Məhkəmə qərarları › İş №3(001)-46/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-46/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-46/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs ASC, AZ1052, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi ev 30/68 VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs ASC 2023-cü ilə dair emitentin illik hesabatını Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli 6-1.26/2-7075/2024 saylı məktubunda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Şəxs ASC-yə bildiriş göndərilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və Şəxs ASC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs ASC inzibati qaydada tənbeh edilməlidir. Belə ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun 75-ci maddəsinə müvafiq olaraq emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən on gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs ASC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli 6-1.26/2-7075/2024 saylı məktubundan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” qanunun 75-ci maddəsinə müvafiq olaraq hüquqi şəxs Şəxs ASC-dən 2023-cü ilə dair emitentin illik hesabatının 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuş, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair cəmiyyətə xəbərdarlıq edilmişdir. Poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs ASC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli 6-1.26/2-7075/2024 saylı məktub xx.xx.2024-cü ildə saat 11:20-də cəmiyyətin işçisi tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli 6-1.26/3- 11336/2024 saylı xidməti məktubundan görünür ki, hüquqi şəxs Şəxs ASC 2023-cü ilə dair emitentin illik hesabatını Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli 6-1.26/2-7075/2024 saylı məktubunda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə olan halda aydın olur ki, hüquqi şəxs Şəxs ASC 2023-cü ilə dair emitentin illik hesabatını Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli 6-1.26/2-7075/2024 saylı məktubunda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.3-cü maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar