 tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatları və iş materiallarını araşdıraraq nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan tərəfindən X5 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X5 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, inzibati icraatın aparılma qaydaları kobud şəkildə pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən, inzibati icraatın aparılma qaydaları kobud şəkildə pozulduğundan hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, 04 noyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, bu qərar əsasında 8 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə X7 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsi faktı üzrə süründürməçiliyə yol verilmiş və prosessual müddətlər pozulmaqla müvafiq qərar qəbul edilmiş, bu da öz növbəsində araşdırmanın obyektivliyini şübhə altına alır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda və materialın surəti ilə müəyyən edilmişdir ki, iş üzrə izahat vermiş şəxslər ziddiyətli izahatlar vermələrinə baxmayaraq səlahiyyətli orqan tərəfindən bu ziddiyətlər araşdırılmamış, yol nəqliyyat hadisəsinin sxemi həmin hadisədə iştirak etmiş şəxslər tərəfindən imzalanmamış, eləcə də iş üzrə yol-nəqliyyat hadisəsi üzrə ekspertiza təyin edilməmiş və müvafiq rəy alınmamışdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən pozuntulara yol verilməklə qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X5 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hadisə baş verən ərazidə kamera görüntülərinin olubolmaması dəqiləşdirilməmiş, yol nəqliyyat hadisəsi barədə tərtib edilmiş sxem isə hadisənin iştirakçıları tərəfindən imzalanmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçilərin iştirakı təmin edilməklə onların göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman hadisə yerini müşahidə edən kamera görüntülərinin olub-olmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli, yol nəqliyyat hadisəsinə dair sxem tərtib edilərək imzalanması üçün iştirakçılara təqdim edilməli, yaranmış ziddiyətlər aydınladılmalı, yol nəqliyyat hadisəsinə dair müvafiq ekspertiza təyin edilərək rəy alınmalı, yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X5 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X5 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar