Məhkəmə qərarları › İş №3(001)-4732/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-4732/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-4732/2024 09.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, həkim-stomotoloq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli, 2(002)-3928/2023 nömrəli icra sənədi üzrə borcu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli, 2(002)-3928/2023 nömrəli icra sənədinə əsasən Şəxs 7000 manat pulun tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə Şəxs tərəfindən hazırda baxılan iş üzrə inzibati xəta haqqında protokol tərtib edilənədək tələb icra edilməmişdir. Lakin hazırda icra sənədi üzrə müəyyən edilmiş məbləğ tam şəkildə icra edilmiş və Şəxs heç bir borcu qalmamışdır. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində olan icra işi üzrə imkanı daxilində icra sənədini icra etməyə çalışmışdır. Hazırda icra sənədi üzrə qalıq qalan 6000 manat pulu tam şəkildə ödəmiş və sözügedən icra sənədi üzrə borcu qalmamışdır. X1 ona qarşı heç bir şikayəti tələbi yoxdur. Ona görə də, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 icra sənədi üzrə qalıq qalan 6000 manat borcun tamamilə ödənildiyini, Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar olmasa da, məhkəmədə sonuncunun inzibati məsuliyyətdən azad edilməsi üçün əsasların mövcud olması müəyyən edilmişdir. yoxdur. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Həmçinin, İXM-in 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmiş, lakin Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli, 2(002)-3928/2023 nömrəli icra sənədini barəsində olan inzibati xəta haqqında iş üzrə məhkəmənin qərarı elan edilənədək tam şəkildə icra etmişdir. Ona görə də, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan icra sənədi üzrə olan tələbi inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək tam şəkildə icra etdiyindən İXM-in 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində olan icra sənədi üzrə olan tələbi tam şəkildə icra etdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar