Məhkəmə qərarları › İş №3(001)-4714/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4714/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4714/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Tər-Tər rayonu, Hüsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tər-Tər rayonu, Hüsənli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, təzə məhəllədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, 02 avqust 2024-cü il tarixdə Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları 4-cü Polis Bölməsinə raportal müraciət edərək Şəxs barəsində polisin qanuni tələblərinə tabesizlik göstərməsi ilə bağlı tədbir görülməsini xahiş etmişlər. Bununla bağlı müəyyən edilmişdir ki, Əhmədov X2 RPİ-nin DYPŞ-nin əməkdaşlarının nəqliyyat vaitəsinin duracağa yerləşdirməsi və nəqliyyat vasitəsinin açarını təqdim etməsi barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs post patrul xidmətinin əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 4-cü polis bölməsinə gətirlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, böyük oğlu xəstə olduğu üçün təcili yardım çağırmış, lakin gecə saat 3 radələrində özü oğlunu xəstəxanaya aparmalı olmuşdur. Müayinədən qayıdarkən YPX-nin əməkdaşları tərəfindən ona saxlam əmri verildikdən sonra o, idarə etdiyi nəqliyyat vasitəsini saxlamışdır. YPX-nin əməkdaşı yaxınlaşaraq ona 2000 manat cəriməsinin olmasını və buna görə də maşının duracağa ağarılacağını bildirmişdir. O, da cəriməsinin olmadığını qeyd edərək etiraz etmiş, polis əməkdaşı ona kobud formada “səni büküb cibimə qoyaram” bildirmiş, daha sonra övladına da bu formada sözlər demişdir. Daha sonra onun yanındakı polis əməkdaşı ona yaxınlaşaraq mülayim danışmış və hər şeyin yoluna qoyulacağını bildirmişdir. Bundan sonra PPX-nin əməkdaşları ora çağırılmış, həmin post patrul xidməti əməkdaşları yanında da onunla nalayiq danışmışlar. Buna görə maşının açarlarını polis əməkdaşlarına verməmişdir. Əməlindən peşman olduğunu, xəstəsi olduğunu, polis əməkdaşlarından üzr istədiyini, 50 yaşı olduğunu qeyd edərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur tərəfdə xidmətdə olarkən DYPŞ-nin yaxınlığında Hyundai i30 markalı və Kia Cerato minik markalı nəqliyyat vasitələri sürət yarışı keçirdiyi üçün onların arxasınca getmişlər, həmin an Hyundai markalı nəqliyyat vasitəsi dönüb getdiyi üçün yanındakı ekipaj üzvü düşüb onu izləmiş, o isə, Kia markalı nəqliyyat vasitəsini izləmiş, həmin sürücüsü isə düz hərəkət etmiş və onu saxlamışdır. Sürücüyə yaxınlaşıb bunun səbəbini soruşduqda, sürücü ona maşında xəstəsinin olduğunu qeyd etmişdir. Daha sonra maşının arxa işıqları da yanmadığı üçün nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi sürcüyə bildirilsə də o, açarı təqdim etməkdən imtina edərək maşının qapılarını bağlayıb səs-küy salmış və tabesizlik göstərmişdir. Bundan sonra hadisə yerinə post patrul xidməti dəvət olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü ilə ötmə yarışı etdiyi üçün buna görə İXM-də 2000 manat cərimə nəzərdə tutulduğunu sürücüyə izah etmişdir. Digər Hyundai markalı nəqliyyat vasitəsinin sürücüsü isə etdiyi əməlindən peşman olduğunu qeyd edib, izahat yazıb çıxıb getmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saat 02:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur tərəfdə xidmətdə olarkən DYPŞ-nin yaxınlığında Hyundai i30 markalı və Kia Cerato minik markalı nəqliyyat vasitələri sürət yarışı keçirdiyi üçün onların arxasınca getmişlər, digər ekipaj yoldaşı Kia Cerato markalı nəqliyyat vasitəsinin arxasınca getmiş, o isə yolda düşüb digər maşını izləmişdir. Daha sonra digər yoldaşın yanına yaxınlaşmış və sürücünün qanuni tələblərə tabe olmadığını, idarə etdiyi nəqliyyat vasitəsinin açarlarını təqdim etməkdən imtina etdiyini və səs-küy saldığını görmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafını və şahidlərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 000074 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:55-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş raportdan görünür ki, Kia markalı və Hyundai markalı nəqliyyat vasitələri saxlanılmış, Kia markalı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tabesizlik göstərmiş, nəqliyyat vasitəsinin xarici işıq cihazı işləmədiyi üçün maşını duracağa yerləşdirməli olduğu ona bildirilməsinə baxmayaraq açarı təqdim etməyərək nalayiq sözlər işlətməklə səs-küy salmış və buna görə də hadisə yerinə PPX əməkdaşları dəvət edilmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və şahid ifadələri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsi, polis əməkdaşlarında üzr istəməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldanda görünür ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 02:55-də inzibati qaydada tutulmuşdur. Şəxs məhkəmə iclas zalına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir.Qeyd edilənlərdən də aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tulmuş məhkəmə baxışına qədər də azad edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar