Məhkəmə qərarları › İş №3(001)-4618/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4618/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4618/2023 13.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Horadiz şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru X3 bildirmişdir ki, 11 noyabr 2023cü il tarixdə xidmətdə olarkən Binəqədi Mehdiabad yolu ərazisində “Cadillac” markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qayda pozuntusu törətməsi müşühidə edilmişdir. Həmin avtomobilin arxası ilə gedərəkən sürücü avtoxuliqanlıq hərəkəti, yəni avtomobili qəflətən sürətləndirib qəfil tormozlama edərək müxtəlif manevrlər etdikdən sonra bir neçə avtomobili ötmə əməliyyatları aparmışdır. Bu səbəbdən sürücü saxlanılmış və Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir inzibati xəta törətmədiyini, tələsdiyi üçün avtomobili sürətli idarə edərək bir iki digər avtomobili ötüb keçdiyini qeyd edib, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Xüsusi tağımı yol patrul xidməti baş inspektoru X2 bilrdimişdir ki, 11 noyabr 2023-cü il tarixdə ekipaj yoldaşı Xanlar Şükürov ilə xidmətdə olarkən Binəqədi Mehdiabad yolu ərazisində “Cadillac” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq hərəkətləri etdiyini müşahidə etmişlər. Həmin avtomobilin sürücüsü sürətlə uzaqlaşdığından onun arxası ilə gedib saxla işarəsi vermişlər. Bu zaman sürücü avtomobili qəflətən sürətləndirib qəfil tormozlama edərək müxtəlif manevrlər etdikdən sonra bir neçə avtomobili ötmə əməliyyatları aparmışdır. Bu səbəbdən sürücü saxlanılmış və Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan “Cadillac” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin avtomobili qəfildən sürətlənib solsağ manevrlərlə idarə edərək, digər sürücülər üçün təhlükə yaratması, habelə həmin avtomobilin digər avtomobillərin hərəkətinə mane olması halları müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Şəxs bu kimi əməllərini törətdiyi, yəni ani manevrlər etmə, qəflətən sürətlənmə, tormozlama və manevrlər etmə ilə müşaiyət olunan hərəkətləri etdiyi yerdə onun qarşısına hər hansı qəfil maneə çıxmamışdır. Həmin manevrlər, qəflətən sürətlənmə nəticəsində də sürüşmə səslərinin yaranması və asfalt üzərində təkərlərin izlərinin qalması isə şübhə doğuracaq hal sayıla bilməz. Eləcə də, Şəxs həmin hərəkətlərə yol verərkən onun niyyəti hər hansı maneədən yayınmaq və ya təhlükədən uzaqlaşmaq olmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, sadalananlar Şəxs tərəfindən birbaşa olaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər kimi qiymətləndirilməlidir. Şəxsin belə hərəkətlərlə müşaiyət olunan avtoxuliqanlıq əməli məhkəmədə tam təsdiqini tapmışdır. Ona görə də, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 511.1.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən Şəxs məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, fəal və aqressiv hərəkətləri ilə müşayiət olunan davranışı ilə qəsdən törətmişdir. Çünki Şəxs nəqliyyat vasitəsini idarə edərkən ani manevrlər, lüzumsuz qəflətən sürətlənmə və tormozlama hərəkətləri edərək qəza şəraiti və hərəkətin intensivliyinə maneə yaratmışdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakteri ilə yanaşı, sonuncunun qadın olmasını nəzərə alaraq hesab edir ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona əsas tənbeh olaraq inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, yuxarıda sadalananlarla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın inzibati cərimə növündə tənbeh tədbirinə dair icrası şəxsin yaşayış yeri üzrə icra qurumuna, nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar