Məhkəmə qərarları › İş №3(001)-4719/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4719/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4719/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4 və tərcüməçi X1 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi döngə 3, ev 4 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 06 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(101)-1003/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 10000 (on min) manat alınaraq zərərçəkmiş şəxs X5 ödənilməlidir. Şəxs bu iş üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bu günədək cəmi 900 manat ödəniş edilmişdir. 2 il əvvəl aralarında razılaşma olmuş, lakin sonradan tələbkar icra sənədinin icrasını tələb etmişdir. Şəxs barəsində bütün icra tədbirləri görülmüş, lakin icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Həmin icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanmışdır. Odur ki, Şəxs barəsində 06 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bu iş üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2018-ci ildə cəzadan azad edilmişdir. Hal-hazırda heç bir yerdə işləmir, evdə xəstə anasına və skolioz xəstəliyindən əziyyət çəkən qızına baxır. Aylıq qazancı çox aşağıdır, həmin pulu yalnız ayda 20 manat olmaqla ödəyə bilər. Valideynlərinin xəstəliyi ilə əlaqədar həmin pulu ödəyə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, icra sənədinin icrasını və ona olun borcun ödənilməsini tələb edir. Qızının cehizlərini Şəxs atasının evinə qoymuş, lakin o, həmin əşyaları götürüb satmış, buna görə də cinayət məsuliyyətinə cəlb edilmişdir. İşə məhkəmədə baxılan zaman mülki iddiası təmin edilmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin icra vərəqsindən 6 ildən çox müddət keçsə də həmin məhkəmə tərəfindən təmin edilmiş məbləğdən cəmi 900 manat ödəniş edilmişdir. Şəxs bundan iki il əvvəl həmin vəsaiti ödəyəcəyini bildirdiyi üçün onunla razılaşmış, lakin iki il müddət keçsə də həmin məbləğdən çox cuzi hissəsini ödəmişdir. Hal-hazırda Şəxs şikayətçidir, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(101)-1003/2017 saylı icra vərəqəsindən görünür ki, Şəxs 10000 (on min) manat alınaraq zərərçəkmiş şəxs X5 ödənilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-65/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 07 il 05 ay 28 gün, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 177.2.4-cü maddələrinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şəxs cəzadan şərti olaraq 04 (dörd) ay 26 (iyirmi altı) gün vaxtından əvvəl azad edilmişdir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(101)-1003/2017 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. xx.xx.2024-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(101)- 1003/2017 saylı icra sənədi üzrə X5 10000 manat vəsait ödəməlidir. Bu fakt həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, həmçinin də iş materialları ilə öz təsdiqi tapır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında bildirmişdir ki, yaşlı xəstə anasına və skalioz xəstəliyindən əziyyət çəkən qızı onun himayəsində olduğu üçün onlara baxır. Halbuki, himayəsindəki şəxslərə baxması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanuni qüvvəyə minmiş hökm əsasında verilmiş icra vərəqəsi üzrə icra sənədini icra etməməyə əsas verməməklə yanaşı qeyd edilən səbəbdən borcunu ödəməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Odur ki, Şəxs heç bir üzrlü səbəblər olmadan Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 1(101)-1003/2017 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar