Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4617/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən aparılmış araşdırma nəticəsində iş üzrə zərərçəkmiş şəxs müəyyən edilsə də, inzibati xəta haqqında protokol tərtib edilən zaman zərərçəkmiş şəxs barədə məlumatlar, yəni onun ad və soyadı, yaşadığı yerin ünvanı kimi məlumatlar protokolda göstərilməmişdir. Bundan başqa, sözügedən inibati xəta haqqında protokolda Şəxs izahatının alınması göstərilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı;... 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;... Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs hüquq və vəzifələrinin izah edilməsinə dair protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolun surətinin təqdim edilməsinə dair sübut aşkar edilməmişdir. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bununla yanaşı qeyd olunmalıdır ki, aparılmış inzibati xəta hadisəsinin nəticəsi olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə idarə etməklə yol hərəkəti qaydalarını pozub zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirməsi faktı müəyyən edilmiş və həmin fakt əsasında 26 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Şəxs barəsində İXM-in 334.3cü maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Qeyd olunan qərarda və iş materiallarında Şəxs alkoqoldan istifadə edərək sərxoş vəziyyətdə nəliyyat vasitəsini idarə edərək yol hərəkəti qaydalarını pozması göstərilsə də, Şəxs sərxoş olmasına dair nə iş materiallarına sübut əlavə edilmiş, nə də sözügedən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda sonuncunun sərxoşluq müayinəsinin aktının alınması və onun sərxoşluq dərəcəsi barədə heç bir qeyd aparılmamışdır. 26 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Şəxs izahatına əsasən sonuncuda sərxoşluq əlamətlərinin olması qənaətinə gəlinmişdir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması və işdə kifayət qədər sübutların toplanmaması halları müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 334.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-4617/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-4617/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver