Məhkəmə qərarları › İş №3(001)-4697/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4697/2023

14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4697/2023 14.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17310662 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X6 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17310662 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində şəxsi kabinetində idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət surətini aşmaqla bağlı tərtib olunmuş EQ 17310662 nömrəli inzibati xəta haqqında protokola əsasən tərtib olunmuş inzibati xəta haqqında qərar barədə məlumatlar aşkar etmişdir. Protokolun tərtib olunmasına əsas olmuş surət həddini ölçən cihazın (yol-patrul xidməti avtomobilinin kamerası) göstəriciləri ilə razı deyildir. Belə ki, tərəfindən inzibati xətanın törədilməsi istinad olunan yolla hərəkət edən zaman yolda müəyyən olunmuş surət həddi ilə hərəkət etmiş, lakin naməlum səbəblərdən, mənşəyi məlum olmayan cihazlar vasitəsi ilə guya surət həddini aşmağı müəyyən olunmuşdur. Belə ki, yolda müəyyən olunmuş hərəkət surətinin müəyyən olunması yalnız sertifikatlaşdırılmış və metroloji sınaqdan keçmiş xüsusi texniki vasitələr tərəfindən müəyyən oluna bilər. Bundan əlavə, nəqliyyat vasitələrinin hərəkət surətinin ölçülməsi üçün həmin xüsusi texniki vasitələrdən qabaqda radarın mövcudluğu barədə müəyyən olunmuş qaydada məlumat verilməlidir. Elektron kabinetdə göstərilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın tarixi göstərilsə də, nömrəsi qeyd olunmamış, eləcə də inzibati xəta haqqında protokolda xüsusi texniki vasitələr haqqında məlumat öz əksini tapmamışdır. Qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla tanış edilməmiş, yalnız elektron kabinetində həmin qərar barədə məlumatla tanış olmuşdur. Qərarın nömrəsi elektron kabinetdə göstərilməmiş, istifadəsində olan əlaqə nömrəsinə də həmin qərar haqqında SMS məlumat verilməmişdir. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etmədiyindən, tərəfindən həmin qərarın məhkəməyə də təqdim olunması mümkün olmamışdır. AR İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsində qeyd edilmişdir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar öz əksini tapmalıdır. "Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Həmin Qanunun 83-cü maddəsinin İ hissəsində göstərilmişdir ki, yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Göründüyü kimi, qanunverici "xüsusi avadanlığı olan nəqliyyat vasitələri" (yol-patrul xidməti avtomobilləri) və "xüsusi texniki vasitələr" anlayışlarını fərqləndirmişdir. İXM-də nəzərdə tutulmuş yolda müəyyən olunmuş surət həddini aşmağa görə inzibati xətaların isə məhz xüsusi texniki vasitələr tərəfindən aşkar olunması nəzərdə tutulmuşdur. Qəbul olunmuş qərardan tərəfindən 11 oktyabr 2023-cü il tarixində yuxarı səlahiyyətli orqana şikayət edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən, bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin bugünədək həmin şikayətimlə bağlı səlahiyyətli orqan tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Göstərilənlərə əsasən barəsində tərtib olunmuş EQ 17310662 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 izahatında bildirmişdir ki, elektron kabinetinə tərəfindən inzibati xətanın törədilməsi ilə bağlı qərar gəlmişdir ki, yolda müəyyən olunmuş sürət həddini aşmışdır. Bu isə necə müəyyən olunub, hansı qurğu vasitəsi ilə müəyyən olunub məlum deyildir. Qanunvericliklə həmin xüsusi texniki vasitələrə müəyyən tələblər qoyulmuşdur. Hazırkı inzibati xətanın törədilməsi isə hansısa mənşəyi məlum olmayan avadanlıq vasitəsi ilə müəyyən olunmuşdur. Yəni, o normal müəyyən olunmuş sürət həddi ilə hərəkət etmişdir. O, hər ay dəfələrlə bu şəkildə cərimələnir, hətta yolda müəyyən olunmuş sürət həddi ilə getdiyi halda belə ona cərimələr gəlir. O da bunu məhkəmə yolu ilə aydınlaşdırmaq niyyətindədir. Yəni yolda quraşdırılmış radar var, o radar da sürət həddini müəyyən edir. Həmin radarlar da hamının bildiyi xüsusi texniki vasitələrdir. Yolda müəyyən edilmiş sürət həddi ilə hərəkət etdiyi halda, hazırki qurğu onu yalnış olaraq çəkmişdir. Qeyd olunan qurğu hansı qurğudur, necə çəkib bunlar sübut olunmalıdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlayn şikayət göndərmiş, şikayətinə cavab verilməmiş, dəvət də olunmamış, izahatı belə alınmamışdır. Eyni zamanda qərar ona təqdim olunmamış, qərarı da əldə edə bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, müəyyən olunmuş sürətlə getdiyi halda həmin avadanlıq onu qeydə almışdır. Həmin avadanlığın düzgün işləyib-işləməməsini inzibati orqan sübut etməlidir. Həmin avadanlığın nömrəsi şəhadətnamədə qeyd olunmamışdır. Protokolda da patrul avtomobilinin nömrəsi göstərilməmiş, qərarda ümumiyyətlə nəqliyyat vasitəsinin nömrəsi belə yazılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, tərtib olunmuş inzibati tənbeh vermə haqqında elektron qərar xüsusi texniki vasitə ilə qeydə alınmışdır. Həmin xüsusi texniki vasitə isə **- YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində quraşdırılmış xüsusi texniki vasitədir. Yəni, həmin inzibati xəta Gəndob–Xaçmaz-Yalama yolunun 19-cu km-də, yaşayış məntəqəsində “Hunday Solaris” minik markalı, “99CT229” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olarkən, 60 maksimum sürət həddini göstərən yol nişanının təsir zonasında və bununla yanaşı, yaşayış məntəqəsinin daxilində maksimum sürət 25 km həddi aşılması ilə qeydə alınmışdır. Şikayətdə ümumiyyətlə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Çünki, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlar xüsusi texniki vasitə ilə, yəni, müəyyən sertifikasiyadan keçmiş xüsusi texniki vasitələrlə qeydə alınır və həmin elektron qərarlar bir gün müddətində Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmaqla hər bir şəxsi istifadəçinin internet informasiya resurslarına göndərilir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, patrul avtomobillərinə təhkim olunmuş avadanlıqların yoxlanılması bir idarədən keçirilir və həmin idarə ilə Daxili İşlər Nazirliyinin müqaviləsi var, həmin sertifikatları verən qurum vardır. Həmin xüsusi texniki vasitə **-YP-*** nömrəli patrol avtomobilində quraşdırılıb. Həmin patrul avtomobili Baş Dövlət Yol Polis İdarəsinin 2-ci tağımının əməkdaşına təhkim olunub və qərardan da göründüyü kimi həmin xüsusi texniki vasitə, onun sertifikatı və göstəriciləri qeyd olunmuşdur. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17310662 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 yolda müəyyən edilmiş sürət həddini 25 km/saat həddində aşdığına görə İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY seriyalı, 095503 nömrəli şəhadətnamədən görünür ki, 99YP763 dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış e-patrul sürətölçən vasitə dövlət yoxlamasından keçmiş və yararlı hesab edilmiş, növbəti yoxlama tarixi xx.xx.2024-cü il olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “CD” diskdən görünür ki, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xüsusi texniki vasitə ilə qeydiyyata alındığı yer yəni, “Gəndob- Xaçmaz-Yalama yolu, 19 km” Mehrəliqışlaq yaşayış məntəqəsinin ərazisinə aiddir. Yaşayış məntəqəsinin ərazisinə daxil olmamışdan əvvəl avtomobil yolunun hər iki hərəkət istiqamətində yolda müəyyən edilmiş sürət həddinin 60 km/saat olmasını əks etdirən yol nişanı mövcuddur. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 17310662 nömrəli qərardan görünür ki, “Hunday Solaris” minik markalı 99CT229 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə saat 11:47-də Gəndob–Xaçmaz-Yalama yolunun 19-cu kilometrliyində yolda müəyyən edilmiş hərəkət surətini 25 km/saat həddində aşdığı üçün həmin nəqliyyat vasitəsinin istitifadəçisi X1 Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmiş və qeyd edilən qayda pozuntusu son dəfə xx.xx.2023-cü il tarixli müqayisəli dövlət yoxlamasından ÖVY seriyalı 095503 nömrəli şəhadətnamə ilə qeydiyyatdan keçmiş epatrul vasitəsi ilə aşkar olunmuşdur, həmin avadanlığın növbəti müqayisəli yoxlamadan keçmə vaxtı xx.xx.2024-cü ildir. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin İ bəndinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin maddənin İİ bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin sürət həddini aşması **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinə quraşdırılmış ''e-patrul'' sistemi vasitəsi ilə müəyyən edilmişdir. “E-Patrul” sistemi ilə təchiz edilmiş yol polisi xidməti avtomobillərinin sürücülərin sürətini ölçərək cərimə protokolu tərtib etməsi qanunverici tərəfindən nizamlanmışdır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İş materialları ilə də konkret olaraq müəyyən edilmişdir ki, X6 tərəfindən inzibati xətanın törədildiyi “Gəndob-Xaçmaz-Yalama yolu, 19 km” ünvanında yolun hər iki hərəkət istiqamətində yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmışdır. Həmçinin sürət həddinin aşılmasını müəyyən edən “E-Patrul” sistemi dövlət yoxlamasından keçmiş və yoxlama nəticəsində yararlı hesab edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X8 оğlunun Аzərbаycаn Rеspublikаsı İХM-nin 328.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 17310662 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı, 17310662 nömrəli inzibati tənbeh vermə barədə qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın törədilməsi müəyyən edildiyindən X3 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli EQ seriyalı, 17310662 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar