Məhkəmə qərarları › İş №3(001)-4619/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4619/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4619/2024 01.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 13 ünvanda yaşayn, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin sahə inspektoru, polis mayoru X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, ictimai yer sayılan Hollyvood restoranının yaxınlığında piyada hərəkət edərkən vətəndaş X3 arxasına əli ilə toxunaraq ona qarşı bu formada nalayiq hərəkətləri ilə xırda xuliqanlıq etmiş, daha sonra zərərçəkmişin şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən keçirilmiş tədbirlərlə polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara məhəl qoymamışdır. Bununla bağlı polis əməkdaşları raport tərtib etmişlər. Odur ki, sonuncu barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Özü günəmuzd fəhlə işləyir, sərxoş vəziyyətdə olduğundan zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətə görə çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşları onu çağırmamış, məhəllədə olduğu zaman polis əməkdaşları gəlib onu bölməyə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs X1 üzr istəyərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edlməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 xx.xx.2024-cü il tarixdə saat 22:23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Hollyvood restoranının yaxınlığında evinə doğru gedərkən qarşıdan gələn bir nəfər şəxsin axsayaraq hərəkət etdiyini görmüş, həmin şəxs ona çatıb keçən anda əli ilə nalayiq formada onun arxasına qəsdən toxunmuşdur. Bu hərəkətinə görə həmin şəxsin qolundan tutub onu saxlayıb, niyə belə hərəkət etdiyini ondan soruşmuşdur. Həmin şəxs onun əlini itələyib ordan uzaqlaşmışdır. Şəxs bu hərəkətinə görə şikayətçi olduğunu, onun barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi RPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı X6 izahatında qeyd etmişdir ki, X3 şikayət ərizəsi ilə bağlı tərəfindən Şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, müəyyən edilmişdir. Bu zaman Şəxs polis bölməsinə dəvət edilərkən onların qanuni tələblərinə qəsdən tabesizlik göstərərək polis bölməsinə getməkdən yayınmağa çalışmışdır. Şəxs hansı səbəblə bağlı bölməyə dəvət edilməsi izah edilsə də o, belə bir şey etmədiyini, polis bölməsinə getməyəcəyini bildirmiş və polis maşınına minməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 019131 saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs özünü səmimi etirafına əsasən sərxoş ictimai yer sayılan Hollyvood restoranının yaxınlığında piyada hərəkət edərkən vətəndaş X3 arxasına əli ilə toxunaraq ona qarşı bu formada nalayiq hərəkətləri ilə xırda xuliqanlıq etmiş, daha sonra zərərçəkmişin şikayəti əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi tərəfindən keçirilmiş tədbirlərlə polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onlara məhəl qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı özünü təqsirli bilməməsinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, onun bu izahatını məsuliyyətdən yaxa qurtamaq məsədilə verilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində izahatı alınmış polis əməkdaşı da Şəxs qanuni tələblərinə tabe olmamasını bir daha təsdiq etmişdir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Şəxs ictimai qaydanı pozaraq ictimai yerdə qadının iradəsi əleyhinə ona qarşı nalayiq formada qəsdən toxunması xırda xuliqanlıq kimi, polis əməkdaşları tərəfindən bölmənin inzibati binasına dəvət edildikdə etiraz edərək bölməyə getmək istəməməsi, həmçinin polis əməkdaşlarının onu nizamintizama dəvət etdiyi zaman sonuncunun onlara məhəl qoymaması polisin qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, həmçinin qadına qarşı nalayiq hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol raport, şahidin izahatı, həmçinin də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs özünün səmimi etirafına əsasən inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyət yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Əliyev X7 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 23:40-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar