Məhkəmə qərarları › İş №3(001)-4729/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4729/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4729/2020 28.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə,, xx.xx.1982-ci il tarixdə Özbəkistan Respublikasının Qaşqadərya vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi RPİnin 5-ci PB tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 18:40-da Binəqədi RPİ-nin inzibati binasında xidmət aparan polis əməkdaşlarına iki nəfər şəxs yaxınlaşaraq Elmir adlı şəxsin orada olub-olmadığını soruşmuşdur. Polis əməkdaşları həmin şəxslərdən birinin, sonradan adı məlum olan Şəxs qoruyucu maskadan istifadə etmədiyini görüb ona özlərini təqdim edərək, ara məsafəsi saxlamasını, qoruyucu maskadan istifadə etməsini demişdir. Lakin Şəxs polis əməkdaşların qanuni tələblərinə məhəl qoymayaraq Binəqədi RPİ-nin qarşısında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sonra Şəxs polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs olması müəyyən edilərək sonuncunun izahatı alındıqdan sonra tərəfindən İXM-in 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qonşusu Elmiri axtarmaq məqsədi ilə Binəqədi RPİ-yə getmiş və həmin vaxt Elmirin anası da onun yanında olmuşdur. Elmirin anası RPİ-nin həyətində polis əməkdaşı ilə söhbət edən zaman o, qapının ağzında dayanıb tibbi qoruyucu maskanı çənəsinin alt hissəsinə endirərək siqaret çəkmişdir. Bu zaman mülki geyimdə olan bir nəfər ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra nə üçün tibbi qoruyucu maskadan istifadə etmədiyini soruşmuş, o isə siqaret çəkdiyi üçün tibbi qoruyucu maskanı çənəsinə endirdiyini bildirmişdir. Sonra yaxınlıqda olan polis əməkdaşı mübahisə etdiyini zənn edərək onu Binəqədi RPİ-nin 5-ci PB-nə gətirmişdir. Bölmədə barəsində İXM-in 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Binəqədi RPİ-nin post patrul xidməti bölüyünün əməkdaşı, polis serjantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 18:40-da Binəqədi RPİ-nin inzibati binasının girişində olan postda xidmət aparan zaman iki nəfər şəxs ona yaxınlaşaraq Elmir adlı şəxsin orada olub-olmadığını soruşmuşdur. O və həmin zaman yanında olan iş yoldaşı həmin şəxslərdən birinin, sonradan adı ona məlum olan Şəxs qoruyucu maskadan istifadə etmədiyini görüb ona özlərini təqdim etmiş, ara məsafəsi saxlamasını, qoruyucu maskadan istifadə etməsini bildirmişlər. Lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq Binəqədi RPİ-nin qarşısında səs-küy salaraq iş fəaliyyətini pozmağa davam etmişdir. Sonra Həsənov X1 RPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs olması müəyyən edilərək barəsində İXM-in 211.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, AZA 009192 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:40-da S.S.Axundov küçəsi RPİ-nin qarşısında polisin qanuni tələblərinə tabe olmamış və sosial məsafə saxlamamışdır. Nəticədə Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə onun əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edilsə də, Şəxs İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs əməlinə düzgün hüquqi qiymət verilmədən onun sosial məsafə saxlamaması səbəbi ilə əməlində İXM-in 211.1-ci maddəsinin olması qənaətinə gəlinərək barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki, İXM-in 211.1-ci maddəsinə əsasən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb olunur. Digər tərəfdən qeyd edilməlidir ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Yuuxarıda qeyd olunanlardan göründüyü kimi, sosial məsafənin saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələb hesab olunur və həmin tələbin pozulmasına görə məsuliyyət İXM-in 211.1-ci maddəsi ilə tənzimlənmir. Həmin hallar bir daha sübut edir ki, Şəxs əməlində İXM-in 211.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Digər tərəfdən məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, Şəxs xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 211.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində başlanmış inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməsi və onun həmin Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapdığından həmin maddə ilə inzibati tənbeh olunması qənaətinə gəlmişdir. Beləliklə, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsasən, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını, eləcədə onun məsuliyyətini yügülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-in 211.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində başlanmış inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilməli və o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 53, 61, 73, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində başlanmış inzibati xəta haqqında işin icraatına həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar