Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4603/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X6, zərər çəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, 102 Xidmətindən daxil olmuş məlumat əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində material toplanmışdır. Belə ki, X2 atası Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, əməldə İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan qərar qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, iş üzrə zərər çəkmiş şəxs X2 onun qızıdır. Keçmiş həyat yoldaşı ilə ayrılsalar da, eyni ünvanda ayrı-ayrı evlərdə yaşayırlar. Belə ki, həyət evi olduğundan onlara məxsus torpaqda 2 ev inşa etmişdirlər. Evlərin birində o, yeni həyat yoldaşı ilə birlikdə yaşayır. Digər evdə isə qızı Xədicəxanım Kazımlı və keçmiş həyat yoldaşı yaşayırlar. Hadisə günü o qızı ilə qapının kilidli olması ilə bağlı mübahisə etmiş, lakin qızını təhqir etməmiş, onu söyməmişdir. O, əsas mübahisəni keçmiş həyat yoldaşı X4 ilə yaşamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qapını zərbə ilə vuraraq aşırtmışdır, ola bilər ki, qızı həmin qapı aşan zaman qapının dəyməsindən xəsarət almışdır. Bundan başqa hadisədən bir az əvvəl spirtli içki qəbul etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, atası Şəxs ilə bir həyətdə yaşayırlar. Lakin həyətə giriş qapılar ayrıdır. Atasının ikinci həyat yoldaşı ilə yaşadığı evin qapısı həyətin o biri tərəfindəndir. Həmin qapıdan həyətə daxil olunan zaman onları evi görünmür. Atası ilə evə spirtli içki qəbul edən kişilər gəldiyindən onlar narahat olurlar. Onlar yaşadığı evə yaxın olan həyətə açılan qapını bağlı saxlayırlar ki, həyətə girən yad adamlar onları görməsin. xx.xx.2023-cü il tarixdə həyətdə oturduğu üçün həmin qapını bağlamışdı. Bu zaman atası gələrək ona qışqırmış, həyətin qapısını üzərinə aşırtmış, həmçinin onu vurmuşdur. Məhkəmə iclasında şahid X4 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, hadisə baş verən zaman evdə olmamışdır. Ona Şəxs yeni həyat yoldaşı zəng edərək bildirmişdir ki, qızını döyürlər. O da evə gəlmiş, Şəxs ilə mübahisə yaşamış, qızının xəsarət aldığını görərək mübahisədən sonra polisə müraciət etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar həyətlərinə açılan qapını ondan ötrü bağlayırlar ki, Şəxs yanında evinə gələn dostları normal adamlar olmurlar, hamısı spirtli içkinin təsiri altında olur. Bu səbəbdən qapılarını bağlı saxlayırlar ki, həmin kişilər onları həyətdə görməsin. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rövşən Xanbabayev tərəfindən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və Şəxs İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.. xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 234.4.1, 234.4.3-cü maddələri təqsirli bilinərək, 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər iş materialları, şahid izahatı və zərər çəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qızı X3 döyməməsi ilə bağlı məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterli hesab edir. Belə ki, şəxs inzibati xəta haqqında protokol tərtib edilərkən izahat vermiş və qızına sillə vurmasını etiraf etmişdir. Belə olan halda sonuncunun məhkəmə iclasında verdiyi izahat özünü müdafiə məqsədi ilə verilmiş izahatdır və məsuliyyətdən yayınmaq üçün verilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Şəxs əməli təhqiqat orqanı tərəfindən ətraflı araşdırılmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluq halının müəyyən edilməsi ilə bağlı tibbi müayinədən keçirilmiş, həmçinin zərər çəkmiş şəxsə vurulmuş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tibbi-ekspertizası keçirilmiş və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona 20 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-4603/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4603/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver