Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-4635/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola görə Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
2. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, məhkəməyə təqdim edilmiş sənədlərdə yalnız Şəxs barəsində olan inzibati xəta haqqında protokol və qərar, eləcə də portal çıxarışı əlavə edilsə də, sonuncunun qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılması görünmür. Şəxsin protokol tərtib edilməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada məlumatlandırılması işin məhkəməyə qədər nizama salınması üçün zəruridir.
3. İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.
4. İXM-in 130.1-ci maddəsinə görə qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
5. İXM-in 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir.
6. İXM-in 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir.
7. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir.
8. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol əsasında toplanmış material səlahiyyətli orqana geri qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq,
qərara aldım:
Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material geri qaytarılsın.
Hakim: Aytəkin İbrahimova