Məhkəmə qərarları › İş №3(001)-4597/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4597/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4597/2024 20.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, Mərkəzi Bank tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi və faktiki ünvanına ünvanlanan xx.xx.2024-cü il tarixli, 6-l-26/2-Kol-42-9065/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2009-2023-cü illərin yekunu üzrə maliyyə hesabatlarını, aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrinin surətini, habelə son 14 il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) məktubda göstərilmiş müddət ərzində ASC Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin səhmdarları Hüseynov Mətləb, Süleymanova Yasəmən və Babayev Hakim tərəfindən Mərkəzi Banka müraciət olunaraq səhmdar kimi hüquqlarının pozulmasını bildirmişlər. Qeyd edilən müraciətdən sonra X1 Departamenti tərəfindən "xxxx" ASC-yə məktub ünvanlanmışdır. Ünvanlanmış məktubda 2009-2023 illərin yekunu üzrə maliyyə hesabatları, aidiyyəti şəxslərlə bağlanan əqdlər və xüsusi əhəmiyyətli əqdlər, əlavələrin surəti, habelə son 14 il ərzində səhmdarlara divident hesablanıb hesablanmaması, hesablanmışdırsa sənədlərin 7 gün ərzində Mərkəzi Banka təqdim olunması xahiş olunmuşdur. Məktubda göstərilmiş sənədlər Mərkəzi Banka təqdim olunmamış, bundan sonra yenidən Mərkəzi Bankın müvafiq departamenti tərəfindən "xxxx" ASC-yə məktub ünvanlanmışdır və 24 may 2024-cüil tarixli məktubun icra edilməsi tələb edilmiş, icra edilməyəcəyi təqdirdə İXM-nin 548.2-ci maddəsi ilə baralərində protokol tərtib ediləcəyi qeyd olunmuşdur. Bundan sonra Mərkəzi Bank tərəfindən "xxxx" ASC barəsində qeyd edilən sənədlərin təqdim olunmamasına görə İXM-nin 548.2-ci maddəsi ilə 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məktubların poçt vasitəsi ilə vergi portalında cəmiyyətin hüquqi ünvanı kimi qeyd edilən Ziya Bünyadov küçəsi məhəllə 30 97-yə göndərilmişdir. Bütün məktubların poçt vasitəsi ilə göndərildiyini, lakin hazırda xəbərnamələrin olmadığını, onlar tərəfindən sənədlərin poçta təqdim olunduğunu, lakin sənədlərin cəmiyyət tərəfindən qəbul olunub-olunmaması ilə bağlı məlumatı olmadığını qeyd edərək həmin məlumatları dıqiqləşdirib məlumat verəcəyini bildirmişdir. Daha sonra keçirilən məhkəmə iclasında səhmdar cəmiyyətin hüququ ünvanı olan Bakı şəhəri, Binqəqədi rayonu, Ziya Bünyadov küçəsi məhəllə 3097 ünvanına xx.xx.2024-cü il tarixli 6-1-16/2-57/2024 saylı məktubun göndərilməsi barədə poçt sənədini məhkəməyə təqdim edərək, həmin poçt sənədinə əsasən qeyd edilən məktub cəmiyyət həmin ünvanda tapılmadığından çatdırılmadığını bildirmişdir. "xxxx" ASC tərəfindən onlarla əlaqə saxlanılaraq ünvanlarını dəyişdiklərini, faktiki ünvanlarının “Elmlər Metrosstansiyasının” yaxınlığında yerləşən “Mirvari Park”da olduğunu bildirmişlər. Daha sonra ona verilmiş suallara cavab "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş cəmiyyət tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan xx.xx.2024-cü il tarixli Bİ/XO/007-24 saylı cavab məktubundan məlumatsız olduğunu, "xxxx" ASC barəsində Mərkəzi Bank tərəfindən səhmdarların illik ümumi yığıncaq protokollarının təqdim edilməməsi əsası ilə hər hansı tədbir görülmədiyini, həmin məslələrlə bağlı Mərkəzi Bankın digər aidiyyatı strukturları məşğul olduğunu, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi barədə hər hansı məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında hüquqi şəxs “Bakı İnşaat-2" ASC-nin nümayəndəsi Nümayəndə3 cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş etirazın dəlillərinə uyğun olaraq qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsi cəmiyyətin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə o qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş sorğu "xxxx" ASC tərəfindən cavablandırılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli məktub ilə hesabatlar, səhmdarların ümumi yığıncağının protokolu, audit hesabatı, maliyyə hesabatları Mərkəzi Banka təqdim edilmişdir. Təqdim edilən poçt qəbzindən də görünür ki, qeyd edilən xx.xx.2024-cü il tarixli məktub xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına çatdırılmışdır. Lakin, xx.xx.2024-cü il tarixdə tərtib edilən hazırki protokolda həmin məktub və göndərilən sənədlər nəzərə alınmamadan əsassız olaraq cəmiyyət barəsində protokol tərtib edilmişdir. Əlavə olaraq nümayəndə çıxışında bildirmişdir ki, sözügedən sənədlər hər il Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilir. Əks halda, yəni təqdim edilmədiyi təqdirdə ASC barəsində tənbeh tətbiq edilərdi, lakin bu günə qədər, sözügedən 14 ildə cəmiyyət barəsində hər hansı tənbeh tətbiri tətbiq edilməmiş və bu hal cəmiyyət tərəfindən hər il hesabatların Mərkəzi Banka təqdim edildiyini təsdiq edən sübutdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hüquqi şəxsin ünvanı ünvan 5erləşir. “Mirvari Park”da isə cəmiyyətin özü deyil, cəmiyyətin mühasibatlığını aparan şirkət fəaliyyət göstərir. Səhmdarların ümumi yığıncaq protokollarının hər il Mərkəzi Banka təqdim edildiyini, həmin sənədlər təqdim edilmədiyi halda cəmiyyət barəsində intizam tənbehi tətbiq edilməli olduğunu, lakin bugunədək Mərkəzi Bank tərəfindən cəmiyyət barəsində hər hansı protokol tərtib edilmədiyini, qeyd edilənlə də cəmiyyət tərəfindən hər hansı pozuntu edilməməsini və lazimi sənədlərin təqdim edilməsini təsdiq edir. Bundan başqa səhmdarların maliyyə hesabatları ilə tanış ola bildiklərini, səhmdarlara hətta bununla bağlı məlumat verildiyini, sadəcə səhmdarların sayı çox olduğundan qrafik üzrə tanış olmaları onalara bildidirldiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, dividentlərin ödənilməsi məsələsi qanunvericiliyə uyğun olaraq səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olduğundan, cəmiyyətdə hər hansı divident olmadığı üçün səhmdarlara dividentin ödənilmədiyini, səhmdarlara divident ödənilməməsi Mərkəzi Banka təqdim edilmiş səhmdarların ümumi yığıncaq protokollarından da göründüyünü bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, sorğuya cavab verilməməsi halı olmuş olsa belə bu İXM-nin 548.2-ci maddəsinin tərkibini deyil başqa inzibati xəta tərkibini yaradır. İXM-nin 548.2-ci maddəsi ilə məsuliyyət o zaman yaranır ki, Mərkəzi Bankin fəaliyyətini təmin edən sənədlər təqdim edilməsin. Lakin cəmiyyət tərəfindən Mərkəzi Bankın fəaliyyətini təmin edən sənədlər bu illər boyu mütamadi olaraq təqdim edilmişdir. Daha sonra çıxışında Mərkəzi Bankın sorğularına qanunla müəyyən edilmiş müddətdə cavab verildiyini həmçinin inzibati xəta haqqında icraat aparılarkən qanunvericiliyin tələblərinin pozulduğunu qeyd edərək Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində İXM-nin 548.2-ci maddəsi ilə tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mərkəzi Bank tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi və faktiki ünvanına ünvanlanan xx.xx.2024-cü il tarixli, 6-l-26/2-Kol-42-9065/2024 saylı məktubu ilə tələb edilən sənədləri (2009-2023-cü illərin yekunu üzrə maliyyə hesabatlarını, aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrinin surətini, habelə son 14 il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd) məktubda göstərilmiş müddət ərzində ASC Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. - xx.xx.2024-cü il tarixli Bİ/XO/002-24 saylı "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məktubdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə səhmdarlar ilə görüş keçirildiyi, məsələlərin müzakirə edildiyi və səhmdarların sorğu etdikləri məlumatlara nizamnamədə müəyyən edilmiş qaydada qabaqcadan razılaşdırılmış qrafik əsasında tanış olma imkanlarının təmin olunacağı qeyd edilmişdir; - xx.xx.2024-cü il tarixli 6-1-26/2-Kol-42-3773/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nə müraciət edərək, səhmdarlara 2008-2022-ci illər üzrə olan illik hesabatı, maliyyə hesabatları ilə tanış olması üçün şəraitin yaradılması və bu barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmişdir; - xx.xx.2024-cü il tarixli 6-1-26/2-1938/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nə müraciət edərək, xx.xx.2024cü il tarixli məktub ilə tələb edilən sənədlərin bugünə qədər təqdim edilmədiyi bildirilmiş, 5 iş günü ərzində həmin sənədlərin təqdim edilməyəcəyi təqdirdə İXM-nin 548.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - xx.xx.2024-cü il tarixli Bİ/XO/004-24 saylı "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məktubdan görünür ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq qeyd edilmişdir ki, həmin məktubda tələb edilən sənədlər xx.xx.2024-cü il tarixli məktub ilə cavablandırılmışdır; - xx.xx.2024-cü il tarixli 6-1-26/2-2991/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nə müraciət edərək, 2008-2022-ci illər üzrə olan illik hesabat, maliyyə hesabatları ilə tanış olması üçün səhmdarlara şəraitin yaradılıb-yaradılmaması barədə 5 (beş) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş edilmişdir; - xx.xx.2024-cü il tarixli Bİ/XO/005-24 saylı "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məktubdan görünür ki, "xxxx" ASC tərəfindən Mərkəzi Bankın sonuncu məktubuna cavab olaraq qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə səhmdarlara proseduru izah edən rəsmi məktub göndərildiyi, səhmdarlar tərəfindən təkrar müraciət olunduğu təqdirdə razılaşdırılımış gün və saat müəyyən edilərək şərait yaradılacağı bildirilmişdir; - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan 24 may 2024-cü il tarixli 6-1-26/2-Kol-42-9065/2024 saylı məktubdan görünür ki, 2009-2023-cü illərin yekunu üzrə maliyyə hesabatlarının, aidiyyəti şəxslərlə bağlanılan əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin əlavələrinin surətinin, habelə son 14 il ərzində səhmdarlara dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdarlara hesablanmış dividendlərin məbləğləri haqqında məlumat və ödənilməsini təsdiq edən sənədlərin 7 gün müddətində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmişdir. Həmin məktubun göndərilməsinə dair poçt qaiməsində alıcı şəxsin "xxxx" ASC olması və Binəqədi rayonu, Ziya Bünyadov məh 3097 ünvanına göndərilməsi qeyd edilmiş, lakin həmin məktubun çatdırılması qrafasında bu barədə heç bir qeyd aparılmamışdır. - xx.xx.2024-cü il tarixli 6-1-26/2-4714/2024 saylı məktuba əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nə müraciət edərək, tələb edilən sənədlərin 3 iş günü ərzində təqdim edilməsini, əks halda İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir; - Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan 10 iyul 2024-cü il tarixli 6-1-26/2-5151/2024 saylı məktubdan görünür ki, 24 may 2024-cü il tarixli 6-1-26/2-Kol-42-9065/2024 saylı məktub ilə tələb edilən məlumatlar təqdim edilməmişdir. Həmin məktubda qeyd edilən məlumatların 5 gün ərzində Mərkəzi Banka göndərilməsi xahiş edilmiş, əks halda Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunma barədə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məlumat verilmişdir. Həmin məktubun göndərilməsinə dair poçt qaiməsində alıcı şəxsin "xxxx" ASC olması və Yasamal rayonu, Hüseyn Cavid pr, X2, A bloku ünvanına göndərilməsi qeyd edilmiş, çatdırılma qrafasında həmin məktubun xx.xx.2024-cü il tarixdə “Elmira” adlı şəxs tərəfindən alınmışdır. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan 04 iyul 2024-cü il tarixli Bİ/XO/007-24 saylı məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin illik maliyyə hesabatları, kənar audit təşkilatının rəyi və səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair protokolun təsdiq edilmiş surətləri Mərkəzi Banka göndərilmişdir. Həmin məktubun göndərilməsinə dair poçt qaiməsində alıcı şəxsin Mərkəzi Bank olması qeyd edilmiş, çatdırılma qrafasında həmin məktubun xx.xx.2024-cü il tarixdə poçt qutusuna təhvil verilməsi qeyd edilmişdir. - İş materiallarına əlavə edilən sürətli poçt xidmətinin qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən yuxarıda qeyd edilən məktub xx.xx.2024-cü il tarixdə Mərkəzi Banka çatdırılmışdır. - xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş aktdan və A655558 qaiməli poçt zərfindən görünür ki, inzibati xəta haqqında protokolun Şəxs Açıq Səhmdar Cəmiyyətinə göndərilməsi barədə olan A655558 qaiməli poçt zərfi kuryer tərəfindən ünvan 9 ünvanda belə bir şirkət aşkar edilməmişdir. İXM-nin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan və məhkəmə iclası zamanı tədqiq edilmiş "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli Bİ/XO/007-24 saylı məktuba əsasən Mərkəzi Bankın ASC-dən tələb etdiyi və hazırki inzibati xətanın törədilməsinin əsasını təşkil edən və ASC tərəfindən təqdim edilmədiyi qeyd edilən sənədlər "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmişdir. Poçt qəbzinin surətindən də görünür ki, həmin məktub və qoşma sənədlər xx.xx.2024-cü il tarixdə Mərkəzi Banka çatdırılmışdır. Mərkəzi Bank tərəfindən protokol tərtib edilərkən, yəni xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Mərkəzi Bankın tələb etdiyi sənədləri artıq Mərkəzi Banka təqdim etmiş və İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxmışdır, lakin bu hal tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokolda öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-nin 548.2-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 29 iyul 2024-cü il tarixli, EP ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol üzrə hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar