Məhkəmə qərarları › İş №3(001)-47/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-47/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-47/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin vəkili məhkəməyə təqdim etdiyi vəsatətində "xxxx" MMC məhkəmə ekspertizası fəaliyyətini həyata keçirtməmiş, onun həmtəsisçisi və eksperti Şəxs məhkəmə eksperti qismində çıxış etməmişdir. "xxxx" MMC və fiziki şəxs Ağa Əliyev ilə istehlak mallarına dəymiş ziyanın müəyyənləşdirilməsi xidmətinin göstərilməsi ilə əlaqədar bağlanmış müqavilələr əsasında mütəxəssis kimi iştirak edərək mütəxəssis rəyi vermişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası "AzEkspertiza” MMC-ni mütəxəssis qismində tanımış və özünün xx.xx.2023-cii il tarixli, 2-2(103)-141/2023 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardadında tədqiqat obyektinə baxış keçirilərkən X4 və "xxxx" MMC tərəfindən cəlb edilmiş mütəxəssis "xxxx" MMC-nin iştirakına şərait yaradılmasım qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin məcəllənin 64.2-ci maddəsinə əsasən, mütəxəssis qismində məhkəməyə çağırılmış səxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən,məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri hiliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Həmin qanunun 11-ci maddəsinə əsasən.Bu maddənin birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti Qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra - şəhadətnamə) almalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunun normaları məhkəmə eksperti şəhadətnaməsinin alınmasını məhz məhkəmə eksperti qismində fəaliyyət göstərən şəxslər üçün məcburi hesab etmişdir. Mütəxəssis isə məhkəmə eksperti qismində fəaliyyət göstərmir. Onun tərəfindən verilmiş rəy ekspert rəyi yox mütəxəssis rəyidir. Həmin rəyin ekspert rəyi adlandırılması isə rəy verən şəxsin "məhkəmə eksperti", verilən rəyin isə "ekspertin rəyi" olması anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesah edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs və vəkili məhkəməyə verdiyi izahatında Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdirlər. Səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və tədqiq edilən: Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 192 və 310-cu maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Qərardan görünür ki, Şəxs barəsində Azərbaycan respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası tərəfindən təsdiq edilmiş şəhadətnamədən görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının həqiqi üzvüdür. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təsdiq etdiyi sertifikatdan görünür ki, Şəxs Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “İstehlak mallarının” qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamənin tələbinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, tədqiqat obyektinə baxış keçirilərkən X4 və "xxxx" MMC tərəfindən cəlb edilmiş mütəxəssis "xxxx" MMC-nin iştirakına şərait yaradılması qərara alınmışdır İş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə icraata başlanılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.2, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən İXM-nin 398, 402, 406-409, 411-413, 415, 428.1 və 438ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində ziyanın vurulması və ya gəlirin əldə edilməsi nəzərdə tutulmuşdur. Bu zaman vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı əməlin inzibati və ya cinayət məsuliyyətinə səbəb olmasının müəyyən edilməsi üçün zəruri şərtdir. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi inzibati xəta hesab edilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanununun 1-ci maddəsinə görə məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Azərbaycan Respublikası MPM-nin 64.1-ci maddəsinə görə işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 64.2-ci maddəsinə görə mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Lisenziya tələb edilən fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş 2 nömrəli Əlavədən görünür ki, qiymətləndirmə fəaliyyəti xüsusi lisenziya tələb edilən fəaliyyət sahələrinə aid edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs məhkəmə eksperti olmadığından onun qanunla müəyyən edilmiş qaydada məhkəmə eksperti şəhadətnaməsi almasına da hər hansı bir zərurət yoxdur. İş materialalrından görünür ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş rəy üzərində ekspert rəyi qeyd edilsə də mahiyyəti baxımından həmin sənəd mütəxəssis rəyidir. Həmin rəyin ekspert rəyi adlandırılması isə rəy verən şəxsin "məhkəmə eksperti", verilən rəyin isə "ekspertin rəyi" olması mənasını vermir. İş materiallarında olan sənədlərdən Şəxs məhkəmə eksperti qismində çıxış etdiyini sübut etmək mümkün deyildir. Məhkəmə həmçinin öz mövqeyini onunla əsaslandırır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-141/2023 saylı məhkəməəmtəəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında qərardadından da görünür ki, məhkəmə tərəfindən "xxxx" MMC tədqiqat obyektinə baxış keçirilməsi ilə əlaqədar X4 və "xxxx" MMC tərəfindən cəlb edilmiş mütəxəssis kimi tanınmışdır. Odur ki, qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə olduğu təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar