Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-46/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Novruzova Cəmilə Davud qızının katibliyi, "xxxx" Elektrik şəbəkə müəssisəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Elektrik şəbəkə müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti tərəfindən "xxxx" Elektrik şəbəkə müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Məsud Davudoğlu və Mirzə Məmmədxan küçələrinin kəsişməsində "xxxx" Elektrik Müəssisəsi tərəfindən avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması, yəni müvafiq icazə almadan kommunikasiya xətti (elektrik xətti) çəkərək inzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən, "xxxx" Elektrik Müəssisəsi barəsində 15 dekabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan "xxxx" Elektrik şəbəkə müəssisəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti tərəfindən "xxxx" Elektrik şəbəkə müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol müəssisənin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuşdur. Həmçinin həmin tarixdə inzibati xəta hadisəsi hüquqi şəxs tərəfindən törədilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" Elektrik şəbəkə müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti tərəfindən tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Plenum qərarında formalaşdırdığı mövqeyə görə hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Lakin hazırki işdən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin İXM-nin 18.2- 18.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti şəxsləri tərəfindən inzibati xəta hadisəsinin törədilməsi faktı aşkarlanmadığı və inzibati məsuliyyətə cəlb edilmədiklərindən məhkəmə hesab edir ki bu halda hüquqi şəxsin təqsirini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı "xxxx" Elektrik şəbəkə müəssisəsi tərəfindən inzibati xəta hadisəsinin törədilmədiyi, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Elektrik şəbəkə müəssisəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-46/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-46/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver