Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-461/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu X8 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi (direktoru) X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhər Binəqədi rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhər Binəqəi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhər Binəqədi rayon Prokurorluğundan daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar toplanmış materiallarla birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş Binəqədi rayon prokurorluğun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin qanuni təmsilçisi (direktoru) X9 bildirmişdir ki, hal-hazırda o da daxil olmaqla şirkətin 8 nəfər işçisi vardır.Bundan başqa şirkətin əməkdaşlıq etdiyi kuryer şirkətləri və fərdi sahibkarlar da vardır ki, hansıki onlar müxtəlif istiqamətlər üzrə məktubların, bağlamaların daşınması və çatdırılması zamanı onların təqdim etdikləri xidmətlərdən yararlanmışlar. Sumqayıt şəhəri üzrə şirkətdə ay ərzində bağlama və zərflə bir yerdə 40-60 arası daşınma olur. Bu daşınmaların çatdırılmasında onlara fərdi sahibkar X3 xidmət göstərmişdir. O, Sumqayıt ərazisini məhəllə, küçə və prospektləri, şirkətlərin yerləşdiyi ünvanları çox yaxşı tanıyır. Bu səbəbdən Sumqayıt şəhəri üzrə daşımaların çatdırılması ona həvalə edilmişdir. Fərdi sahibkar olaraq Məmməd Dadaşovla şirkət arasında xx.xx.2022-ci il tarixində daşıma müqaviləsi bağlanmışdır.Lakin, X10 ilə 22 aprel 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.Bu səbəbdən o, hesab edir ki, Binəqədi rayon prokurorluğundan daxil olmuş Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qanunsuz olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirmişdir ki, xüsusi lisenziya əsasında sürətli poçt daşıma ximətini həyata keçirən Şəxs MMC-nin vəzifəli şəxsləri tərəfindən onun və X5 barəsində tərtib edilən poçt qəbzlərinin saxtalaşdırılması fəaliyyətinin həyata keçirilməsi səbəbindən tərəflərinlən hüquq-mühafizə orqanlarına müraciət edilmiş, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılmışdır. Müraciətləri ilə bağlı polis orqanında araşdırma aparılan zaman Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan kuryer vəzifəsi üzrə müxtəlif şəxslərin qanunsuz olaraq işə cəlb edildiyi müəyyən edilmiş və bu pozuntu halı yazılı sübutlarla təsdiq edilmişdir.Belə ki, şirkətin baş operatoru vəzifəsində əmək müqaviləsi ilə işləyən X9, X10 və X1 həmin şirkətin kuryerləri olaraq işlədiyini etiraf etmişdir.Bəhs edilən kuryerlərin heç birinin şirkət ilə əmək müqaviləsi olmamışdır. Şirkətin qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş şəxslərə guya mulki xidmət müqaviləsi bağladığını qeyd etmişdir.Bu faktın özü əslində inzibati xətanın baş verməsinin faktiki etirafıdır.Ümumiyyətlə, bu müqavilələr yalan müqavilələrdi, bu müqavilələr polisdə araşdırma zamanı mövcud olmamış və onun şikayətindən sonra geri tarixə imzalanaraq görünüş naminə hazırlanmşdır. Məhkəmə iclasında ifadə verən X12 digər şahid X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, hüquq şəxs Şəxs MMC-nin direktoru, vəzifəli şəxs X7 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat açılması qərara alınmışdır. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Şəxs MMC-nin barəsində Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və qərara baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan İN/L-685/2017/1 saylı, 31 iyul 2017-ci il tarixli “Xüsusi Lisenziyanın Əlavəsi”nə əsasən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 31 iyul 2017-ci il tarixində İN/L-685/2017 qeydiyyat nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında Şəxs MMC-yə ünvan 3 ünvanında sürətli poçt xidmətinin həyata keçirilməsinə icazə verilir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli kuryer-daşınma xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən məlum olur ki, 10 yanvar 2022-ci il tarixdə X3 ilə Şəxs MMC arasında daşıma müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 və X4 əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün MMC tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələbini pozulduğu müəyyən edilmişdir.Belə ki, şirkətin qanuni təmsilçisi olan X9 izahatlarında və məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Məmməd Dadaşovla şirkət arasında xx.xx.2022-ci il tarixində daşıma müqaviləsi, X10 ilə şirkət arasında 22 aprel 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır.Halbuki, X1 və X4 xx.xx.2022-ci il tarixli izahatlarına əsasən məlum olur ki, həm X3, həm də X10 Şəxs MMC-də 2019-cu il tarixdən kuriyer vəzifəsində çalışıblar. Beləliklə aydın olur ki, həmin kuriyerlər MMC-də 2019-cu ildən kuriyer kimi fəaliyyətə başlasalar da, onlarla həmin ildə deyil, 2022-ci il tarixdə Rüstəm Səlimovla əmək müqaviləsi, Məmməd Dadaşovla isə əmək müqaviləsi deyil, daşıma müqaviləsi bağlanmışdır. Beləliklə, Şəxs MMC-nın İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şahidlərin ifadələri, iş materialları və yuxarıda qeyd olunan hüquq normaları ilə tam sübuta yetirilmişdir.Ona görə də, məhkəmə hesab edir ki, iş materiallarında Şəxs MMC-nın sözügedən inzibati xətanı törətməsinə dair kifayət qədər sübutlar vardır. Buna görə də, hesab edirəm ki, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçmədiyinə görə həmin cəmiyyət İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddədə göstərilən həddə uyğun minimum həddə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 48-51, 114-117, 129-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati tənbeh olaraq 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-461/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-461/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver