Məhkəmə qərarları › İş №3(001)-4705/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4705/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4705/2025 14.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:15 radələrində “Changan Qiyuan A06” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində idarə edərkən Bakı şəhəri Binəqədi rayon DYPİ-nin YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbi olaraq ona avtomobildə olan sport yayların (purjin) qanunsuz olması bildirilmişdir. O, YPX əməkdaşına avtomobildə olan sport yayların “Akay Avto” firmasına aid sertifikatın mövcud olmasını və bu səbəbdən də avtomobilə qurlaşdırlmış, yəni qanunvericiliyə tam uyğun olaraq avtomobilin kütləsinin oxlar üzrə bərabər paylanılmasını, heç bir qanun pozuntusuna yol vermədiyini bildirmişdir. Buna baxmayaraq, YPX əməkdaşı avtomobilə vizual olaraq baxış keçirdikdən sonra idarə etdiyi avtomobili müvəqqəti olaraq duracağa yerləşdirmiş, ona yaylar çıxarılmayanadək maşının duracaqdan çıxarılmayacağı bildirildiyindən usta ilə danışaraq ona da 200 manat zəhmət haqqı vermiş və sport yayları maşından sökdürmüşdür. Bundan sonra növbəti gün istifadəsində olan mobil telefon nömrəsinə sms gəlmiş, SMS-də barəsində İXM-in 342.2.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, avtomobilə xüsusi texniki biliyə və ixtisasa malik olan şəxs tərəfindən baxış keçirilmədən qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, o, “Changan Qiyuan A06” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 iyun 2025-ci il tarixdə alğı-satqı yolu ilə alarkən sport yaylar avtomobilin üzərində olmuş, qeyd olunan tarixdə, yəni 01 iyun 2025-ci ildə avtomobili **-EQ-*** dövlət qeydiyyat nişan nömrəsi ilə adına qeydə aldıraraq həmin an avtomobili texniki baxışdan keçirmişdir. Əgər sport yaylar standartlara uyğun deyildirsə, texniki baxışdan keçməz və istismara yararlı rəyi verilməzdir. Beləliklə, idarə etdiyi “Changarı Qiyuan A06” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə qanunvericiliyə uyğun olaraq tərəfindən texniki baxışının keçirilmiş, baxış zamanı hər hansı bir konstruksiya dəyişikliyi, sport yayların qanunsuz olması və.s barədə iradlar bildirilməmiş və avtomobilin nasaz olması barədə bildiriş verilməmişdir. Proses iştirakçısının izahatı:

3. Məhkəmə iclasında X3 şikayətini müdafiə edib, onun məzmununa uyğun çıxış edərək onu da əlavə etmişdir ki, bu yaxınlarda onu yenə polis əməkdaşları eyni əsasla saxlasa da “Akay Avto” firmasına aid sertifikatı təqdim etdikdən sonra onu buraxmışlar və barəsində hər hansı bir protokol tərtib etməmişlər. Qeyd edilən hal onun tərəfindən maşınına quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə də lentə alınmışdır. Beləliklə, məhkəmədən inzibati tənbeh edilməsinə dair barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:26-da Binəqədi rayonu ərazisində “Changarı Qiyuan A06” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması, nəqliyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir.

6. BB586039 seriya nömrəli Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Changan Qiyuan A06” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2024-cü il tarixdə BB586039 seriya nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi verilmişdir.

7. “Akay Avto” firmasına aid sertifikatdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Changan Qiyuan A06” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa amortizatorları və yayları sport yay ilə əvəzlənmişdir.

8. BA488111 seriya nömrəli Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, “Changarı Qiyuan A06” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2025-ci il tarixdə BA488111 seriya nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi verilmişdir.

9. “Akay Avto” firmasına aid sertifikatdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Changarı Qiyuan A06” markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön və arxa amortizatorları və yayları sport yay ilə əvəzlənmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

10. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

11. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, X2 məxsus “Changan Qiyuan A06” markalı avtomobil əvvəl, yəni xx.xx.2024-cü il tarixdə **- OO-*** dövlət qeydiyyat nişanı altında başqa şəxsin adına qeydiyyata alınmış və xx.xx.2025-ci il tarixdə həmin avtomobilin ön və arxa amortizatorları və yayları sport yay ilə əvəzlənmişdir. Daha sonra “Changarı Qiyuan A06” markalı X1 adına xx.xx.2025-ci il tarixdə **-EQ-*** dövlət qeydiyyat nişanı altında qeydiyyata alınmış və BA488111 seriya nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi verilmişdir. Həmin zaman da, qeyd olunan avtomobil üzrərində xx.xx.2025-ci il tarixdə əvəz edilmiş ön və arxa sport yayları olmuşdur. Bundan başqa, X3 xx.xx.2025-ci il tarixdə özünəməxsus **-EQ-*** dövlət qeydiyyat nişanı ilə də sport yayları normativlərə uyğun əvəzləməsi ilə bağlı “Akay Avto” firmasında sertifikat əldə etmişdir.

12. Göründüyü kimi, X2 xx.xx.2025-ci il tarixdə “Changarı Qiyuan A06” markalı, **- EQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin şəhadətnaməsi verilmiş və avtomobil texniki baxış zamanı xx.xx.2025-ci il tarixdə əvəz edilmiş sport yayalarla təchiz edilmişdir. Başqa sözlə desək, şəhadətnamə verilməsi üçün texniki baxış aparılan zaman səlahiyyətli orqan tərəfindən “Changarı Qiyuan A06” markalı avtomobildə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi qaydalarının pozulması aşkar edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən isə həmin xüsustalar üzrə müvafiq araşdırma aparılmadan səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilmişdir.

13. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə müəyyən edilmişdir.

14. Həmçinin, Yol Hərəkəti haqqında Qanunun 30-cu maddəsinin İİ bəndinin 3-cü hissəsinə səasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər.

15. Qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi inzibati xəta hesab olunmaqla məsuliyətə səbəb olur. Normativ tələblər pozulmaqla, avadanlıq quraşdırılmış və ya dəyişdirilmiş nəqliyyat vasitələrinin isə istismarına yol verilməməklə, həmin nəqliyyat vastələri texniki baxışdan keçirilmir. Belə olan halda aydın olur ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması mümkün hesab edilə bilməz.

16. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

17. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

22. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

24. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

25. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi AZ-1116 Bakı şəhəri, 7-ci mkr., Abay Kunanbayev küçəsi 4E, telefon (faks): ***-***-**-**, poçt ünvanı: mailto:contact@binagadicourt.gov.azElektron ünvan

İş № 3(001)-4705/2025 14 iyul 2025-ci il

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X5

X2 Ünvan: ünvan 1

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 3(001)- 4705/2025 nömrəli qərarı məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti mətn üzrə.

hörmətlə,

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar