Məhkəmə qərarları › İş №3(001)-4702/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4702/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4702/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də dispeçer vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, 10 ildən çoxdur ki, "xxxx" MMCdə nizamlayıcı işləyir. Polis əməkdaşı Anar İmanov qanunsuz və əsassız olaraq onu polis bölməsinə aparmış və barəsində İXM-nin 454-cü maddəsi ilə protokol tərtib etmişdir. Belə ki, o, qanuni olaraq öz fəaliyyəti ilə məşğul olurdu. Çalışdığı şirkətə məxsus avtobusların Bakı Beynəlxalq Avtovağzalda hərəkət qrafikini nizamlayırdı. Polis Əməkdaşı Bakı Beynəlxalq Avtovağzalının hər hansı bir əməkdaşının sözü, tapşırığı ilə hərəkət edərək onu və növbə yoldaşını bölməyə aparmış və onlara cərimə yazmışdır. Onları ayrı-ayrılıqda qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə, yəni İXM-nin 454-cü maddəsi ilə 80 manat cərimə etmişdir. Onlar hər hansı qanunsuz küçə ticarəti ilə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsi ilə məşğul olmamışdırlar. Qanuni icazə əsasında Bakı Beynəlxalq Avtovağzal ilə "xxxx" MMC arasında əldə olunmuş razılaşmaya əsasən Bakı Beynəlxalq Avtovağzalında "xxxx" MMC məxsus avtobusların hərəkət qrafikinə nəzarət etmişlər. Onlar "xxxx" MMC-də əmək müqaviləsi əsasında rəsmi işləyirlər. Polis əməkdaşı Anar İmanov tərəfindən tərtib edilmiş EXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokolda inzibati xətanın nə vaxt törədilməsi və bu xətanın mahiyyəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı öz əksini tapmamışdır. Belə ki polis əməkdaşı Anar İmanov onların hansı qanunsuz küçə ticarəti ilə məşğul olmağını qeyd etməmişdir. Çünki onlar hər hansı qanunsuz fəaliyyətlə məşğul olmamış, həmçinin onlar həmin protokolu imzalamamışlar. İmzalamama səbəbi belə protokolda qeyd edilməmişdir. Polis əməkdaşı Anar İmanov özü də bilir ki, qanunsuz protokol tərtib edib ona görə protokola qeyd etməyə məlumat tapa bilməmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 izahatında bildirmişdir ki, barəsində tərtib olunmuş protokol və həmin protokol əsasında qəbul edilmiş qərar qanunsuzdur. Hər hansı bir sübut mövcud deyildir. Çünki, o hər hansı bir qanunsuz fəaliyyətlə məşğul olmamışdır. O, "xxxx" MMC-də əmək müqaviləsi əsasında çalışır. Əmək fəaliyyəti avtobusların çıxış vaxtlarına nəzarət etməkdən ibarətdir. Hadisə belə baş vermişdir ki, Bakı Beynəlxalq Avtovağzalı ərazisində öz vəzifəsini həyata keçirən zaman bir nəfər şəxs ona yaxınlaşmış, nə işlə məşğul olmasını soruşmuş, daha sonra polisə zəng getmişdir. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlarla birlikdə polis bölməsinə getmişdir. Həmin zaman DİN 102 xidmətinə müraciət etmiş, həmçinin Polis Bölməsində şikayət ərizəsi də yazmışdır. Lakin həmin şikayətləri barədə ona hər hansı bir məlumat verilməmişdir. O nə avtobuslara adam çağırmamış, nə də hər hansı bir məhsulun ya xidmətin satışı ilə məşğul olmamışdır. "xxxx" MMC-də dispeçr vəzifəsində çalışması barədə arayışı da məhkəməyə təqdim edir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə post-patrul xidməti bölüyünün əməkdaşları tərəfindən X4 polis bölməsinə gətirilmişdir. Belə ki, X4 qanunsuz fəaliyyətlə məşğul olaraq avtobuslara sərnişin çağırmışdır. Şəxs ondan ötrü polis bölməsinə təmin edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, X4 da daxil olmaqla 5 nəfər barəsində raport təqdim edilmiş, həmin raporta əsasən də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və raport təqdim edən polis əməkdaşlarının izahatı alınmamış, iş üzrə əlavə sübut toplanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək, 80 manat inzibati cərimə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 2012-ci il tarixdən "xxxx" MMC-də çalışır. Hal-hazırda o dispeçer vəzifəsində çalışmaqdadır. “AzeMis” elektron informasiya sistemindən çıxarışdan görünür ki, X4 "xxxx" MMCdə nəzarətçi vəzifəsində çalışır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarla X2 İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 80 manat məbləğində inzibat cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, ümumiyyətlə küçə ticarəti ilə məşğul olmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarda işə baxılması zamanı müəyyən edilmiş hallar göstərilməmişdir. Halbu ki, İXM-nin 115.1.4-cü maddəsində qərarda imperativ qaydada işə baxılarkən müəyyən edilmiş halların göstərilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar raportu təqdim etmiş əməkdaşların, barəsində inziabti tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin izahatı alınmadan, iş üzrə digər sübutların, yəni hadisəni görmüş şahidlərin, hadisənin əks etdirilməsini təsdiq edən video görüntülərin olub-olmaması araşdırılmadan, iş üzrə kifayət qədər sübütlar toplanılmadan və bütün sübutlara qiymət verilmədən, sadəcə təqdim edilmiş raporta əsasən qəbul edilmişdir. X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar