Məhkəmə qərarları › İş №3(001)-4644/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4644/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4644/2025 20.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Rusiya Federasiyasının Belqorod vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə akı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, X5 27 aprel 2025-ci il tarixdə Şəxs tərəfindən döyülməsi ilə bağlı bölməyə müraciət ünvanlamışdır. Həmin müraciət əsasında araşdırma aparılmış və əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilərək Şəxs İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bu məqsədlə Şəxs bölməyə dəvət edilərək izahatı alınmış və sonuncu barəsində İXM-in 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etdiyini, İradənin xalası olduğunu, onunla aralarında sözlü mübahisənin baş verdiyini və onu vurmadığını, xalasının qisas almaq üçün belə ifadə verərək polisə şikayət etdiyini qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, mübahisə mülk üzərində başlamışdır. Ata-anasından qalan ev ona və bacısına vərəsəlik yolu ilə keçmişdir. Amma onu evə buraxmadıqları üçün məhkəmə yolu ilə evə köçürülmə tətbiq edilmiş, o gündən bəri mübahisə bitməmişdir. 27 aprel 2025-ci il tarixində yaşadığı evin həyətində üzüm yarpağı yığarkən bacısı ilə aralarında mübahisə yaranmışdır. Mübahisəyə sonradan bacısı qızı olan Fidan da qoşulmuş, Fidan onu əvvəlcə hədələmiş, sonra isə əlindəki ədyal ilə onun üzünə vuraraq dodağını yaralamış, həmçinin mübahisə zamanı ayaq nahiyəsindən də xəsarət almışdır. Bu bacısını əri, yəni Fidanın atası Azər də həyətdə olmuşdur. Azər də onu hədələmiş və təhqir etmişdir. O, Şəxs şikayətçidir.

5. Məhkəməyə şahid qismində dəvət edilmiş X7 izahatında bildirmişdir ki, o Rusiyada yaşamış daha sonra qaynatasının dəvəti ilə Bakıya onun evinə gəlmişdir. Lakin sonradan baldızı da evdə pay istəyərək onları məhkəməyə vermiş, daha sonra məhkəmə qərarı ilə evə köçürülmə baş tutmuşdur. O gündən etibarən evdə mübahisə bitməmişdir. Üzüm yarpaqlarını dərərkən həyat yoldaşı bacısı İradəyə etiraz etmişdir. Üzüm tinglərini özünün əkdiyini bildirən şahid qızı Fidanın İradə ilə sözlü mübahisə etdiyini, qızının İradəni vurmadığını, ümumiyyətlə İradənin onlara yaşamağa imkan vermədiyini, ailədə tez-tez mübahisə yarandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 müraciəti ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 157-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi qərara alınmışdır.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 25/609 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar olunmuş xəsarətlər – alt dodağın selikli qişasının əzilmiş yarası və qansızması, sağ bud nahiyyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, zərərçəkənin qeyd etdiyi tarixdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir.

8. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında X3 döyərək İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

9. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, eləcə də ona əlavə edimiş materiallarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 da bildirmişdir ki, ailə münaqişəli ailə kimi tərəflərindən siyahıya alınmışdır. Tərəflər mütəmadi olaraq müxtəlif formalarda mübahisə yaradaraq polisə şikayət edir, bir-birlərini nədəsə ittiham edir, çəkiliş aparırlar. Mübahisə xx.xx.2025-ci il tarixində baş vermişdir. Həmin gün istirahət gününə təsadüf etdiyindən X3 xx.xx.2025-ci il tarixində ekspertizaya göndərmişlər. Hadisə baş verən gün İradə Baharovanın üzündə də xəsarət izləri gözlə müşahidə edilirdi. Bundan başqa məhkəmə onu da bildirmək istəyir ki, iclas zalında tərəflərə İXM-nin 39-cu maddəsinin müddəaları izah edilməklə barışıq təklif edilmiş, buna baxmayaraq hər iki tərəf barışmaqdan imtina etmiş, məhkəmə zalında da bir-birlərini ittiham etməkdə davam etmişlər.

10. Məhkəmə qeyd edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

11. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

13. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin şəxsiyyətini, qadın olmasını, habelə ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Hal-hazırkı vəziyyət qiymətləndirilməklə barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

14. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

15. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

16. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

17. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

18. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

19. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

20. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

22. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar