Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-47/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir.
3. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində özünü DYP əməkdaşı kimi təqdim edən şəxs tərəfindən zəng gəlmiş və xx.xx.2024 tarixdə guya Süleyman Vəzirov küçəsində qayda pozduğu və idarəyə yaxınlaşmalı olduğu bildirilmişdir. O isə İXM-nin 122-ci maddəsinə əsasən Məcəllənin 122.7, 122.8 və 124.3 maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla hər-hansı idarəyə çağırılmasının qadağan olduğunu bildirmişdir. Elə həmin gün ərzində, axşam saatlarında ona zəng edən əməkdaşın bildirdiyi cərimə də yazılmışdır. Cərimə EQ ilə yazılmalı olduğu halda, İXP seriyası ilə yazılmışdır. İXP seriyası ilə yazılan cərimələr bir başa DYP əməkdaşının gözlə gördükdən sonra saxlama əmri verib yazdığı cərimədir. O isə həmin gün heç bir polis işçisi tərəfindən saxlanılmamışdır. EQ ilə cərimə yazıldığı halda bir-başa haqsız vəziyyətə düşdüklərinə görə məsələni uzatmaq məqsədi ilə İXP seriyası ilə yazılmışdır. İdarə tərəfindən şikayətin araşdırılması üçün bir neçə gün gözləməsinə baxmayaraq, ona zəng edilməmiş və sübut olunması üçün heç bir yerə dəvət olunmamışdır. Məcbur qalıb 902 nömrəsi ilə əlaqə saxlamış, ona işin hansı əməkdaşda olduğu və həmin əməkdaşın nömrəsi təqdim olunmuş və bundan sonra o, həmin nömrə ilə əlaqə saxlayaraq polisə getmişdir. Polis tərəfindən ona yazılan cərimənin haqsız olduğunu və DYP əməkdaşı tərəfindən qeydə alınan videogörüntünü təqdim etmələrini istəmişdir. Təqdim etdikləri videogörüntü TŞK cihazından qeydə alınmış idi. TŞK-dan qeydə alınan cərimə EQ ilə elektron kabinetə yerləşdirilməli olduğunu bildirmişdir. Qanunvericiliyə görə bu 1 gün müddətində olmalıdır. Xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanan cərimə isə EQ kimi yazılmalı və elektron kabinetə yerləşdirilməlidir. Məhkəmədən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
4. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:41-də S.Vəzirov küçəsi ərazisində “Kia Forte” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin “1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə” X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə edilmişdir.
5. “AsanPay” protal çıxaırışından görünür ki, Elman Bayramov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə 100 manat inzbati cərimə olunmuşdur. Məhkəmənin əsaslandırması və mövqeyi
6. Məhkəmə, şikayəti və iş materiallarını, eləcə də məhkəmə iclasında toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən aparılmış araşdırma üzrə səhvə yol verilmiş və qanunvericliklə müəyyən edilmiş müddətlərə riayət edilmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dair qanunsuz qərar qəbul edilmişdir.
8. İlk növbədə qeyd edilməlidir ki, X2 barəsində səlahiyyətli orqan tərəfindən ziddiyyətli araşdırma aparılmışdır. Çünki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola istinad edilsə də, şəxsin kabinetinə yerləşdirilmiş məlumatda barəsində tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli protokolun tarixi xx.xx.2024-cü il olaraq göstərilmiş və həmin tarixdə elektron sistemə əlavə edilmişdir. Bundan başqa, X1 təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi bildirilsə də, qəbul edilmiş qərarda heç bir foto və ya video görüntülərə istinad edilməmiş, buna dair heç bir sübut qərara əlavə edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, əgər həmin inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmişsə, bu zaman şəxsin törətmiş olduğu inzibati xəta hadisəsi birbaşa YPX əməkdaşı tərəfindən aşkar edilərək yerində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bu hal sübut edir ki, ehtimal edilən inzibati xəta hadisəsi çox güman ki, xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilmişdir. Lakin belə olan halda səlahiyyətli orqanın qərar qəbul etdiyi zaman qanunvericiliyin tələblərinə riayət etməməsi müəyyən edilir.
9. Çünki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
11. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətalar hadisəsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə bu barədə elektron qərar qəbul edilir və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilir və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada elektron qərar şəxsə ünvanlanır.
12. Hazırda mübahisələndirilən qərar isə xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə baxmayaraq, vizual şəkildə aşkar edilmiş inzibati xəta hadisəsi kimi qiymətləndirilməklə icraat aparılmış və tərtib edilmiş inzibati xəta haqqında protokol, tənbeh vermə haqqında elektron deyil, YPX əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və tənbeh vermə haqqında qərar kimi qiymətləndirilərək şəxs qanunsuz yerə cərimələnmişdir. Halbuki, sözügedən araşdırma üzrə şəxs barəsində inzibati xətanın törədildiyi gündən bir gün müddətində elektron qərar qəbul edilərək qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməli idi. Hazırda mübahisələndirilən məsələ ilə bağlı səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsindən 20 gün keçdikdən sonra protokol, 1 ay keçdikdən sonra isə tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
13. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
19. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi).
20. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
25. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
24. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova