Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4639/2025 03.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X7 Novruz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X4, Tələbkar Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küç, 8/30A ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsinə əsasən Şəxs 42000 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. xx.xx.2021-ci il tarixdə sözügedən icra sənədi üzrə icraata başlanılmış və könüllü icra üçün müddət müəyyən edilmişdir. Buna baxmayaraq, icra sənədi üzrə bu günə qədər cəmi 14.687 manat məbləğində ödəniş edilmişdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Məcburi icra tədbirlərinin görülməsi üçün elektron icra sisteminə sorğu verilsə də borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Borclu icra sənəndini tam icra edə bilməməsini maddi imkanının aşağı olması ilə əsaslandırır. Borclunun təkrar izahatı alınaraq, barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsinin qanunvericiliyin tələblərinə əsasən icra edilməsi üçün müvafiq tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsinə əsasən ondan 42000 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Lakin, həmin məbləğ təkcə ondan deyil, digər təqsirlənsirilən şəxsdən də tutulmalı olsa da, digər təqsirlənsirilən şəxs vəfat etdiyindən bütün məbləğin ondan tutulması hökm edilmişdir. Həmin hökmdən verilmiş şikayət üzrə işə apellyasiya instansiya məhkəməsində baxılarkən, apellyasiya instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, onunla birlikdə cinayət törətmiş digər təqsirləndirilən şəxsin əvəzinə də ödəyəcəyi məbləğlə əlaqədar o, Mübariz Əliyevin miras əmlakını qəbul edəcək vərəsələrə qarşı məhkəmədə mülki iddia qaldıra bilər. Belə olan halda o, öz üzərinə düşən 21.000 manatdan demək olar ki, çox hissəsini ödəmiş, qalan hissə cuzi qalmışdır. Digər təqsirləndirilən şəxsin əvəzinə ödəməli olduğu 21.000 manatı da ödəyəcəkdir. Nəzərə alınmalıdır ki, o, 8 il cəzaçəkmə müəssisəsində olmuşdur, buna baxmayaraq ondan tutulmalı olan məbləğin ödənilməsindən yayınmamışdır. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını müdafiə edərək, hazırki işdə inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon icra şöbəsinin icra məmurunun, barəsində inzibati icraat aparılan şəxsin və müdafiəçisinin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsinə əsasən Şəxs 42000 manat Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli, 1(103)- 1166/2017 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Şəxs və X3 haqqındakı xx.xx.2016-cı il tarixli hökmünün ləğv edilməsi, Şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə təqsirli bilinməsi, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X3 Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsilə təqsirli bilinməsi, ölmüş olduğundan ona cəzanın təyin edilməməsi, mülki iddianın qismən təmin edilməsi, Şəxs 42.000 (qırx iki min) manat pulun tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs verilməsi, Dürdanə Şahbala qızı X1 miras əmlakını qəbul edəcək vərəsələrə qarşı məhkəmədə müllki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Binəqədi rayon İcra şöbəsinin müxtəlif bank təşkilatlarına ünvanladığı sorğulara cavab məktublarından görünür ki, borclu Şəxs adına aktiv bank hesabları mövcud deyil. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-700/2024 saylı qərardadından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-413/2016 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şəxs Binəqədi rayon İcra şöbəsində verdiyi izahatlardan görünür ki, o, icra vərəqəsindən xəbərdardır, hissə-hissə ödənişlər də edir. İcra vərəqəsini tam şəkildə birdəfəlik icra edə bilməməsinin səbəbləri cəzaçəkmə müəssisəsindən 2021-ci ildə çıxması və maddi imkanının aşağı olmasıdır. Onun adına daşınar və daşınmaz əmlak, qiymətli kağız və əmanət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmənin qənaətinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanın törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, Şəxs, birgə təqsirləndirilən şəxs kimi 42.000 manat məbləğində ziyanın ödənilməsinə cəlb olunsa da, digər təqsirləndirilmiş şəxsin vəfat etməsi nəticəsində məbləğin tamamı ondan tutulmuş, lakin hökmdə onun digər təqsirləndirilən şəxsin əvəzinə ödəyəcəyi hissəni mərhumun hüquqi varislərinə qarşı mülki qaydada tələb etmək hüququ tanınmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Şəxs azadlıqdan məhrumetmə cəzasını 8 il müddətinə çəkdiyi halda, yəni real gəlir və sərbəst maddi imkanlara malik olmadığı bir dövrdə belə, artıq hazırki vaxta qədər mərhələli şəkildə 14.687 manat (bu Şəxs öz şəxsi payına düşən məbləğin çox hissəsidir) ödəmiş və hazırda da qalan məbləği könüllü şəkildə ödəyəcəyini bəyan etmişdir. Onun azadlıqdan məhrum edilməsi şəraitində belə məsuliyyətli və hüquqa hörmətli davranışı, icra öhdəliyini üzürlü səbəblərdən tam yerinə yetirə bilməməsi, habelə qəsd və laqeydliyin olmaması inzibati xəta tərkibinin yaranmasına əsas vermir. Halbuki, İXM-in 528.1-ci maddəsinin tətbiqi üçün tələb olunan ən vacib hüquqi tərkib – xüsusilə qəsd və üzrsüzlük elementləridir. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 413/2016 nömrəli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV
Məhkəmə qərarları › İş №3(001)-4639/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4639/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver