Məhkəmə qərarları › İş №3(001)-4606/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4606/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4606/2023 07.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokollar tərtib etmiş şəxslər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X1 və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis sejantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Göygöl rayonu, Yeni Qızılca ərazi dairəsi, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2 və 535.1-ci maddələri tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 333.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli və İXM-nin 535.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis sejantı X4 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:10 radələrində Azadlıq prospekti ərazisində xidmətdə olan zaman **-SS-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion minik” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə həmin sürücüyə “saxla” işarəsi vermişdir. Lakin sürücü məhəl qoymayaraq yoluna davam etmişdir. Sürücünü təqib etmişlər və sonuncunun yaşadığı binanın qarşısında sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Həmin sürücü Şəxs olmuşdur. Şəxs onlarla mübahisə etməyə başlamış, hətta yanında olan həyat yoldaşı olduğunu bildirdiyi qadın qanunsuz videoçəkiliş aparmışdır. Şəxs alko-testerlə müayinə edildikdən sonra sərxoş vəziyyətdə olması müəyyən edilmiş, lakin şəxs bununla razılaşmadığından ona həkim müayinəsindən keçməsi təklif olunmuşdur. Lakin etiraz etmiş, həkim müayinəsinə getmək istəməmişdir. Bu səbəbdən post-patrul xidmətinə məlumat verilmişdir. Şəxs sərxoş vəziyyətdə olması təsdiqini tapdığından onun barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Binəqədi RPİ-nin post-patrul xidmətinin əməkdaşları tərəfindən Şəxs polisin qanuni tələblərinə tabe olmadığından Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Şəxsin izahatı alınmış, əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncu barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşları ilə mübahisə yaşamışdır. Spirtli içkinin təsiri altında avtomobili idarə etdiyini etiraf edir. Mübahisəyə səbəb o olmuşdur ki, o, polis əməkdaşlarına həyat yoldaşını evə qoyduqdan sonra polis əməkdaşları ilə birlikdə gedə biləcəyini söyləmiş, lakin polis əməkdaşları buna mane olmuşdur. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təxminən 1 il əvvəl Gəncə şəhərində də spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:10 radələrində Azadlıq prospekti ərazisində Şəxs idarə **-SS-*** dövlət qeydiyyat nişanlı, “Ford Fusion minik” markalı avtomobili təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyinə görə sonuncuya “saxla” işarəsi verilmişdir. Lakin “saxla” əmrinə məhəl qoymadan Şəxs yoluna davam etmişdir. Sürücünü təqib etmişlər və sonuncunun yaşadığı binanın qarşısında sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Sürücünün spirtli içki qəbul etməsindən şübhələndikləri üçün onu müayinə etmək üçün dəvət etmişdirlər. Lakin Şəxs mübahisə etmiş, müayinədən keçmək istəməmişdir. Şəxs həyat yoldaşı qanunsuz olaraq video-çəkiliş aparmışdır. Alko-testerdə sürücünün spirtli içki qəbul etməsi müəyyən edilmiş, lakin Şəxs etiraz etmişdir. Sürücüyə həkim müayinəsindən keçməsi təklif olunmuş, lakin getmək istəməmiş və etiraz etmişdir. Buna görə də əraziyə post-patrul xidməti əməkdaşlarını çağırmışlar. Şəxs polisin qanuni tələblərinə tabe olmadığından post patrul xidmətinin əməkşadşlarının yardımı ilə həkim müayinəsinə aparılmış, həkim müayinəsində də Şəxs sərxoş olması təsdiqini tapdığı üçün barəsində İXM-nin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 019131 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli 2-20525 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs sərxoş olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Şəxs İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 333.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs Ağır Cinayətlər Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 120.2.2, 120.2.3, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,1220.2.10, 221.1-ci maddələri ilə təqsirli bilinmiş və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış zamanı müəyyən edilmişdir ki, ilk əvvəl Şəxs polis əməkdaşlarından saxlanılmasının səbəbini soruşur və spirtli içki qəbul etmədiyini bildirir. Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılması bildirildiyində “siz də təhlükəsiz kəməri taxmamısınız.” məzmununda ifadə işlədir. Sürücüyə “Hollywood” restoranının qarşısında “saxla” işarəsi verilməsi bildirilir və alko-testerlə müayinə edilməsi üçün patrul avtomobilinə dəvət olunur. Alko-testerlə müayinə zamanı Şəxs sərxoş olması müəyyən olunur, lakin Şəxs sərxoş olmadığını bildirir. Şəxs həkim müayinəsindən keçməyə dəvət olunsa da, gəlmək istəmir. “Zorla məni aparacaqsınız?” deyə ifadə işlədir. Yol-patrul inspektrouna “Siz problem axtarırsınız.” məzmununda ifadə işlədir. Sürücünü sərxoş vəziyyətdə avtomobil idarə etməsinə, yolpatrul xidməti inspektoru efir vasitəsi ilə hadisə yerinə əməliyyat qrupu dəvət edir. Şəxs yol-patrul xidməti inspektrouna “mən də sənin üzərinə qrup çağıracam. Səndən əl çəkməyəcəm, nakişi olaram səndən əl çəksəm.” məzmununda ifadə işlədir. Dəfələrlə Şəxs həkim müayinəsinə getmək üçün patrul avtomobilinə əyləşməsi bildirilsə də, Şəxs avtomobilə əyləşmir. Hadisə yerinə əməliyyat-qrupunun əməkdaşları gəldikdən sonra Şəxs patrul xidmətinin avtomobilinə əyləşir. “AzeMis” elektron informasiya sistemindən çıxaırşdan görünür ki, Şəxs xx.xx.2022cil təvəllüdlü Sabit Şəxs oğlu adında övladı vardır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 333.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokollar düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarla İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə olan halda Şəxs İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Bu fakt xx.xx.2023-cü il tarixli 2- 20525 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu ilə də öz təsdiqini tapır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə hesab edir ki, Şəxs yol patrul xidmətinin “saxla” işarəsinə məhəl qoymayaraq yoluna davam etməsi, yol patrul xidməti əməkdaşlarına “mən də sənin üzərinə qrup çağıracam. Səndən əl çəkməyəcəm, nakişi olaram səndən əl çəksəm.” məzmununda ifadələr işlətməsi, əməliyyat qrupu hadisə yerinə gələnədək, həkim müayinəsinə getmək üçün patrul avtomobilinə əyləşməməsi polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Beləliklə, Şəxs xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərar qanuni qüvvəyi mindiyi andan bir il ərzində təkrar olaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, həmçinin polis işçisi vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmayraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 333.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, raport, şahidin izahatı, 01 ədəd DVD disk, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” protokolu, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Şəxs əməlindən səmimi peşman olması, həmçinin himayəsində azyaşlı övladının olması onun məsuliyyət yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.2 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində 8 gün müddətinə inzibati həbs növündə əsas, iki il müddətinə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu məhdudlaşdırma növündə əlavə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.1-ci maddəsinə əsəsən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsəsən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən Şəxs İXM-nin 333.2-ci və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona daha ciddi xəta olan İXM-nin 535.1-ci maddəsinin sanksiyanına uyğun olaraq 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həmçinin İXMnin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 333.2-ci maddəsində nəzərdə tutulmuş əlavə tənbeh, yəni nəqliyyat vasitələrini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması əsas tənbehə əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar inzibati həbsə dair hissədə dərhal edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar