Məhkəmə qərarları › İş №3(001)-4685/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4685/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4685/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistanda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, 11 noyabr 2023-cü ildə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Milli Qvardiyanın inzibati ərazisinə icazəsiz keçdiyi üçün ora çağırılmış 4-cü PŞ-in əməkdaşları Azad Qurbanovun və Elçin Xalıqovun qanuni tələblərində qəsdən tabe olmamış, 4-cü PŞ-yə gətirilib sonra həkim müayinəsində keçirildikdə sidik nümunəsində AMP (+) narkotik vasitə olan heroin aşkar edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 14 noyabr 2023-ci il tarixli protokola əsasən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə özünü təqsirli bilərək, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə isə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü ildə saat 16 radələrində dostu Sənan Səfərov ilə birlikdə M.Ə.Rəsulzadə qəsəbəsində piyada hərəkət edərkən yolu səhv salıb Milli Qvardiyanın inzibati ərazisinə keçmişlər. Həmin ərazi Milli Qvardiyanın arxa hissəsində yerləşməklə xüsusi hasarla təcrid olunmamışdır. Ərazidə olarkən Milli Qvardiyanın əsgərləri ilə rastlaşmış, onlardan yolu soruşmuşlar. Əsgərlər isə onları növbətçi hissəyə təhvil vermişlər. Bir qədər sonra əraziyə 4-cü PŞ-in əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Orada 4-cü PŞ-in əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Çünki o, həmin əraziyə bilərəkdən daxil olmamışdır. Ətrafda Milli Qvardiyanın əsgər zabitləri, habelə 4-cü PŞ-in əməkdaşları olduğu halda onun polislərə tabesizlik göstərməsi də mümkün və ağlabatan deyil. 4-cü PŞ-yə gəldikdən sonra şəxsiyyətləri müəyyənləşdirilmiş, əvvəllər bir dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğundan həkim müayinəsindən keçirilmişdir. Müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin heroini bir neçə ay əvvəl Binəqədi rayonu ərazisində istehlak etmişdir. Ona görə də özünü narkotik vasitənin qanunsuz istehlakında təqsirli bilir. Polis əməkdaşlarına isə heç bir tabesizlik göstərməmişdir. Qeyd olunanlara əsasən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ona yüngül növdə tənbeh təyin edilməsini, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X6 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 11 noyabr 2023-cü ildə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Milli Qvardiyanın inzibati ərazisinə icazəsiz keçdiyi üçün ora çağırılmış 4-cü PŞ-in əməkdaşları Azad Qurbanovun və Elçin Xalıqovun qanuni tələblərində qəsdən tabe olmamış, 4-cü PŞ-yə gətirilib sonra həkim müayinəsində keçirildikdə sidik nümunəsində AMP (+) narkotik vasitə olan heroin aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 14 noyabr 2023-cü il tarixli protokol tərtib etmiş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru, polis baş leytenantı X6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 11 noyabr 2023-cü ildə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Milli Qvardiyanın inzibati ərazisinə getmiş polis əməkdaşlarının arasında olmamış, protokolu 4-cü PŞ-in əməkdaşları Azad Qurbanovun və Elçin Xalıqovun raportu əsasında tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə saat 16 radələrində dostu Şəxslə birlikdə M.Ə.Rəsulzadə qəsəbəsində piyada hərəkət edərkən yolu səhv salıb Milli Qvardiyanın inzibati ərazisinə keçmişlər. Həmin ərazi Milli Qvardiyanın arxa hissəsində yerləşməklə xüsusi hasarla təcrid olunmamışdır. Ərazidə olarkən Milli Qvardiyanın əsgərləri ilə rastlaşmış, onlardan yolu soruşmuşlar. Əsgərlər isə onları növbətçi hissəyə təhvil vermişlər. Bir qədər sonra əraziyə 4-cü PŞ-in əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Orada nə o, nədə ki, Şəxs 4-cü PŞ-in əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Buna lüzum da yox idi, çünki onlar həmin əraziyə bilərəkdən daxil olmamışlar. Məhkəmə iclasında 4-cü PŞ-in əməkdaşları Azad Qurbanov və Elçin Xalıqov iştirak etməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X1 dair xx.xx.2023-ci il tarixli 7348 saylı rəydən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində AMP (+) aşkar edilmişdir. Şəxs Binəqədi RPİ-in 4-cü PŞ-yə yazdığı izahatından görünür ki, o, özünü narkotik vasitənin qanunsuz istehlakında təqsirli bilsədə, xx.xx.2023-cü ildə 4-cü PŞ-in polis əməkdaşlarına isə heç bir tabesizlik göstərmədiyini bildirmişdir. 4-cü PŞ-in əməkdaşları Azad Qurbanov və Elçin Xalıqov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, 11 noyabr 2023-cü ildə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Milli Qvardiyanın inzibati ərazisinə 2 nəfər şəxsin icazəsiz keçdiyi üçün çağırış əsasında həmin ünvana getmişlər. Həmin 2 nəfər şəxsi 4-cü PŞ-yə dəvət etsələrdə, onlar 4-cü PŞ-yə getməkdən imtina edərək tabesizlik göstərmişlər. Onların 4-cü PŞ-yə gətirilməsi təmin edilmiş, orada yoxlama zamanı onlardan birinin Şəxs olduğu məlum olmuşdur. MN seriyalı № ******* saylı 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-in sahə inspektoru X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələr ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-ci il tarixli qərardaddan görünür ki, MN seriyalı № ******* saylı 13 noyabr 2023-cü il tarixli protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə bağlı: 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”sına əsasən AMP (+) (heroin tərkibli) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün həmin hissədə etirafı ilə yanaşı Ambulator X1 dair xx.xx.2023-ci il tarixli 7348 saylı rəyi ilə təsdiq olunur. Belə ki, həmin rəyə əsasən ekspress-test üsulu ilə müayinə nəticəsində ondan götürülmüş sidik nümunəsində AMP (+) aşkar edilmişdir. Onun həmin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə bağlı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlində özünü təqsirli bilmir, polis əməkdaşlarına tabesizlik göstərmədiyini bildirir. Onun bu barədə bildirdikləri həmin vaxt yanında olmuş X4 məhkəmədə verdiyi şahid izahatı ilə də təsdiq olunur. Sahə inspektoru, polis baş leytenantı X6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 11 noyabr 2023-cü ildə saat 16 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən Milli Qvardiyanın inzibati ərazisinə getmiş polis əməkdaşlarının arasında olmamış, protokolu 4-cü PŞ-in əməliyyatçıları Azad Qurbanovun və Elçin Xalıqovun raportu əsasında tərtib etmişdir. Belə olan halda aydın olur ki, inspektor R.Cəlilovun hadisə ilə bağlı bildirdikləri özünün gördükləri deyil, raport əsasında dedikləridir. Raport tərtib etmiş 4-cü PŞ-in əməkdaşları Azad Qurbanov və Elçin Xalıqov isə dəvət edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi kifayətedici aydınlıqla sübuta yetirilmir. Belə ki, Milli Qvardiyanın ərazisində əsgərlərlə rastlaşmış Şəxs hərbi hissənin növbətçi hissəsinə könüllü getdiyi, orada 4-cü PŞ-in əməkdaşlarını gözlədiyi, buna qədər isə heç bir etiraz və tələb irəli sürmədiyi, habelə Milli Qvardiyanın ərazisində hər hansı hüquqazidd əməl törətməsinə dair məlumat olmadığı halda polislər gəldikdən sonra onlara tabesizlik göstərməsi inandırıcı deyil. Azərbaycan Respublikası İXM-in 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı onun tərəfindən polisin qanunu tələbinə qəsdən tabesizlik göstərilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə başlanılmış icraata xitam verilməli, o, İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməklə tənbeh edilməlidir. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, səmimi etirafını, öz əməlinə mənfi münasibətini onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə qeyd edilən məsuliyyəti yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsilə başlanılmış icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 ( on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar